BABAMA OXŞAYAN KİŞİ

ELAY

Qatarda babama oxşayan bir kişi gördüm. Maraqlısı o idi ki, kişi babamdan cavan ola-ola onun qocalığına oxşayırdı. Eynən baba kimi balaca, yumru sifəti, qısa ağ saçı və bığı vardı. Sağ əlinin üç orta barmağını isə üzündə kifayət qədər çox yer tutan burnunun üstü boyu gəzdirirdi. Babam da həmişə belə edirdi. Kişinin gözləri qüssəylə doluydu. Bəli-bəli məhz qüssəylə. Qəm də yaza bilərdim, amma bu qəm yox, elə qüssənin özüydü. Birdən hər iki gözünü bərk-bərk ovxalayıb harasa yuxarıya baxdı. Elə bu vaxt evdəki köhnə fotoalbom yadıma düşdü. Mənim iki, qardaşımın bir yaşı olanda evə fotoqraf çağırıblarmış. Saralmış karton səhifələrə yapışdırılmış solğun, qırmızımtıl çalarları olan o şəkillər bir anlıq gəlib gözümün qabağında dayandı. Həyatdan köçənlər elə canlı, indi yaşlı olanlar isə elə cavan idilər ki, o fotolarda. Ən sevdiyim jurnal masasının üzərində, ağ-qırmızı zolaqlı kostyumlu uşağın qısa barmaqlı toppuş əliylə hardansa uzanan kobud kişi əlini tutmaq istədiyi şəkildi. Uşaq mən, əl babamın əliydi.

Çox maraqlı insan idi babam. Onun əslində necə adam olduğunu yoxluğundan sonra daha yaxşı anlamağa başlayıram. Onu həyatdan köçəndən sonra tanımağa başladığımı desəm, yalan olmaz. Görünür, kimisə tanımaq üçün onun həyatda olmağından daha çox olmamağı vacibdir.

Babam oxumağı çox sevərdi. İlk uşaqlıq xatirələrimdən biri başımı qaldırıb tavana qədər uzanan kitablarla dolu, üst-üstə, zamanın və kitabların ağırlığından qarın vermiş rəflər idi. Arada kitabları boşaldıb rəfləri üzüaşağı çevirərdi ki, düzəlsinlər. Məncə, babam indi də kitabları sevir. Qurd qapısı qəbiristanlığında olan sinə daşı da kitab formasındadır. Simvolik səslənsə də, bağlı kitab formasında. Yanında qızı, başının üstündə isə atası yatır.

Atasından danışmağı çox sevər, sadə dəmirçidən ağız dolusu danışardı. Amma yanında uyuyan – ürək qüsurundan dünyasını dəyişən on bir yaşlı qızından, demək olar, söz açmazdı. Təkcə: “Xadya elə gözəl uşaq idi... Hayıf ondan, hayıf Xadyadan”, – deyərdi. Xadya dosdoğma xalam, evin böyük uşağı Xədicə idi. Xalamdan qalan köhnə şəkillər və babamın əsgərlərindən birinin çəkdiyi portret idi. Az qala, babamın hərbçi olduğunu deməyi unutmuşdum. Portretdən boylanan balaca uşaq elə qəmli baxırdı, lap adamın qəhərdən boğazı düyünlənirdi. Babam öləndən sonra əşyalarını yerbəyer edəndə kitabla dolu, tozlu, saralmış qəhvəyi qutudan balaca bir kisə tapdıq. Köhnə, beliqılınclı kişilərin olduğu kinolarda içində qızıl sikkələr saxlanılan kisələrə bənzəyirdi lap. Torbanın içindən tünd-şabalıdı on beş-iyirmi santimetr uzunluqda hörük çıxdı. Açılmasın deyə hər iki ucu lentlə bağlanmışdı. Xalamın saçından bir hissə idi. İlk dəfə Xadyaya toxundum. İpək kimi idi. “Saçı gül ətri verirdi”, – desəm yalan olar. Xalamın hörüyündən kitab iyi gəlirdi. Vərəqləri saralmış, üzəri tozlanmış kitabların iyi. Hörüyü əlimə alanda təpəmdən-dırnağıma kimi babamın qüssəsini hiss etdim. Belə qızı qara torpağa necə vermək olardı axı? Hələ bu azmış kimi bütün həkimlər doğulan gündən öləcəyini demişdilər. Hər gün balana baxasan, yedirib-geyindirəsən, yanına salıb gəzəndə, qucaqlayıb yatanda da öləcəyini biləsən... İlahi, bu nə ağır dərddir belə?!.

Xəstəxanada ölümünə sayılı günlər qalanda xalam özü istəmişdi ki, saçını kəssinlər. Ürəyi sıxıldığını, boğulduğunu demişdi. Buna dözmək üçün gərək tank olasan. Babam boşuna tankçı deyildi ki...

Amma qızının ölümü ilə barışa bilməmişdi. Görünür, ona görə Almaniyada rəhmətə gedən xalamı sink tabutda gətirmişdi Bakıya. Deyilənə görə, tabutun baş hissəsindəki balaca şüşədən xalam görünürmüş. Bəlkə, əlli ildən çox keçsə də, torpaq hələ onu tam uda bilməyib. Qoy hörüyü kəsik, ürəyi üçklapanlı olan bir qızcığazı da uda bilməsin bu acgöz qara torpaq.

Babam mollaları sevməzdi. Dindən uzaq adam kimi görünsə də, hər gecə kəlmeyi-şəhadət gətirərdi. Qəzetlərdən dini yazıları kəsib qara üzlü dəftərinə yapışdırardı.

Allahını tanıyırdı. Üstəlik, yaxşıca vururdu. Ömrü boyu da vurmuşdu. Özü də, təkcə arağı sevirdi. “Dağılanda paltarında iz buraxan içki, içində də iz buraxar. Araqdan başqasını içməyin”, – deyərdi.

Babam bunlarla həmişə fəxr edərdi: rüşvət almamağı, toyunda Gülağanın oxumağı, bir də Bəxtiyar Vahabzadənin evlərinə qonaq gəlməyi ilə. Babamın dərzi əmisi böyük şairin kostyumlarını tikərdi. Əsas məsələni unutdum: bir də ömrü boyu bircə dənə də papiros çəkmədiyini deyərdi. Mənə şahmatı, nərdi və müxtəlif kart oyunlarını öyrədərdi. Çox oynayardıq onunla... Lap çox.

Məktəbdən verilən dərs kitablarının səhifələri dağılmasın deyə onları tikərdi. Bunun üçün bizi, mumu, qalın sapı və yekə bir iynəsi olardı. Bir də dəmir xətkeşi vardı. Babam ona “britanski”, ya da “anqliyski” deyirdi. Bu paslı xətkeşi havada yelləyib: “Dayımındır, Aşqabaddakı zəlzələdən bircə bu salamat çıxıb”, – pıçıldayardı.

Yeni ili çox sevərdi. Bir də noxudlu bozbaşı. Noxuda da ləpə deyərdi. Novruzu da sevərdi. Böyük və kiçik çillələrin günlərini sayar, boz aydan danışardı. Hazır səməni satanlara “maşennik”, bu səməniləri alanlara isə ağılsız kimi baxardı. Bazardan buğda alar, öz səmənisini özü cücərdərdi. Səmənilərini pəncərələrə düzüb üstünü də nəm tənziflə örtər, bir gün çıxmamış, bir də batandan sonra sulayardı. Tez uzansınlar deyə yerlərini, hətta otaqlarını da dəyişərdi. Səmənilərini bayrama qədər cücərdib ən gözəlini süfrəyə ayırar, qalanlarını qəbir üstünə aparardı. İndi hamı yadların səmənilərini alıb aparır. Görəsən, ölülər daha hörmətsiz olublar, yoxsa dirilər daha məşğul?

Həmişə mənə Remarkın “Üç yoldaş” romanını oxumağı məsləhət görərdi.

Hələ də əlim gəlmir o kitabı almağa. Almaq bir kənara, heç mağazada götürüb vərəqləməyə də ürək eləmirəm. Elə bilirəm, oxumayana qədər babam bu sözü mənə təkrarlayır.

Kaş o sağ olaydı, mən də oxuyub onunla müzakirə edəydim.

Babamdan qalan yadigarlardan ən dəyərlisi Hüqonun iki cildlik “Səfillər” romanıdır. Ölümünə üç-beş il qalmış əllinci illərdən qalan bu nəşri cildləmək üçün İçərişəhərdə bir qadına vermişdi. Sonra da mənə bağışlamışdı. O mənə çox kitab hədiyyə edib. İki kitabxanam var və hər biri ayrı-ayrı yerdədir. Biri özümün alıb yığdığım, digəri onun mənə verdiyi kitablar. Bir də babamdan mənə onun babasının şəkili qalıb. Yəni ulu babamın. Ağ-qara fotoda ulu babam Hacı Abbas və ailəsi həkk olunub. Deyilənə görə, çox varlı tacir olub. Amma hamının başına gələn bizim də nəslin başına gəlib. Bolşeviklər kişini soğan kimi soyub, bir həsir bir Məmmədnəsir Türkmənistan çöllərinə sürgün edib. O boyda sərvətdən, görünür, elə bircə bu “anqliyski” xətkeş qalıb. Zarafatsız, gərək onu da tapım.

Qəbiristanlığa getməkdən zəndeyi-zəhləm getsə də, babamı ziyarət etməyi sevirəm. “Yasin” oxuyan mollalar da həmişə ya mənim, ya babamın bəxtindən gülməli obrazlar çıxır. Bilirəm ki, məzarında uzanıb gülür. Mənə: “Bunlara verdiyin pulla ondansa get, Remarkın “Üç yoldaş”ını al, oxu”, – deyir. Nə vaxtsa oxuyacağam, söz verirəm. Niyə güldüyünə bilirəm. Atası, ilk övladı, qohum-əqrəbası yanında... Axı niyə gülməsin?

Deyirlər, uşaqlar atalarına oxşayırlar. Əslində, uşaqlar daha çox babalarına oxşayırlar. Mən necə ona oxşadığımı, onun kimi düşündüyümü, çox məsələyə onun kimi baxdığımı görürəm. Özü də, ildən-ilə daha çox oxşayıram. Bu bəs deyilmiş kimi atama oxşayan oğlum da gözümün qabağında böyüyür. O da yaman öz babasına oxşayır...

Qatar stansiyaya çatanda bu qədər az vaxtda həyatımın bir hissəsini yenidən yaşadığımı anladım. Sürət qatarında xatirələr də sürətli olur, deyəsən.

İzdiham babama oxşayan kişini qapıya tərəf apardı. Onlara çatmaq üçün tələsdim. Gödəkcəmi, çantamı götürdüm. Babamı gözdən itirəcəkdim. Kaş çevrilib baxaydı... Baxmadı. Vaqondan çıxanda ətrafıma boylandım. Kimi axtarırdım, görəsən? Babamı, yoxsa babama oxşayan kişini? Əslində, özümü axtarırdım. Səmaya baxdım. İnsan axını məni də sürükləyirdi. Doğma şəhərimdə, doğma ölkəmdə doğma vaqonumdan düşmüşdüm. Haradasa oxuduğum bir cümlə yadıma düşdü: “Üstündə yaşadığın yerin altında əzizlərin yatırsa, deməli, olmalı olduğun yerdəsən”.

Babama oxşayan kişini daha görməsəm də, babamın mənimlə hər gün eyni qatarda gedib-gəldiyinə əminəm.

Çox sağ ol, baba! Nənəmlə ailə qurduğun, məni dünyaya gətirən anamın atası olduğun üçün çox sağ ol! Maraqlı uşaqlığım, beş “şirvan”a, allah bilir, haradan tapıb aldığın ilk akustik gitaram, dünyanın bütün rənglərini gördüyüm koleydoskopum, xalamın portreti, oxumaq vərdişim, məktəbdə hamıda əzilib-cırılanda mənim şax qalan dərs kitablarım, yaxşı oynamağı öyrətdiyin nərd və dünyalar qədər sevdiyim anam üçün çox sağ ol! Çalışıb sənin kimi maraqlı və uzun ömür sürüb, Remarkı da oxuyub, qocalıb yaxşı baba olanda yanına gələcəyəm. Bir bilsən, səninlə ediləsi nə qədər söhbətim var...