Bakının payız küləyi Xəzərin duzlu qoxusunu küçələrə yayırdı. Polis mayoru Fərid Qədimli kabinetində tək idi. Masasının üzərindəki qovluğa baxırdı: 19 yaşlı Elnurun işi... Elnur külli miqdarda narkotik vasitə ilə saxlanılmışdı. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (satış məqsədilə narkotik vasitələri qanunsuz olaraq əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma — külli miqdarda törədildikdə) onun taleyini artıq müəyyən etmişdi.

— Rəis, nə olar, məni bağışla! Mən şəhid oğluyam, atam Füzuli uğrunda gedən döyüşlərdə şəhid oldu. Vallah, bir də belə qələt etməyəcəm, iş tapıb işləyəcəm.

Fərid dərindən ah çəkib ayağa qalxdı. Bu ağır fikirlərdən qurtulmaq üçün şəhərin hay-küyündən uzaqlaşmağa, bir məsləhətə ehtiyacı vardı.

Şəhərdən uzaqda, dəniz kənarındakı sakit bağlar massivində Fərid maşınını saxladı. Bura uşaqlıq dostu, Qarabağ qazisi Səmədin evi idi. Səməd ayağını cəbhədə itirsə də, ruhu sarsılmaz bir qala kimi idi. Həyətindəki nəhəng, qoca palıd ağacı isə sanki bu sarsılmazlığın simvolu idi.

Səməd həmişəki kimi palıdın altında oturmuşdu. Fəridi görən kimi gülümsədi, amma mayorun simasındakı o gərginliyi dərhal duydu.

— Xoş gəldin, Fərid. Səni hansı külək atdı bu tərəflərə? — dedi Səməd.

Fərid oturub çaydan bir qurtum alıb nəhayət sözə başladı:

— Səməd, bir gənc var... Atası şəhid olub. Amma bu uşaq zəhər satır. Onu dindirəndə gözlərinə baxdım, içim sızladı. Bilmədim nə edim. Dedim, bir az hava alım, səni də görüm, bu məsələni sənə danışım.

Səməd palıdın budaqlarına baxıb yavaşca dilləndi:

— Bax, bu palıdın yarpaqlarını quşlar gəmirir, görürsən? Bəzən quruyur. Kökünü qurdlar yeyir, Amma kök salamatdırsa, ağac yaşayar. Bəlkə o uşağa bir şans verəsən? Atasının xatirinə...

Fərid cavab vermədi. Sadəcə palıdın kölgəsinə baxıb başını buladı. Bir neçə saatlıq söhbətdən sonra sağollaşıb şəhərə, idarəyə qayıtdı.

Ertəsi gün Fərid dindirmə otağında Elnurla üz-üzə gəldi. Elnur yalvarırdı, göz yaşları içində atasının adını çəkirdi. O, masasının üzərindəki sənədləri möhkəm bir hərəkətlə möhürlədi.

— Rəis, sən Allah, bağışla, and içirəm bir də etmərəm! — Elnur fəryad qoparırdı.

Fərid ayağa qalxıb gəncin qarşısında dayandı:

— Sən bu millətin namusunu, atanın şəhidlik qanını o zəhərə dəyişmisən, Elnur. Əgər mən bu gün sənə acısam, sabah minlərlə başqa ananın ocağının sönməsinə şərait yaradacam. Cinayət törətmisən, cəzanı da çəkəcəksən. Aparın bunu!


Bir həftə sonra Fərid yenidən Səmədin yanına gəldi. Səməd Elnurun həbs olunduğunu, heç bir güzəşt edilmədiyini öyrəndi.

— Yaman daş ürəksən e sən də Fərid. O uşağa heç olmasa rəhmin gələrdi, gəncdi də, bir səhvdir edib, — deyə Səməd gileyləndi.

Fərid yavaşca palıd ağacına tərəf addımladı, əlini onun qabarıq qabığına qoydu:

— Bax, Səməd, sən o gün dedin ki, palıdın yarpağını quşlar gəmirir, gövdəsini qurdlar yeyir. Düzdür, illərlə, bəlkə əsrlərlə bu gövdəyə heç nə olmur. Amma əgər biz o zərərvericiləri vaxtında durdurmasaq, palıdın kökü də çürüyəcək. Gec ya tez, çürüyəcək. Mən o uşağı içəri ona görə salmadım ki, onu məhv edim. Mən onu içəri saldım ki, ağlı başına gəlsin, ətrafındakılara daha çox zərər verməsin.

Fərid səsini bir az da qətiləşdirdi:

— Vətən sevgisi təkcə "Qarabağı aldıq" deyə sevinməklə bitmir, Səməd. Vətən sevgisi həm də bu milləti daxildən gəmirən murdarlıqlardan təmizləməkdir. Ölkəyə, millətə zərər verən hər kəs kimliyindən, keçmişindən asılı olmayaraq qanun qarşısında cəzasını almalıdır.

Səməd susdu. Palıd ağacı isə Bakının küləyi altında silkələnirdi. Fərid papağını düzəldib maşınına tərəf getdi. O, sadəcə bir cinayəti həll etməmişdi, o, dövlətin sarsılmaz sütununu — ədaləti qorumuşdu...