İki aləm arasında.


Mən arabir tapardım,

Belə şirin yuxunu.

Unutmaram gördüyüm,

Yuxuların çoxunu.


Belə yuxu görmədim,

Mən heç bu yaşımacan.

Bir vahimə bürüdü,

Ayaqdan başımacan.


Yatdığım o yer, döşək,

Mənim evim deyildi.

Əşyalar təzim edib,

"Mənim divim" -deyirdi.


O evdə xəstə idim,

Canım sanki yaraydı.

Yanımda ailəmdən,

İki nəfər varıydı.


Divarlar rütubətli,

Yatağımsa ağ idi.

Mənzərəni görəndə,

Hələ canım sağ idi.


Yastığımın altına,

Kiçik mis cam qoyulub.

O genişlikdə otaq,

İndi mənə dar olub.


Yad dildə hərflərlə,

Yazılmış idi o cam.

Rəngli saplar, iynəylə,

Doldurulmuşdu tamam.


Ay Allah, bura hara?!

Əcaiblər ölkəsi?!

Beynimdə dalğalandı,

İynələrin kölgəsi.


Şəffaf bir pərdə ilə,

Örtülmüş idi tamam.

Qorxu aman vermədi,

Gözümü yumub, yatam.


Düşündüm ki, pərdə var,

Əlimi cama atdım.

Bilmədim necə oldu?

İynə əlimə batdı.


Bədənimdə, qanımda,

İynələr dolaşırdı.

Ruhum Uhud dağında,

Düşmənlə savaşırdı.


Qulağıma hardansa,

Bir qadın səsi gəldi.

Görüm o yataqdaca,

"Səni öləsən"-dedi.


Elə həmin o anda,

Qanadlandı ruhum da.

Halbuki mən sağ idim,

Gördüyüm o yuxumda.


Bədənim tapşırılan,

Adi qəbir deyildi.

Məni orda saxlayan,

Vallah səbr deyildi.


Ürəyim sığışmadı,

Sanki köksüm daraldı.

Bircə onu bildim ki,

Gözlərim də qaraldı.


Düşündüm qorxuludu,

Gözümü qan bürüdü.

Bu dəmdə yaxınıma,

Ruh əkizim yürüdü.


O qorxunun gücündən,

Ruhum da qan ağladı.

Ruh əkizim əliylə,

Yaraları bağladı.


Dedim ki, kömək elə,

Axı qorxudan ölləm.

Dedi-"Artıq ölmüsən",

"Sənə neyləyə billəm?!".


Ruh əkizim bir anda,

Sirrə, qeybə çəkildi.

O yoxa çıxan kimi,

Nurlu adam göründü.


Əgər demək lazımsa,

Sözlərin doğrusunu.

Mən həmin an unutdum,

Ölməyin qorxusunu.


Diri ikən ölmüşdüm,

Öldüm sonra dirildim.

Bilmədim neçə saat,

Ya da bir gün, bir ildi.


Qəbir evim işıqlı,

Necə də rahat idi.

Üzü nurlu o adam,

"İndi dincəl, yat"-dedi.


Aramlanmış ruhum da,

Aləmi-zərrdə idi.

Məni nurdan ayıran,

Sadəcə pərdə idi.


Nurüzlü həmin adam,

Gülüb, tutdu əlimdən.

Elə bildim tökülür,

Mirvarilər dilindən.


Mən o nurlu aləmdən,

Gördüm öz evimi də.

Dedim-"Yandırın camı"

Rədd edin o divi də.


Mis cam yananda gördüm,

Evimin içindəyəm.

Taqətdən də düşmüşəm,

Tükənmiş biçimdəyəm.


Bu ki yuxu deyildi,

Lap gerçəyin özüydü.

Məni ayaqda tutan,

O kişinin sözüydü.


Oxuyub misraları,

Deməyin, - "Mif söyləyib".

"Dediyi hər kəlməni,

Yəqin ki, div öyrədib".


Yuxumdan sonrasını,

Danışmağım çətindir.

Mənə hər iki evdə,

Uca Allah vəkildir.