Səni sevməkdən yoruldum

Yox, səhv başa düşmə, sevgimdən yox, sevgindən yoruldum.
Olmayan sevgindən..
Sevgi qırıntından, nə olduğu bilinməyən hərəkətlərindən, get-gəlindən..
Səni necə sevəcəyimi bilməməkdən yoruldum mən..
Duamda nə istəyim bilməməkdən yoruldum.
Hisslərimin nə olduğunu saf-çürük etməkdən yoruldum. Hər sözünə bağlı qalmaqdan, bir məna çıxarmağa məcbur hiss etməkdən ürəyimdə taqət qalmadı..
Ağlım, sanki ağlım kiçilib. Sümüklərimə hopmusan daha, qəlbim azlıq edirmiş kimi..
Axı sevgi bu deyildi, olmamalı idi də. Mən səni düşünəndə güldüyüm qədər sənli xəyallarımda “bəlkə”lər olmamalı idi, tərəddüdlə girməməli idim mesaj qutusuna, yazdığım sözləri mənalandırmamalı, düşünmədən, ruhumla yazmalı idim. Üzümdəki
gülüşdə bir qırıqlıq sezilməməli idi, sezilsə də sən sezməli bir kəlmənlə düzəltməli idin onu, edə bilərdin də, bilirsən.O qırıqlıqda sənin siman gözə dəyməməli idi.
Yormamalı idi sevgin məni..
Yoruldum deyə günahı özümdə biləcəm deyəsən, az qalıb. Amma dedim axı, sevgindən yoruldum mən, “sevgindən”..
Kaş bir yerdə xəyal qurmaqdan yuxu girməyə idi gözümüzə, onları yerinə yetirmək üçün həyəcandan gecəni gündüzə qata idik, saata baxmağı unuda idik, amma gör nə olub? Mən yorğun düşmüşəm, düşünməkdən, ikimizin yolçusu olacağı xəyalları tək gəzməkdən yorğun düşmüşəm. Sənin vecsiz yazdığın, dediyin sözlərdə məna güdməkdən yorğun düşüb qəlbim. Bədənimi daşıyardım bəlkə də, amma qəlbimi daşıya bilmərəm, bağışla..
Bağışla, bu saatda varlığımla səni narahat edirəm, sən bağışlayarsan bəlkə də, başa düşdüm, amma əsas məni bağışlasın sənə hədər etdiyim sevgim, xəyal qurmaqla yorduğum ağlım və səni danışmaqdan bezdirdiyim sətirlərim..
ən əsası qəlbim..

Aytən Kərimova✍🏻