“Mercedes” sahildə çox soyuqqanlı tərzdə durmuşdu. Sanki o da bezmişdi bu qətl işlərindən. Burada gün batımı çox mükəmməl görünürdü. Bu saatlarda hava qırmızı rəngə boyanar, sahil kənarında isə qağayılar uçardı. Bu, İskəndər Kaplanovun ən çox xoşuna gələn zaman idi. Yanında da Artur Cabbarov əskik olmazdı. Ağır iş rejimindən sonra bura gəlib dincəlmək onlara yaxşı gəlirdi. Bir tərəfdə dənizin şırıltısı, digər tərəfdə qağayıların səsi sakit bir harmoniya bağışlayırdı.
Bu sakitliyi pozan isə Cabbarovun düşüncəli səsi oldu:
— Bu insanlar niyə görəsən bir-birini belə qəddarlıqla öldürürlər, axı?
İskəndər gözünü əngilliklərə dikən yorğun səsi ilə dilləndi:
— Bu sualın cavabını heç bir tədqiqatçı, heç bir polis, heç bir prokuror, heç bir alim belə tapa bilmir.
— Öldürülən insanlar yəni o dərəcədə günahkardırlar?
— Yox, sadəcə bu insanlar elə başa düşürlər ki, ən yaxşı cəza budur.
— Səncə, günahkara verilən ən yaxşı cəza nədir?
— Günahkarın cəzası dəmir barmaqlıqlar arasında yalnız qalmaqdır. Hansı yolla olursa olsun. Onun vicdanı onu yeyəcək. Bax, yadda saxla, Artur, ən ədalətli polis də, vəkil də, prokuror da vicdandır.
Səsini alçaldaraq davam etdi:
— Təsəvvür et ki, sən onsuz zindandasan. Və bir də vicdanının verdiyi hökmü ilə içində ikinci bir zindana düşürsən. Beləliklə, iki zindan arasında qalıb sıxılırsan. Getdikcə məhv olursan. Əsl cəza bax, budur.
— Bir gün, nə vaxtsa qətl törətməyə məruz qalsan, törədərsən? Və yaxud törədsən, təslim olarsan? — deyə Artur soruşdu.
— Onu qətli törədəndə fikirləşərik, cənab jurnalist. Axır, ilişdirəcəksən məni.
Artur qəh-qəhə çəkdi:
— Yox, nə danışırsan, elə-belə söhbətləşirik də.
— Lap ört-basdır etsəm belə, eynilə bayaq dediyim kimi, vicdanım məni gec-tez yeyib qurtaracaq. İnsanın vicdanı ona əks səda verən zaman fərqi yoxdur, kim olursan ol. Bir yol tapıb özünə qəsd edəcəksən. O səs ki, bir dəfə eşidildi, bu o deməkdir ki, artıq sən məhv olmusan…
— Yaxşı, Artur, bəs sən əgər qətl törətməyə məcbur qalsan, törədərsən? Və yaxud gedib təslim olarsan?- bu dəfə İskəndər ona sual verdi.
Cabbarov suyun üstündə dövrə vuran qağayılara tamaşa edirdi. Qağayılar əsən küləyin əksi istiqamətində hərəkət edirdilər, amma bacarmırdılar. Sonra isə məğlubiyyətlə barışıb özlərini küləyin axınına buraxırdılar.
— Vicdana qarşı gəlmək olmaz. Düşünürəm ki, əgər belə bir şeyi törətmiş olsam, iki zindan arasında qalmaq istəməzdim. Jurnalist olsam belə, can şirindi, Kaplanov, kim olursansa ol. Heç kim azadlıqdan imtina etməz. Heç kim o barmaqlıqlar arasında çürümək istəməz. Azadlığını itirən adamı qəfəsdəki quşa bənzətmək olar. Fikir vermisən? Qəfəsdəki quşları neçə aydan sonra azadlığa buraxanda bəziləri uçmağı unudur. Bax, insan da belədir. Bir müddət zindanda olur. Sonra azadlığa çıxanda insan olduğunu artıq unudur, çünki o müddət ərzində çəkdiyi iztirablar onun kim olduğunu ona unutduracaq qədər güclüdür.
— Mən təslim… — deyə İskəndər Artura baxaraq gülümsədi.
— Son sualımı da verim, yekunlaşdıraq-deyə Artur bir siqaret yandırdı.
— Ver, gəlsin.
— Siz müstəntiqlər insanları mənəvi cəhətdən öldürənlərə nə cəza verirsiniz?
— Belələrinə cəza verə bilmirik, amma güvənirik.
— Kimə? Nəyə?
— Vicdan adlı bir ədalət divanının olduğuna…
“Mercedes”in işıqları yandı. Təkərləri sağ tərəfə yönəldi. Birdən hər tərəfi toz-dumana bürüyərək yüksək sürətlə yerdən götürüldü.