... Bu gün idi. Həyatın sonu, bəlkə də hər şeyin başlanğıcı. Ona görə son, bəzilərinə görə isə qurtuluş...
Anladılanlardan bir şey başa düşmədinizsə, deyim: bu gün Karlın edam günüdür. O, heç nə düşünmürdü. Çünki nə düşünsə, onunla birlikdə edam stulunda qalacaqdı.
Həyatın Tanrı tərəfindən alınmaması bir az gülünc deyilmi? Dəyərli sayılan bu həyat niyə başqaları tərəfindən, özü də haqsızlıqla alınmalıdır? “Haqsızlıq” – bu söz Karla çox tanış idi. Amma indi onun ölümə qədərki kiçik həyatının ayrılmaz bir parçasına çevrilmişdi.
Həqiqətən, haqq nəyə əsasən ölçülür və ya təyin edilir? Haqqı gerçəkdən kim bilir? O bilirsə, mən niyə bilmirəm?
Karl bunları düşünə-düşünə dəli olmuşdu.
Həyat şirin şeydir. Uzağı yetmiş il yaşamaq üçünmü insan bu qədər mübarizə aparır? Yetmiş dəfə Yeni ilə girmək, yetmiş dəfə ad günü keçirmək, ildə bir dəfə baş verən şeyləri yetmiş dəfə yaşamaq üçünmü?
Karl özünə görə haqlı idi, amma sözdə ədalət divanına görə haqsız. Hamburg məhkəməsi onun haqqında edam hökmü vermişdi. Bəs nəyə əsasən? Haqlı idilərmi?
Karl qızına ağır işgəncələrlə təcavüz edən iki nəfəri eyni üsulla işgəncə verərək öldürdüyünə görə günahkar hesab edilirdi. O, hər dəfə etdiyi hərəkəti məcburiyyət kimi qiymətləndirirdi. Deyirdi:
— Mən onları öldürməmişəm.
Polislər isə hər dəfə eyni sualı verirdilər:
— Sübutun var? Niyə hələ də dirəşirsən?
— Mən onlar kimi pis, iyrənc məxluqları bu dünyada yaratdıqları qüsura görə məhv etdim.
Karl bunu qurtuluş hesab edirdi. Ağarmış, saralmış sifətində qəribə bir xilasedici havası vardı. O özünü Tanrı hesab edirdimi?
— Mən haqlıyam! İyrənc insanlar bu dünyadan təmizlənməlidir. Sən etmədin, o etmədi, amma mən etdim. Mən Tanrı deyiləm ki, verilən canı geri alım. Can haqq edənə verilir. Haqq edən insan öldürülsə, bu haqsızlıqdır, günahdır. Amma haqq etməyən insan öldürülsə, o, qüsursuz dünyadan təmizlənməlidir!
— Yenə də sən insan öldürmüsən, həm də vəhşicəsinə!
— Mən... mən onları öldürmədim. Onları bu dünyadan göndərdim. Öldürmək hər kəsin bacaracağı şeydir, amma göndərmək fərqlidir.
Karl cinayətə cinayətlə cavab vermişdi. Bəs onda o haqlıdır, yoxsa haqsız?
Karl bir gün bunlara görə hamının ona təşəkkür edəcəyini deyirdi:
— Qızımı — həyatı haqq edən bir insanı — öldürənin bu dünyada yeri yoxdur!
Tutuldu və sakitcə davam etdi:
— Bəs sizin uşaqlarınıza elə olsaydı?
— Biz də sənin etdiyini edərdik. Amma indi bizim uşaqlarımıza elə bir şey olmayıb.
— Olmasını gözləyirsiniz?
İnsanoğlu antiempatik varlıqdır. Başına gəlməmiş hadisəyə qarşı kor olur. Qanunların və qaydaların doğru, ya da bəlkə də yanlış fəlsəfəsinə sığınır...
Karl artıq edam stulunda idi. Qorxmurdu. Dodaqaltı təkrarlayırdı:
— Mən haqlıyam... Mən haqlıyam... Mən...
Birdən başına nəm süngər qoyuldu. Qolları stula bağlandı. Yavaşca dedi:
— Haqsızamsa, bir canavaramsa, nəm süngəri götürün. Bu canavar acı çəksin. Onda mən haqlıyam?
Elektrik verildi.
Karl öldü.
Öləndə son dəfə sol gözündən bir yaş damcısı yerə düşdü. Bəlkə də bu, onun son dəfə “Mən haqlıyam” deməsi idi.
Özünə görə haqlı, digərlərinə görə haqsız şəkildə öldü. Karlın dünyasında günahkara və haqsızlığa yer yox idi. Amma artıq onun da dünyası yox idi.
Onun dünyası yenə haqsızlara qaldı.
Bəs onda Karl haqlıdırmı?
Dr. Paradox
2026.02.11
"Haqqı və haqsızlığı bilməyəcək qədər həm haqlı, həm də haqsız olmuşuq."
Şərhlər (4)