Afət necə yatıb, necə oyandığını heç başa düşmədi. Əvvəllər səhərlər yuxudan güclə qalxan Afət bu gün tezdən də tez qalxmış, səhər yeməyini hazırlamışdı. Bəli, indi evin bütün məsuliyyəti 15 yaşlı bu balaca qızcığazın üzərində idi. Birdən o, pəncərədən həyətdə gəzinməkdə olan atasına səsləndi:

– Ata, gəl. Yemək hazırdır.

Nə səhərin sərinliyini, nə də ki təmiz və xoş havasını duymayan Əmrah həyətdə rotasız bir gəmi tək gəzinməkdə idi. O, dünənki ayrılığı həzm edə bilmirdi. Ancaq Afətə bu mənfi emosiyaları yansıtmamağa çalışırdı. Qızının onu səhər yeməyinə səsləməsinə də gücdə olsa gülümsəyərək və xoş tonlu bir səslə:

– Gəlirəm, ağıllı balam, – dedi.

Az keçmiş əl-üzünü yuyub yavaş addımlarla mətbəxə keçdi. Önünə gələn çayın və yenicə kərə yağı ilə bişmiş omletin xoş ətirini içinə çəkən Əmrah iştahla yeməyə başladı. Afət əlini atasının çiyninə qoyaraq:

– Ata, sənə bir sürprizim var, – dedi.

Əmrah yeməyini udduqdan sonra gülümsəyərək soruşdu:

– Səhər-səhər nə sürprizdir belə, nazlı bəbə?

– İndi olmaz, ata. Qonaq otağına keçək sonra.

– Yaxşı, qızım. Salfeti ver.

Salfetlə əllərini silən Əmrah qonaq otağına keçdi. Afət də mətbəxi yığışdırdıqdan sonra atasının yanına gəldi. Bu gün həftənin şənbə günü idi, buna görə də Afət dərsə getməyəcəkdi.

– Qızım, bəlkə sürprizini açıqlayasan? – dedi Əmrah.

Əmrah qızının yavaşca yanına yaxınlaşdığını hiss etdi.

– Buyur, ata, – deyib Afət əlində olan əşyanı atasına uzatdı.

Atası uzatdığı əşyanın yerini təyin etsin deyə cırtma çalmağa başladı. Doğrudan da Əmrah əlini dəqiqliklə çırtma səsi gələn tərəfə uzadıb Afətin əlinə verdiyi əşyanı toxunaraq tanımağa başladı. Az keçmiş o, formasından anlayıb başa düşdü ki, bu sensorlu mobil telefondur. O saatda təəccüblə:

– Afət, bu ki sensorlu telefondur!

– Bəli, atacan, bu sensorlu mobil telefondur, – Afət gülümsəyərək cavab verdi. – Bu telefonu dünən mənə Aynur bibim hədiyyə etmişdi, bilirsən. Birlikdə yazdığımız inşada sənin əməyin də olduğu üçün hədiyyələrimi səninlə bölüşmək istədim. Noutbuku özümə götürdüm ki, bəzi dərslərimin araşdırmalarını və tapşırıqlarını onda edim. Telefonu isə səsli asistanla işlədiyi üçün onu sənə verdim. Mobil nömrəni də artıq telefonuna yerləşdirmişəm.

– Çox sağ ol, qızım, – Əmrah qızının boynunu qucaqladı. Sonra tərəddüdlə soruşdu: – Ancaq bunu necə işlədəcəyəm? Axı mən həmişə düyməli telefon işlətmişəm.

– Ata, sənə kömək edəcəyəm. Narahat olma. Səsli proqramla bunu idarə etmək çox asandır, – dedi Afət.

Afət mobil telefonu açıb onun idarəsini səsli olaraq necə ediləcəyini izah etməyə başladı.

Bahar yarıyuxulu bir şəkildə yerindən qalxdı və üzərini geyindi. Yola çıxmaq üçün hazırlaşmağa başladı. Dilbər də oyanmış, mətbəxdə səhər yeməyini hazırlayırdı:

– Sabahın xeyir, Bahar. Gözlərinin altı şişib, deyəsən yaxşı yata bilməmisən? Gəl, yola çıxmadan əvvəl bir şeylər ye. Yemək hazırdır.

– Sabahın xeyir. Hə, yuxumu ala bilməmişəm. Gecə neçədə yuxuya getdim, bilmirəm. Çox sağ ol.

– Yeməyi yeyək, tez çıxaq. Taksi bir azdan yola düşəcək.

Bu vaxt səhər yeməyinə Sahib də qoşuldu. O, taksiyə qədər maşını ilə Baharı aparacağını dedi. Hələ gecə ikən Sahib Bakıya gedən taksidə Bahar üçün yer ayırtmışdı. Yeməyi yeyən Sahib Baharın çamadanını maşına apardı.

– Hər şeyə görə çox sağ ol, Dilbər bacı, – deyə Bahar minnətdarlıqla Dilbəri qucaqladı. – Nə yaxşı ki, varsan. Sağ olsun Sahib qardaş da mənə çox köməyi dəydi. Mənə kirayə ev tapdı.

– Mən də sağ ol deyirəm, Bahar. Amma kaş ki belə olmasaydı... Gül kimi yuvanı dağıtmasaydın, – Dilbər məyyus halda dedi.

– Nə edək, olan olub artıq. Təkrar çox sağ ol.

Bahar Dilbərlə vidalaşıb Sahibin maşını ilə qəsəbədən Bakıya gedən taksinin durduğu yerə gəldilər. Sahib Bahara taksiyə keçməyə kömək etdikdən sonra onunla vidalaşıb öz işinə getdi.

Taksi Bahardan başqa digər üç müştərisini də götürüb Bakıya doğru hərəkət etdi. Bahar arxa tərəfdə oturmuşdu. Bir anlıq arxaya çevrilib uzaqlaşan Qala qəsəbəsinə baxan Bahar üzündə sevinc dolu bir ifadə ilə fikirləşdi:

– Əlvida, cəhənnəmə bənzəyən köhnə həyat. Xoş gəldin, yeni həyat

Əmrah ilə Afət yeməklərini yeyib qonaq otağında başları yeni mobil telefona qarışmış halda oturmuşdular. Afət atasına mobil telefonu səsli asistanla necə istifadə edə biləcəyini öyrədirdi. Afətin özü isə bunu internetdəki videolardan öyrənirdi.

Qapı döyülməsi səsi hər ikisini elə bil oyatdı. Əlindəki telefonu atasına verən Afət cəld gedib qapını açdı. Gələn dayısı Aydın idi.

– Aydın dayı, xoş gəlmisən! – Afət sevincək dedi.

– Xoş gördük, balam, – Aydın qızın əlini sıxdı. – Necəsən? Evdə kimlər var?

– Gəl, dayı, gəl içəri. Evdə atamla mənəm.

– Bahar işdədi?

Afət bir az duruxdu. Sonra özünü toparlayaraq dayısını qonaq otağına dəvət etdi.

– Salam, Əmrah. Necəsən, yeznə? Durma, mən gəlirəm ora, – dedi Aydın.

Əmrah qonağını ayaqda qarşıladı. Aydın onun əlini sıxaraq divanda oturdu.

– Necəsən, Aydın? Nə var, nə yox?

– Sağ ol, yeznə. Sən necəsən? Bizdə hər şey yaxşıdır. Mövsümi işə çıxmazdan əvvəl istədim ki, sizə baş çəkim. Birigünə yola çıxasıyıq.

– Mövsümi işə sizdən kimlər gedir?

– Əvvəlcə hamımız getmək istədik, sonra qərar dəyişdi. İndi mən, atam və qardaşlarım gedirik. Qalanlar evdə qalacaqlar.

– Allah xeyirlisindən etsin. Qazancınız bol olsun, – Əmrah ürəkdən dedi. – Hə, bəs Bahar hardadır? Səhv etmirəmsə bu gün şənbədir, işdə də olmaz.

Əmrah bir xeyli dayandı. Sonra ağır bir səslə:

– Bahar getdi... Bizi tərk etdi.

– Necə yəni getdi? Hara getdi? Tərk etmək nə deməkdir? – Aydın çaşqınlıqla soruşdu. – Yəqin ki, zarafat edirsən, yeznə...

– Yox, dayı. Zarafat deyil. Atam düz deyir. Ana bizi tərk etdi, – Afət kədər dolu bir səslə atasının yerinə cavab verdi.

Ortalığa ağır bir sükut çökdü. Aydın gah Afətə, gah da Əmrahın üzünə baxırdı. Onların ciddi olduğunu anlayanda sakitliyi özü pozdu:

– Afət, qızım, bizə çay gətir.

Afət atasının istəyi ilə mətbəxə keçdi.

(Aynurla İlhamın balkondakı dialoqu)

– Aynur, sənə nə olub? Niyə ağlayırsan? – İlham soruşdu.

– Yox, ağlamıram, – deyə Aynur üzünü yana çevirdi.

– Yox, ağlayırsan. Görürəm axı. Xahiş edirəm, de görüm nə olub?

– Əmraha görə çox üzülürəm, – Aynur ağlaya-ağlaya danışmağa başladı. – Yazıq, bəxtsiz qardaşım. Vəziyyətinə görə körpə ikən valideynləri, indi də 15 illik arvadı, uşağının anası tərəfindən tərk edildi. O, indi üzdə özünü güclü göstərməyə çalışır, amma içində kim bilir nə fırtınalar qopur. Düşünürəm ki, əgər görmə məhdudiyyətli olmasaydı, bütün bunlar onun başına gəlməzdi...

– Qulaq as, Aynur, – İlham asta səslə danışmağa başladı. – Birincisi, Əmrah nə yazıqdır, nə də bəxtsiz. Çünki onu doğma qardaşı kimi sevib ürəkdən yanan Həcər var, sənin kimi bacısı var, bir də onu hər şeydən çox sevən Afət kimi qızı var.

– Hə... – Aynur ərinin sözlərini təsdiqlədi.

– Əmrahın görmə məhdudiyyətinə gəlincə, Allah Qurani-Kərimin “Bəqərə” surəsinin 216-cı ayəsində buyurub: “Bəzən xoşunuza gəlməyən bir şey sizin üçün xeyir, bəzən də xoşunuza gələn bir şey sizin üçün şərdir”. Hətta Peyğəmbərimizin də bu haqda hədisi var. Bəlkə də bu gün səni kədərləndirən vəziyyət Əmrahı neçə günahlardan, fəlakətlərdən qoruyub. Bahara gəlincə, o, hələ həyatı dərk eləmir. Əgər dərk etsəydi, bu dünyanın qonaq yeri olduğunu, ömrün gəlib-keçici olduğunu və ən böyük xoşbəxtliyin gözəl bir ailəyə sahib olmaq olduğunu anlayardı. Bir də... gərək Əmrahı özü kimi görmə məhdudiyyətli biri ilə evləndirərdiniz. Çünki insanın halını ancaq özü kimi olan anlayar.

– Düz deyirsən, – deyə Aynur başını təəssüflə tərpətdi.

(Aydınla Əmrah söhbəti)

– Bəs indi o hardadır? – Aydın soruşdu.

– Bilmirəm, – Əmrah cavab verdi.

Bu arada Afət şirniyyatla çay gətirdi. Aydın çayını içib Əmrah və Afətlə sağollaşıb evlərinə getdi.

(Bahar Bakıya gəldikdə)

– Xanım, dediyiniz yerə çatmışıq. Bura “Kamsamolski kruqudur”, – taksist dedi.

– Zəhmət olmasa, baqajdakı çamadanımı da verərdiniz, – Bahar xahiş etdi.

Taksist çamadanı verdi. Bahar yol pulunu uzadıb təşəkkür etdi. Sonra telefonunu çıxarıb Sahibin verdiyi maklerin nömrəsinə zəng etdi:

– Alo! Salam. Makler Adəmə zəng vurmuşdum.

– Buyurun, mənəm.

– Mənə bu nömrəni Sahib vermişdi.

– Siz Bahar xanımsınız? Gəlib çatmısınız?

– Bəli. “Kamsamolski kruqu”ndayam.

– Elə isə on dəqiqəyə gəlirəm, – Adəm dedi.

On dəqiqə sonra Baharın telefonuna zəng gəldi:

– Bahar xanım, gəlmişəm. Qara “Opel”dəyəm.

– Gördüm sizi. Qara maşındır.

Bahar çamadanını çəkib maşına yaxınlaşdı:

– Salam, Adəm bəy.

– Salam. Xoş gördük. Buyurun, əyləşin. Çamadanınızı baqaja mən qoyaram, – deyib çamadanı götürdü.

Bahar maşına oturdu. Adəm sükan arxasında dedi:

– Dünən Sahib mənə zəng edib bir tanıdığının kirayə ev axtardığını dedi. Mənim də əlimdə sizə münasib bir bina evi var. Qiymətdə də razılaşarıq.

– Həyət evidir?

– Yox. “Zdaniya” və ya “novostroyka” evləri bir az bahadır. Ona görə bu evi münasib gördüm. Yaxşı yerdədir, tam əşyalıdır, kombisi var, interneti də.

Bahar maklerin dediyi sözləri tam anlamasa da başı ilə razılıq bildirdi.

Əsgərin evində sabahkı günün yol tədarükü görülürdü. Bu vaxt Aydın fikirli bir halda evlərinə gəldi.

– Aydın, harda idin, oğlum? Gec gəldin. Nə olub? Niyə belə fikirlisən? – Əsgər maraqla soruşdu.