Tək İçən Adam
Mənim və dostumun hər zaman getdiyimiz bir bar var idi. Bar dedikdə ağlınıza dırnaq arası qadınlar gəlməsin. Burada sadəcə insanlara içki verirlər, bədənlərini yox, düşüncələrini sərxoş edirlər.
Bir gün yenə pivə içməyə getmək üçün dostuma zəng etdim, lakin onun işi olduğunu dedi. Mən də tək getməyə qərar verdim.
Bara çatanda ətrafa fikir verdim. Hər kəs dostları ilə zarafat edir, gülür və içkinin ləzzətini çıxarırdı. Səs-küy vardı, amma o səs-küyün içində qəribə bir boşluq hiss olunurdu.
Bir nəfərdən başqa.
O adamı mən dostumla nə vaxt gəlmişəmsə, həmişə tək görürdüm. Sadəcə barmenin qarşısında əyləşib içirdi. Nə telefona baxırdı, nə də ətrafdakılara. Sanki bu bar onun üçün sadəcə içki içilən yer yox, susmaq üçün seçilmiş bir məbəd idi.
Mən də tək olduğum üçün yanına getdim və əyləşdim.
— Barmen, mənə bir pivə. Süzülməmiş, zəhmət olmasa.
Sonra tək oturan adama döndüm.
— Salam. Mən sizi burada həmişə görürəm. Bilmək istəyirdim ki, niyə hər zaman tək içirsiniz?
O, viski bardağına söykədiyi siqaretindən bir qullab aldı. Gözlərini mənə yox, boşluğa dikmişdi.
— Sən niyə bunu bu qədər düşünürsən ki?
— Doğrudur, etdiyim yanlışdır. Bu sualı verməməliyəm. Amma altı-yeddi aydır bura tez-tez gəlirəm və səni həmişə tək görürəm. İçki içməyə dostun yoxdur?
O, viskidən kiçik bir qurtum aldı. Sanki cavabı stəkanın dibində axtarırdı.
— Mənim heç kimim yoxdur.
Pivəmdən bir qurtum içdim. Bu cavab zarafat kimi deyilməmişdi.
— Necə yəni?
Bu dəfə gözlərini mənə çevirdi. O baxışlarda yorğunluq vardı. Uzun illərin yuxusuzluğu kimi.
— Bildiyin kimi. Bu barmen mənim yeganə tanışım və tək yaxın dostumdur. Ondan başqa kimsəm yoxdur.
Barmen uzaqdan bizə baxıb başını aşağı saldı. Deməli, bu söz yeni deyildi.
— Ailən?
— Yoxdur.
— Sevdiyin biri?
O, acı bir təbəssüm etdi.
— O da yoxdur. Daha doğrusu... vardı. İnsan bəzən bir nəfəri itirəndə, bütün dünyanı itirmiş kimi olur.
Barın içində musiqi dəyişdi. Köhnə bir caz melodiyası başladı. İnsanların gülüşü davam edirdi, amma bizim masada sanki zaman dayanmışdı.
— Bəs niyə hər gün bura gəlirsən?
O, siqaretin külünü asta şəkildə külqabına vurdu.
— Çünki evdə divarlar danışmır. Burada isə heç olmasa stəkanın səsi var.
Bu cümlədən sonra pivənin dadı dəyişdi. İlk dəfə anladım ki, bəzi insanlar içki üçün içmir. Sadəcə səssizlikdən qaçmaq üçün içirlər.
Mən ona baxdım. O isə yenə boşluğa.
Və o an başa düşdüm…
Bəzi insanlar tək içmir.
Sadəcə onları dinləyəcək heç kim qalmır.
XeYka" loading="lazy">
Şərhlər (0)