Sensei Mori samuray məbədində sakitcə oturub meditasiya edirdi. Yaşı yetmişi keçmişdi. Ağaran saçları, uzun və incə, gümüş rəngli saqqalı keçdiyi həyat yolundan xəbər verirdi. O, Okinavada sayılıb-seçilən usta samuray döyüşçülərindən biri olmuşdu.

İllər öncə sarayı tərk etmiş, dağlara daxili hüzur axtarmağa gəlmişdi. Ancaq bu hüzur çox keçmədən gələn məktublarla pozulmağa başladı.

Mori bir gün çölə çıxanda evinin önündə bir məktub gördü. Bir anda sifətinin rəngi dəyişdi, çünki məktubun üzərində imperator möhürü var idi. Özünə gəlib məktubu açdı və oxudu.

Məktubda yazılmışdı:

— Böyük Sensei Mori,

Bu məktub sizə əlahəzrət imperator tərəfindən göndərilmişdir. Sizdən xahiş olunur ki, keçmişdə olanları unudub saraya geri dönəsiniz. Saraydakı yeni samurayların təcrübəsizliyi səbəbindən az qala saray məhv olurdu. Onlara ustalıq etməyiniz üçün saraya gəlməyiniz tələb olunur. Qərarınızı bir gün ərzində bildirin.

Hörmətlə, Edo Sarayı

Sensei Mori məktubu oxudu və soyuqqanlılıqla sobaya atdı. Özünə çay süzdü və düşünməyə başladı:

“İnsanoğlu bir-birinə yalnız ehtiyacı olanda dəyər verir…”

Əslində məktubu yandırmasının bir neçə səbəbi vardı. O, sarayı sevmirdi. Çünki illər öncə insanın əsl üzünü məhz orada görmüşdü. Vaxtilə imperatorun ən güvəndiyi döyüşçü və ustası idi. İmperator bütün gizli işlərini ona tapşırardı.

Lakin bir əmr onun həyat fəlsəfəsinə zidd olmuşdu.

İmperator ondan Samuray Takeda Yakamuranı öldürməsini istəmişdi. Takeda Morinin öz əli ilə yetişdirdiyi şagird idi. Onun necə bir döyüşçü olduğunu yaxşı bilirdi. Amma imperatora qarşı gəlmək mümkün deyildi.

Bir gecə Sensei Mori Takedanın qarşısına çıxdı. Onlar bir neçə dəqiqə səssizcə bir-birinə baxdılar. Takeda sakitcə dedi:

— Usta, hər şeydən xəbərim var… və səni qınamıram. Sən mənim ustamsan. Məni sən yetişdirmisən. İstədiyini edə bilərsən. Amma istərdim ki, bu qərar başqasının yox, öz qərarın olaydı.

Takeda yatmağa hazırlaşdığı üçün silahsız idi. Son sözü isə bu oldu:

— Usta, sən bizə qılıncı niyə öyrətdin?

Bu söz Mori üçün ağır zərbə oldu. Qılıncını yerə atdı və dedi:

— Oğlum, buradan qaç. Səni sağ buraxmayacaqlar. Sən haqlısan… Mən sizə qılıncı bunun üçün öyrətməmişdim.

Mori oradan getdi. Bu, onun Takedanı son görüşü oldu.

Səhəri gün Takedanın cəsədi sarayda tapıldı. Hamı onun Sensei Mori tərəfindən öldürüldüyünü dedi. Mori isə bilirdi ki, bu işdə sarayın əli var. O, hər şeydən iyrəndi və sarayı birdəfəlik tərk edərək dağlara çəkildi.

İndi isə birdən-birə saraya çağırılması ona qəribə gəlirdi. Məktuba cavab vermədi. Ardınca dörd məktub da gəldi və hamısını sobaya atdı.

Sonuncu məktub isə qısa və qərəzli idi:

— Bu, qəti əmrdir. Ya gələcəksən, ya da öləcəksən.

Hörmətlə, Edo Sarayı

Mori yenə sükutunu pozmadı. Bir kağız və qələm aldı, məktubun başına yalnız bir nöqtə qoydu və saraya göndərdi.

İmperator məktuba baxdı, heç nə anlamadı və qəzəblə dedi:

— Bu mənimlə zarafat edir?!

Tez onu mənim yanıma gətirin! Ölü-diri fərqi yoxdur!

Sensei Mori imperatorun xasiyyətini yaxşı tanıyırdı. Adam göndərəcəyini bilirdi. Divarda asılan qılınca baxdı:

— Deyəsən iki qoca son dəfə döyüşəcək…

Qılıncını götürdü, qamışdan düzəldilmiş papağını taxdı və çölə çıxdı.

Samuraylar artıq yuxarı qalxırdılar. Məbədin ətrafı dumana bürünmüşdü. Birdən qayanın üstündə meditasiya edən Sensei Morini gördülər.

— Yavaşca bir ox atın. Öldürücü olmasın, saraya aparacağıq.

Ox atıldı. Amma eyni anda Mori qılıncı ilə oxu iki yerə böldü. O, soyuqqanlı halda dik dayanıb onlara baxırdı. Duman samurayları daha da narahat edirdi. İçlərindən keçirdilər:

“Bu, həqiqətən bir insandırmı?”

Samuray generalı irəli çıxıb dedi:

— İmperator göndərdiyin məktubdan heç nə başa düşmədi. Zarafat etdiyini sanıb çox qəzəbləndi.

Mori papağını düzəltdi və sakit, amma vahiməli səslə cavab verdi:

— O, hələ cümləni oxumağı öyrənməyib…

Döyüşçülər sarsıldı. Onun yerində başqası olsaydı, qorxudan dizləri əsərdi.

— Vaxtilə çox danışırdım, — dedi Mori. — Amma gördüm ki, çox danışana hədiyyə vermirlər. İndi az danışıram və bütün hədiyyələr mənimdir. O bir nöqtə idi. Uzaqdan balaca görünsə də, içində çox söz var. Siz isə illər sonra məni beş cümlədən artıq danışdırdınız… və bunun cəzasını çəkəcəksiniz.

Qılıncını çəkib hazır vəziyyət aldı.

Amma birdən samuraylar geri çəkilib dağdan aşağı qaçmağa başladılar.

Mori isə məbədə qayıtdı, yerinə oturdu və yenidən meditasiya etməyə başladı. Bu, onun son imtahanı idi. Artıq daxili hüzuru tapmışdı.

Dağlarda isə belə bir söz qaldı:

“Həqiqi usta cavabını sözlə yox, nöqtə ilə verər.”

Dr. Paradox

09.02.2026