Şəhərin ən prestijli restoranlarından birində masa arxasında əyləşən Murad, telefonunun kamerasını qarşısındakı bəzəkli boşqaba tuşlamışdı. İşığı tənzimlədi, bucağı seçdi və şəkli çəkdi. Bir neçə saniyə sonra paylaşım hazır idi: "Uğura gedən yol, dadlı bir fasilədən keçir. #LüksHəyat #Uğur #Motivasiya".
Cəmi beş dəqiqə keçməmiş yüzlərlə bəyənmə gəldi. Murad gülümsəyərək şərhləri oxuyurdu. Heç kim bilmirdi ki, o, bu restoranın hesabını ödəmək üçün son üç gününü yalnız su və çörəklə keçirib. Onun üçün önəmli olan dad deyil, o görüntünün yaratdığı "uğurlu adam" imici idi.
Restorandan çıxıb köhnə, təmiri gecikmiş evinə tərəf piyada yollandı. Yolda gedərkən metronun girişində oturan yaşlı bir kişi gördü. Kişinin qarşısında bir neçə köhnə kitab və bir qutu var idi. Murad dərhal telefonunu çıxardı. Cibindəki son 10 manatı çıxarıb kişiyə uzadarkən videosunu çəkdi. Videonu dərhal paylaşdı: "Yaxşılıq paylaşdıqca çoxalır. Unutmayın ki, əl tutmaq Əlidən qalıb. #Xeyriyyəçilik #İnsanlıq".
O gecə Muradın pulu bitmişdi. amma xoşbəxt yatdı. Çünki "tiktok"da o, həm zəngin, həm də çox mərhəmətli biri idi.
Səhər tezdən qapısı döyüldü. Gələn ev sahibi idi. Üç aydır ödənməyən kirayə haqqına görə Muradı evdən çıxarırdı. Muradın bütün yalvarışları boşa çıxdı. Əşyalarını bir çamadana yığıb küçəyə çıxanda ağlına bir fikir gəldi. Telefonunu çıxarıb çamadanının fotosunu çəkdi: "Bəzən hər şeyi geridə qoyub yeni zirvələrə doğru addımlamaq lazımdır". #Səyahət
Parkda skamyada oturub harada qalacağını düşünərkən, dünən pul verdiyi yaşlı kişini gördü. Kişi bu dəfə bahalı bir maşından düşürdü və əynində çox şık bir kostyum vardı. Murad heyrətlə ona yaxınlaşdı:
— Dayı, sən? Dünən dilənirdin, bu gün isə... Yoxsa sən də şəkil çəkdirmək üçün belə geyinmisən?
Yaşlı kişi Murada təmkinlə baxdı və gülümsədi:
— Yox, oğlum. Mən bu şəhərin ən böyük nəşriyyatlarından birinin sahibiyəm. Hər il bir ayımı küçələrdə keçirirəm ki, insanların kitaba və mənə olan dəyərini görə bilim. Dünən sən mənə 10 manat verəndə sevinmişdim. Amma axşam sənin videonu internetdə gördüm.
Murad rəng verib rəng alırdı. Qoca davam etdi:
— Videonu görəndə anladım ki, sən mənə pul vermədin. Sən öz reklamın üçün məni istifadə etdin.
Qoca cibindən bir zərf çıxarıb skamyaya qoydu:
— Əgər nə vaxtsa "reklamdan" yorulub, həqiqətən "var olmaq" istəsən, yanıma gəl. Amma bir şərtlə: telefonu evdə qoyub gələcəksən.
Qoca maşına minib uzaqlaşdı. Murad zərfi açdı. İçindən 10 manat, əlaqə üçün vizitkart və bir not çıxdı:
"Sən öz vitrinini bəzəyərkən mağazan çoxdan müflis olub."
Murad ətrafına baxdı. Park gözəl idi, günəş batırdı, mənzərə möhtəşəm idi. Amma o, ilk dəfə idi ki, bu gözəlliyin şəklini çəkmək istəmirdi...