Adəm layihəsi
Dostum Andreyin mənə həmişə köməyi dəyib, mənim də ona. Biz demək olar universitetin ilk illərindən dostluq edirik. Andrey rus əsilli olsa da, burada Londonda doğulub və böyüyüb. Mənim qısa tarixi hekayələr yazdığımı və tələbə qəzetində çap etdirdiyimi bilirdi. Bu, əsasən, keçmişə, tarixə əsaslanan, eşitdiyim, oxuduğum real hadisələrdən təsirlənib yazdığım qələm təcrübələrim idi. Dünən mənə babasının Rusiyadan onların ziyarətinə gəldiyini dedi. Andreyin babası cənab Dimitri Konov İkinci Dünya Müharibəsi iştirakçısı idi, dostum onda çox maraqlı əhvalatlar olduğunu demişdi. Bu səbəblə də məni evlərinə qonaq kimi dəvət etmişdi. İndi hər nə qədər həyəcanlı olsam da, beynimi avtobusun pəncərəsindən ötüb keçən binalarla, insanlarla məşğul edirdim. On-on beş dəqiqə də beləcə ötüb keçdikdən sonra dostumgilin dayanacağına gəlib çatdım. O həmişəki kimi məni gözləyirdi. Avtobusdan düşən kimi onunla mehribanca və ənənəmizə uyğun olaraq görüşdük. Əlimdəki torbada hər ikimizin sevdiyi şirniyyat olduğunu öyrəndikdən sonra "nə ehtiyac var idi" kimi bayağı bir cümlə qurmaq fikrindən vaz keçdi.
Süfrədə bütöv ailə toplamışdı: ata Pavel, ana Tatyana, baba Dimitri, Andrey və balaca sapsarı qızcığaz Saşa. Əvvəl də bir neçə dəfə qonaq olduğum bu ailə həqiqətən də mehriban və qayğıkeş insanlar idi. Yeməklər isə xüsusilə ləzzətli idi. Mənim əsas gözlədiyim isə babanın hekayələr idi. Üzündən də bəlli idi onun tarixin tozlu səhifələrində qalmış əhvalatlara şahidlik etdiyi. Ən çox da müharibə xatirələrini dinləmək istəyirdim. Nəhayət, çay süfrəsində münasib fürsət yarandı, daha doğrusu, Andrey mənim gəliş səbəbimi babasına dedi. Babası bunu çox rəğbətlə qarşıladı və həvəslə yardımçı olmaq istədiyini dedi. Amma əvvəlcə Tatyananın ləzzətli piroqunun dadına baxmağı məsləhət gördü. Həqiqətən də haqlı imiş piroq məsələsində...
- Hə, Daniel, de görək nə bilmək istəyirsən? - deyə Dimitri gözləmədiyim anda sual dolu baxışlarla mənə döndü. Tək o yox, bütün ailə bir anda dönüb mənə baxdı deyə özümü sorğu-suala tutulurmuş kimi hiss etdim. Piroqun aon dilimini zar-zor udub, bir qurtum da çay içib stəkanı stola qoydum. Udqunub sözə başladım:
- Düzü, bilmirəm. Bizim universitetin qəzeti var, tez-tez orada yazdığım hekayələrimi yayımlayıram. İxtisasca tarixçi olduğum üçün bu əsasən tarixi hekayələr, həqiqi hadisələrə əsaslanan hekayələr olur. Andrey mənə dedi ki, siz müharibə veteranısınız və mən də düşündüm ki, sizdə maraqlı müharibə xatirələri olar...
- Əslində məndə həqiqətən də maraqlı xatirələr, məlumatlar var. Ancaq bilmirəm, yaza bilərsənmi? Yayımlanarmı?
- Ata, yenə eyni əfsanə?! - Andreyin atası qınayıcı nəzərlə öz atasına baxdı.
- Mane olma, imkan ver, gənc nəsil bunu bilməlidir. Bura Rusiya deyil, yəqin ki, məni lağa qoymazlar.
- Baba, sən atama fikir vermə, davam et, Adam hekayəsini danışacaqsan yəqin ki. Ən sevdiyim... - dedi Andrey. Deyəsən, bu hekayələri çox dinləmişdi.
- Mövzu müharibə deyil, müharibədə mən arxa cəbhədə idim, o qədər də maraqlı xatirələrim olmayıb. Amma 1962-ci ildəki bir səyahətim həqiqətən də dinləməyə dəyər. Məni ora müharibədə tanış olduğum professor Nikolay İvanoviçin sayəsində, onun başçılıq etdiyi ekspedisiyanın tərkibində getmişdim. Ekspedisiya Antarktidadaya "Vostok" stansiyasında elmi-tədqiqat işləri aparmağa gedirdi. Antarktida çox qəribə bir yer idi: metrlərlə qar, buz, fırtına... Göz işlədikcə uzanıb gedən bəyazlıq... Stansiyaya çatıb əşyaları boşaltdıq, yerləşdik. Bir gün istirahət etdik, oradakı digər tədqiqatçılar ilə tanış olduq. Növbəti həftə üçün genişmiqyaslı tədqiqatlar başlamaq üçün hazırlıq işləri görməyə başladıq. Gəldiyimizin beşinci günü stansiyadan bir neçə kilometr şimal-qərbdə yerləşən təyinat nöqtəsinə gəlib qazıntı işlərinə başladıq. Hər yer metrlərlə buz qatı altında idi. Məqsədimiz bu buz qatını aşıb onun altında qalan torpaq qatına çatmaq, nümunələr götürmək idi.
Buz qatını dəlmək nə qədər çətin ola bilər ki!? Əvvəl mən də belə düşünürdüm. Ancaq mənfi otuz-qırx dərəcə temperatur, saatlarla, bəzən günlərlə davam edən qar fırtınası, bəyaz pərdə kimi gözümüzün önünə çəkilən qatı duman və üstəgəl tez-tez sıradan çıxan, xarab olan alət və texnikalar, - bütün bunlar birləşib işimizi dözülməz bir, amma bizim vaz keçmək fikrimiz yox idi. Torpaq qatına çatmamış heç kim buranı tərk etməyəcək! Ekspedisiya rəhbəri Vasili İvanoviç belə deyirdi. Onun səsində qorxu, hədə yox, motivasiya, İlhamverici bir ton var idi. Hamımız işin sonunda evimizə qəhrəman kimi dönəcəyimizi hiss edir və xüsusi bir qüvvə ilə işləyirdik. Bir gün çadırda istirahət edirdik, iki komandaya bölünmüşdük və indi qazmaq növbəsi ikinci komandada idi. Birdən onlardan biri, gənc tədqiqatçı Arti (Artyom) qaçaraq çadıra girdi, təngnəfəs olduğundan nə dediyini anlaya bilmədik, ancaq vacib bir şey olduğu bəlli idi. Cəld paltarımızı geyimib qazıntı yerinə qaçdıq, dərəyə enib qazılmış quyunun yanına gəldik. İlk baxışda hər şey qaydasında idi, qeyri-adi heç nə görə bilmədik. Yaxınlaşıb qazılan yerə diqqətlə baxmağımızı istədilər. Əyilib baxanda hamımız ikinci komanda üzvləri kimi heyrətə düşdük. Buzun içində qəribə uzun tüklər var idi. Daha dərində isə bir qaraltı görünürdü. Bu hansısa heyvanın donmuş cəsədinə bənzəyirdi. Bu tapıntı bizi daha da ruhlandırdı və indi işlər daha sürətli, ancaq dava ehtiyatlı davam edirdi. Buzun içindəki hər nə idisə, onu zədələmək olmazdı.
Bu nəhəng tüklü şey hər nə idisə, onun demək olar ki, üçdə iki hissəsini qazıb üzə çıxarmışdıq ki, ratsiyadan fırtına xəbərdarlığı aldıq. Bu xəbər hamının kefinə soğan doğradı. Hər kəs işini yarım qoyub, əşyalardan toplaya bildiyinizi toplayıb, qalanlarının da üstünü örtüb bərkitdim, sonra müvəqqəti stansiyaya qayıtdıq. Təxminən bir saat sonra qar yağmağa başladı, külək də getdikcə güclənir, lopa-lopa yağan qarı pəncərələrə çırpırdı. Bur çoxları yeyib-içib yatırdı, çünki bu fırtınanın hələ neçə saat, bəlkə də neçə gün davam edəcəyi məlum deyildi. Mənsə əlimdə kitab çöldəki dəli küləyin vıyıltısına qulaq asa-asa oxumağa çalışırdım. Güman ki, qazdığımız çala artıq tamamilə qarla örtülmüşdü, indi hər şeyi yenidən başlamaq lazim gələcək. Amma ən azı bu dəfə yüzillərdən bəri qalan qalın buz qatını deyil, yumşaq qarı qazacaq idik. Hər halda işimiz artmışdı. Bir tərəfdən də istirahət edib güc toplamaq heç də pis olmayacaq.
Kimsə məni silkələyib oyatdı, çox maraqlı bir yuxu görürdüm, amma gözümü açar-açmaz nə gördüyüm yaddaşımdan silindi. Məni oyadan ekspedisiya üzvlərindən olan İqor idi, hamı yemək masası ətrafda toplanmışdı. Mən də durub onlara qoşuldum. Pəncərədən baxanda ağappaq səthlə masmavi göy üzünün bir-biri ilə birləşdiyi üfüq xəttini gördüm. Fırtına keçmişdi. Bizim komanda yeməyini yedi, lazımi avadanlıqları da götürüb qazıntı yerinə yola düşdük. Çala qalın qar ilə örtülmüşdü, amma qar hələ yumşaq olduğu üçün axşama qədər yenidən əvvəlki səviyyəyə çata bildik. Sərt qaya kimi donmuş bu nəhəng tüklü şey hamının diqqət mərkəzində idi. Növbəti günün ortasında artıq onu tamamilə buzdan azad edib qopara bildik. Yük qaldıran alətlər olmadığı üçün (belə böyük tapıntılar üçün hazırlıqlı deyildik) bütün ekspedisiya üzvləri yığılıb insan gücü ilə onu tədqiqat stansiyasına apardıq. Apardıq demək asan səslənir, amma onu zədələmədən daşımaq üçün nə əziyyətlər çəkdik bir Allah bilir. Axır ki onu mərkəzə gətirə bildik. Hamı dord gözlə onun ətrafında toplanmışdı, bir neçə nəfər tədqiqatçı da onun üzərində işləyir, nümunələr götürür, buz parçalarını təmizləyirdilər. Bu böyük tük yumağı heç nəyə bənzəmirdi. Güman ki hansısa heyvanın dərisinə bükülmüş bir şey idi. Ancaq nə? Axşama yaxın buzları əriyən yumağı kəsib içinə baxmaq qərarı verildi. Alətlər gətirildi, iş başladı. Hamı göz belə qırpmadan seyrə durmuşdu. Yumaq həqiqətən də heyvan dərisi idi, özü də çox sərt idi. Yenə də kəsməyə nail olduq. Yuxarıdan aşağıya bir yarıq açdıq, sonra ehtiyatla onu araladıq. Dəri sanki yuvarlanaraq bükülmüşdü. Bir neçə qat idi, bir-bir kəsərək mərkəzə çatmağa çalışırdıq. Nəhayət, istəyimizə çatdıq. Həmin an keçirdiyimiz şoku hələ də unuda bilmirəm. Yumağın içində insan var idi!
- İnsan!!! - Daniel az qala qışqırıqla və bərəlmiş gözlərlə dilləndi.
- Demək olar ki, hə, insan. Xarici görünüşü insan formasında idi, amma daha iri, daha nəhəng və yöndəmsiz. Uzun saç-saqqalı var idi, bətndə olan körpə uşaq kimi qıvrılıb qalmışdı, donmuşdu. Bütün heyət mat-məəttəl ona baxırdı. Bu nə idi? Kim idi? Bura necə və hardan gəlib düşmüşdü? Beyinlərdəki cavabsız sualların sayı get-gedə artırdı. Kəsmə işinə davam edib onu tamamilə dəridən çıxardılar. İlahi! Elə bil indicə onu dəriyə büküblər. Bütün bədəni, bütün hüceyrələri o qədər canlı görünürdü ki, sanki bu dəqiqə oyanıb canlanacaq. Boyu iki metrdən çox idi. Güclü və əzələli bədən quruluşu vardır. Kişi idi və əynində də dəridən hazırlanmış geyimlər var idi. Qədim dövrlərin insanı olduğu bəlli idi, amma necə belə mükəmməl qalmışdı? Zədələnməməsi və çürüməməsi üçün onu xüsusi kapsula yerləşdirib izolyasiya etdilər.
Nərilti eşidildi. Elə bil ayı kükrəyirdi, düşündük ki, ağ ayı basqın edib bizə. Qaçışıb səs gələn otağa getdik. Gələndə gördüyümüz şey ağılımızı başımızdan aldı. Tapdığımız qədim adamın şoku hələ üzərindən getməmişdi. Bu tapıntı ən çox arxeoloq Karabinovu maraqlandırmışdı. İçəri girəndə onu əlində elektroşok cihazı vardı. Masanın üzərinəki qədim insan isə canlanıb nərildəyirdi. Yaxşı ki Karabinov onu bağlamağı ağlına gətirmişdi.
- Yəni deyirsiniz ki, uzun illər buzun içində qalan adam canlandı?
- Bilirəm, illərdir bu əhvalatı kimə danışdımsa, hamı məni ağılsız qoca kimi gördü, ya da zarafat elədiyimi sandı. Amma mən gördüyümü danışıram. İnanıb-inanmamaq sizlərə qalıb. Bəli, bu qədim insan canlanmışdı. Səsi hələ də qulağımdadır.
Daniel geri dönüş yolunda xeyli düşüncəli idi. Dostunun ailəsini ziyarət etmək həqiqətən xoş idi, amma onun əsas fokuslandığı babanın danışdığı əhvalat idi. Bu ailə üçün adi bir əhvalat idi, deyəsən. Axı hər ailədə olur belə gənclik illərindən, müharibədən və s. öz xatirələrini, bəzən də hamının həvəslə dinlədiyi uydurmalarını danısan babalar. Andrey və ailəsi üçün də bu hekayə babanın danışmaqdan zövq aldığı, ailənin isə dəfələrlə dinlədiyi, ancaq babanın xətrinə sıxıldıqlarını bəlli etmədikləri adi bir hekayə idi. Daniel keçən il maraqlı bir məqalə oxumuş və onun əsasında tələbə qəzetində bjr yazı yazmışdı. Baba Dmitrinin danışdığı hekayə məhz həmin məqaləni onun yadına saldı. Məqalədə Amerikalı bir alimin çox iddialı və sensasiyalı çıxışları yer alırdı. Adını unutduğu bu alim deyirdi ki, bizim bildiyimiz bütün tarix sadəcə bir yalandan ibarətdir. İnsanlığın keçmişi təsəvvür etdiyimizdən daha qədim və daha fərqli olub. O qeyd edirdi ki, ibtidai insanlar (alim buradakı "ibtidai" sözü ilə heç razı deyildi) heç də biz düşündüyümüz kimi vəhşi və ibtidai olmayıblar. Əksinə onlar yüksək intellektə və inkişafetmiş ictimai-siyasi əlaqələrə malik idilər. Maya, İnka qəbilələri, Mu qitəsi, itmiş Atlantis və s. həmin qədim "ATALAR"ın (alim ulu, qədim insanları məhz bu cür adlandırır) nəticə-kötücələridir. Bir çox maraqlı faktlar irəli sürən alim Homo Sapiensin, Homo Neandertalisin, Homo Erektusun, Denisovanların haqqında məlumatımız olmayan və bizdən qat-qat inkişaf etmiş olan bir sivilizasiyanın uzaq qohumları, qalıqları olduğunu qeyd edir. Onun dediyinə görə bizə məlum olan yuxarıda adı çəkilən insanlar da biz bildiyimizdən daha ağıllı olublar. Bütün bu çıxışları ilə bir ara elm aləmində səs-küy yaratsa da, çoxları onun dediklərinə inanmadı, hətta onu dəli, saxtakar adlandıranlar da oldu. Daniel də onun bu məqaləsindən çıxış edərək maraqlı bir yazı yazmışdı. İndi Dimitri əgər doğru danışırdısa, o gözləri ilə həmin Amerikalı alimin dediyi "ibtidai" insanlardan birini görüb və bəlkə də, o "ibtidai" insan hələ də sağdır, yaşayır.
Şahmalı Hasan" loading="lazy">
Şərhlər (0)