Bakının nəfəs kəsən iyul istisi şəhərin üzərinə ağır bir yorğan kimi çökmüşdü. Mayor Fərid Qədimli mərkəzdəki “Zümrüd” aksesuar mağazasının önündə dayanmışdı. Mağaza sahibi — gödəkboy, təkəbbürlü bir adam olan Səlim Ələsgərov əlləri şalvarının cibində, çiyinlərini çəkərək gileylənirdi: 

— Rəis, vallah ağlım kəsmir! Məhz həmin vitrindəki dəst... Gümüş üzük, boyunbağı, qolbaq və sırğa. Hamısı bir yerdə getdi. Amma qəribəsi odur ki, yanındakı brilyantlara əl də vurulmayıb. Təkcə o köhnə dəsti aparıb şərəfsiz! Yəqin deyib, çox ziyan vurmayım ki, sonra tutulsam, ziyanı ödəyə bilim.

Səlim bunu deyib güldü, amma Fərid Qədimlinin soyuq baxışını görüb susdu.

— Tapmaq olar, rəis?

Fərid mağazanın içini süzdü. Kameralara baxdı, həmin hissəni kamera tutmurdu.

— Kamera niyə çəkməyib bəs? — Fəridin səsində qətiyyət var idi.

— Ay rəis, lənət şeytana, o künc kameranın “ölü nöqtəsi”dir. Mağazanı yığışdıranda uşaqlar şkafın yerini dəyişibmiş, kameranın qarşısı kəsilib.

Fərid Qədimli mağazada işləyən hər kəsi sorğu-suala tutdu. Onlara bu məsələ ilə bağlı bir neçə sual verdi. Mağazada işləyən gənc xanım, Leyla, bir kənarda dayanıb titrəyirdi. Fərid ona yaxınlaşdı:

— Qızım, qorxma. Bir xatırla görüm, bu bir neçə gündə mağazada şübhəli kimisə görmüsən?

Leyla bir az duruxub pıçıldadı:

— Dünən yaşlı bir xala gəlmişdi. Çox qəribə idi... Əynində köhnə, amma səliqəli bir paltar vardı. Gəlib o vitrinin qarşısında dayandı. Düz on dəqiqə, bəlkə də daha çox, gözünü qırpmadan o dəstə baxdı. Elə bil daşa dönmüşdü. Mən yaxınlaşıb “kömək edim?” deyəndə diksindi, heç nə demədən çıxıb getdi. Amma bilmirəm, yazıq qadına şər atmaq istəmirəm. Bəlkə o etməyib.

Fəridin peşəkar instinkti dərhal işə düşdü. Mağazanın kamerasından heç nə çıxmasa da, qonşu binadakı bankın kamerasını yoxlatdırdı. Nəhayət, kadrların birində həmin qadının üzü aydın göründü. Leyla həmin qadını dərhal tanıdı. Ağ bir ləçək bağlamış, çöhrəsində illərin yorğunluğu olan bir qadın...

Fərid qadının yolu üzərindəki bütün kameraları incələyərək son gözdən itmə ünvanını tapdı. Həmin məhəllədəki sakinlərə qadının şəklini göstərdikdə dərhal onun yaşadığı mənzili polisə nişan verdilər. Bakının köhnə məhəllələrindən birində, üçüncü mərtəbədə qapını həmin qadın açdı. Otağa keçəndə Fəridin gözü masanın üstünə sataşdı. Həmin dəst — üzük, boyunbağı, qolbaq və sırğa — orada, bir gənc oğlanın şəklinin önündə idi.

— Məleykə ana, bilirsən niyə gəlmişəm, — Fərid yavaşca dedi.

Qadın heç qorxmadı, sanki bu günü gözləyirdi.

— Bilirəm, oğlum. Gəlmisən ki, məni tutasan. Amma mən öz malımı götürmüşəm. O dəst mənim nəfəsimdir. Tək oğlum, Elmanım...

Qadın kövrələrək davam etdi:

— Avtomobil qəzasında rəhmətə getməmişdən cəmi bir ay əvvəl mənə almışdı. “Ana, bu sənə layiqdir” demişdi. Onu mən balamdan qalan yeganə nişanə kimi saxlayırdım.

— Bəs necə oldu ki, o mağazaya gedib çıxdı?

Məleykə ananın gözləri yaşardı:

— Bir gün evdə axtardım, yox idi. Dünyam başıma uçdu. Aylarla ağladım, elə bildim harasa qoyub itirmişəm. Sonra təsadüfən o mağazanın vitrinində gördüm... Gözlərimə inanmadım. Öz balamın hədiyyəsini şüşə arxasında dustaq gördüm. Üzüyün altında sonsuzluq işarəsi var idi. Dərhal baxdım, əmin oldum ki, həmin dəstdir. Pulum çatmadı geri almağa, çox bahalı qiymətə qoyulmuşdu. Mən də sabahısı gün səhər tezdən getdim, öz balamın əmanətini bağrıma basıb gətirdim.

Fəridin ürəyi sızladı, amma qanun öz sözünü deməli idi. O, mağaza sahibi Səlimi idarəyə çağırdı. Həyəcandan tər basmış üzünü cib dəsmalı ilə siləndən sonra Səlim dilləndi:

— Tapdınız, rəis?

— Səlim, bu əşyaları sənə kim satıb? Sənədləri gətir!

Səlim qorxusundan əsməyə başladı:

— Rəis, vallah normal qaydada alqı-satqı gedib. Bir nəfərdən alıram həmişə; gətirdi, dedi satıram. Mən də baxdım ki, yaxşı qiymətə gedər, aldım. Adı Fuad idi, elə bizim mağazaya yaxın yerdə apteki var. Özü də mənim uşaqlıq dostumdur. Nəsə problem var, rəis?

— Məni onunla görüşdür.

— Baş üstə! — deyə Səlim başı ilə də təsdiq işarəsi verdi.

Aptekin qarşısında Fərid Qədimli və Fuad görüşdülər. Fərid baş verən hadisələri izah etdi. Sonda isə həmin dəsti haradan və necə əldə etdiyini soruşdu. Fuad rahat görünürdü, sözü heç uzatmadan dedi:

— Mənə bir qadın gətirdi verdi bunları, təcili pula ehtiyacı var idi. Mən də əşyalara baxdım, antik idi; yoxladım, təmiz gümüş olduğunu gördüm. Səlimi də illərdir tanıyıram. Fikirləşdim ki, alım və satım Səlimə. Bu qədər, rəis.

— Qadınla harada görüşmüsünüz?

— Elə burada, dayandığımız yerdə. Siqaret çəkirdim, gəldi verdi, mən də pulunu kartına atdım.

Fərid Qədimli başını asta hərəkətlə qaldıraraq obyektin kamerasına baxdı. Kamera düz onların olduğu yeri çəkirdi.

— Kamera görüntülərini aç.

— Bu dəqiqə, — deyə Fuad cəld hərəkətlə aptekə keçdi.

Az sonra həmin qadının görüntülərini əldə edən Fərid Qədimli Məleykə ananın evinə yollandı. Şəkillərə diqqətlə baxan Məleykə gözlərini bərəldərək cavab verdi:

— Bu ki qonşumdur, Nərgiz. Aa, Nərgiz nə əlaqə? Ay balam, bu Nərgizdir, bizlə qapı-qonşu.

Nərgiz 38-40 yaşlarında, hər gün Məleykə anaya “ay xala, bir köməyin lazımdır?” deyib evinə girib-çıxan qadın idi...

Fərid Nərgizi idarəyə gətirtdi. Qadın əvvəl dandı, amma Fəridin o sarsılmaz baxışları qarşısında tab gətirə bilmədi.

— Ehtiyacım var idi, rəis! Arvad onsuz da qocalıb, sandığında yatırdı o əşyalar. Satdım ki, borclarımı bağlayım. Nə biləydim belə olar? — deyə həyasızcasına cavab verdi.

Fərid özünü güclə ələ aldı:

— Ehtiyac?! Sən bir ananın yeganə övladından qalan son xatirəni, onun ruhunu satmısan! Hələ bir özünə haqq da qazandırır...

Fərid mağaza sahibinə olanları başa saldı. Səlim şikayətini geri götürəcəyini və dəyən ziyanı özü qarşılayacağını söylədi. Nərgiz isə “özgə əmlakını mənimsəmə və oğurluq” maddəsi ilə həbs olundu...

Fərid idarəyə qayıdanda leytenant Kamran soruşdu:

— Rəis, qanunla o qadın da mağazaya girdiyi üçün məsuliyyət daşımalıdır... Necə həll elədin? Sadəcə maraqlı gəldi.

Fərid pəncərədən Bakının yollarında şütüyən maşınlara baxdı və acı bir təbəssümlə dedi:

— Ədalət bərpa olundu. O qadın oğru deyil, əsl oğru cəzasını çəkir. O qadın sadəcə onun olanı geri qaytarıb. Həm də ki mağaza sahibi şikayətçi olmadı.

Son cümləni dedikdən sonra Fərid üzünü Kamrana çevirib gülümsədi.  :)