İnsan zehni bütün bildiyimiz silahlardan daha təhlükəlidir. Niyə bilirsinizmi? Çünki bir silahın hədəfi bəlli, məsafəsi məhduddur. Amma düşüncənin qığılcımı bütöv bir ömrü və daxili kainatı külə çevirə bilər. Elmi olaraq sübut olunub ki, beynimizdəki neyronlar məlumatı ötürərkən yaratdıqları elektrik impulsları saatda təxminən 430 kilometr sürətlə hərəkət edir. Bu, bir zəhərin qan dövranı ilə bədənə yayılmasından qat-qat sürətlidir. Məhz bu "ildırım sürəti" sayəsində saniyənin mində biri qədər qısa müddətdə, neyronlar keçmişin tozlu rəflərindən o anları çəkib çıxarır. Sanki heç nə köhnəlməyib, sanki o illər heç keçməyib... Pisi və yaxşısıyla hər şey eyni anda gözlərdə canlanır. Bəzən bir gülüş, bəzən isə bir vida pıçıldayır sinir uclarına.

Səhərin isti və işıqlı şüaları göz sulandıracaq qədər kəskinkən, otağın küncünə çökmüş zülmət qarası kölgələr baxışları belə torpağa çevirəcək qədər qüvvətliydi. İşıq çöldə hakim olsa da, qaranlıq daxildə öz səltənətini qurmuşdu. Yuxusuzluğun beşiyində sallanan bir körpə qədər müdafiəsiz hiss edər ruh özünü.Hər an yıxılmağa hazır, hər an qırılmağa meyilli... Amma eyni zamanda, son dayanacaqda sərnişinin üzünə anidən bağlanan soyuq bir metal qapı qədər qəddardı həyat. Nə bir saniyə gözləyər, nə də geri dönməyə fürsət verər. Saatın əqrəbləri geri qayıtmaq üçün deyil, sadəcə sona çatmaq məqsədiylə qaçırdı. 

Məhz o an zehnin dərinliklərindən gələn boğuq, soyuq və kimsəsiz səs pıçıldayır:

— "Niyə hələ də o köhnə pəncərədən baxılır? Orada artıq kimsə yoxdur. Küçələr dəyişib, adamlar özgələşib, ruh isə hələ də o köhnə evin dəhlizlərində ilişib qalıb. O qoxu niyə hələ də boş otaqlarda axtarılır?"

Cavab isə sükutun ağırlığı altında boğularaq gəlir:

— "Baxmaq deyil bu, sadəcə xatırlamaqdır. Melodiyalarla sükutun o qəribə uyğunluğu qulaqlara elə hopub ki, dünya səssizləşəndə ən çox o səslər eşidilir. Sanki zaman dayanıb, saatın əqrəbləri paslanıb, amma o ritm hələ də damarlarda döyünür. Çıxıb getmək istəyi atılan addımlarda yaddaşın palçığına batır. Hər cəhd insanı yenidən başladığı yerə — 'bir zamanlar' olan o ana gətirir."

Hər şey bir meşə yanğından sonra göy üzünü bürüyən o ağır, boğucu his qədər bulanıqdı. Yanğın sönmüşdü, ağaclar kül olmuşdu, amma o his hələ də ruhun dəhlizlərində dolaşır, nəfəs almağa imkan vermirdi. Yanğından qaçmaq olar, amma onun yanmış qoxusunu ruhda bir nişanə kimi daşımaq qaçınılmazdır. Çünki daxildəki o "silah" qədər qüvvətli yaddaş heç vaxt hədəfi yan keçmir və ən ağır zərbəni "artıq unutmuşam" deyilən qaranlıq anlarda vurur.

 "Zaman hər şeyi müalicə etmir, sadəcə yaraların üzərini xatirələrin tozu ilə örtür.Lakin ruhun dərinliyindəki o sızıltı hər gecə eyni nöqtədən qanamaya davam edir."

Bəs sizcə əgər düşüncələr insanı hər saniyə keçmişin o soyuq divarları arasına çəkirsə, o, bu günün azad fərdidir, yoxsa dünənin içində əsir qalmış bir kölgə?