Dörd uşağı yedizdirən, içizdirən, bəxti qara, bədbəxt qadın!
Yolun hara?
Cəhənnəmin yollarına.
Ərin hanı?
Zibilliyin kənarında bir yer tapıb, yatır orda.
Onun gözəl həyatı var.
Bir içkisi, bir yuvası,
Sənə qalıb dərd havası.
Nə yeyirsən, nə içirsən – bilinməyir,
Nəmli gözün bir an belə silinməyir.
Söylə görüm, bu əzablı, dərdli həyat sənə xoşmu?
Nə üçün sən gecələrin zülmətində gözlərini səmalara kilidləyib, dayanırsan?
Ayrıl sənə əzab verən bu həyatdan!
Axı sənin bir zamanlar öz həyatın, öz dünyanda yaşadığın məkan vardı.
Hanı o məkan?
Parçalanıb, məhvmi olub?
Yoxsa sənin göz yaşınla bəslədiyin güllər solub?
Yum gözünü, unut ki, sən dörd uşağın anasısan.
Bir şüşəni arvadından əziz tutan ərini də unut, getsin.
Get şüurunun sərhədinə, ulduzlarla buludların vəhdətinə.
İnan ki, o məkan yenə həmin məkan, güllər də ki, yenə rəngli, yenə əlvan.
Şərhlər (2)