Cənubi Amerika xalqları ispan zülmünə qarşı 18 ci əsrin sonu və 19 cu əsrin başlarında Simon Bolivarun öndərliyində azadlıq mübarizəsinə başlayırlar.
… Müharibə sadəcə bilirsiniz nədir? Kralların, generalların nəfsi naminə günahsızların əziyyəti. Sadəcə budur. Azlığın acgözlüyü, torpaq ya da xəzinə kimi bir gün bitəcək şeylər üçün insanın dəyərli, uzağı yetmiş illik ömrü bada verilirmi? Verilir. Elə verilir ki, özü də biz o ömrü verilənlərin yerində olmadan o həyatı, o çətinlikləri heç vaxt anlaya bilmirik…
Cənubi Amerikanın o cəsur xalqları məhz buna görə savaşmırdı. Onlar əllərindən alınanları geri almaq üçün savaşırdılar. Artığını istəmədilər heç vaxt. Sadəcə olanla yaşamaq… İnsanlıq da bunu gərəkdirmirmi? Olanla yetinmək…
Rodriqo, Tyaqo və Alehandro on bir ildir ki, ispan həbsxanalarında çürüyürdülər. Nəyə görə? İnsanın həyatını əlindən almaq bu qədərmi asandır?
Rodriqo və Tyaqo qardaş idilər. Alehandro isə Rodriqonun dostu idi. Gənc yaşlarından Simon Bolivarun dəstələrinə qoşulub torpaq və xalq uğrunda döyüşmüşdülər. Rodriqo və Alehandronun ömrü hərbdə keçmişdi, lakin Tyaqo…
Tyaqonun iyirmi yaşı var idi. Doqquz yaşından bəri burada idi. Qardaşını aparanda o da onunla getmişdi. Valideynləri müharibədə ölmüşdü.
Rodriqo hər dəfə deyirdi:
— Tyaqo, inan, sənin gəncliyini burada məhv etdiyimə, həyatımızı, ailəmizi dağıtdığıma görə özümü bağışlaya bilmirəm. Sadəcə yaxşı bir həyatımız olsun istəmişdim…
— Rodriqo, sənin günahın yoxdur. Ailəmiz bizə daim bir olmağı öyrədib. Anam bizə nə demişdi, yadındadır?
— Yox, Tyaqo. Nə demişdi?
— Harada olursunuzsa olun, daim bir olun!
Alehandro Tyaqonun yanına gəlib əlini çiyninə qoydu:
— Hey, Tyaqo, narahat olma. Əlbəttə, bir gün buradan xilas olacağıq. O vaxta qədər ümidimiz El Libertadoradır! Sonra bizi o qədər uzun və yaxşı günlər gözləyir ki…
Rodriqo dərin bir ah çəkdi, papirosunu yandırdı və fikrə getdi.
Alehandro nəzarətçilərdən qırıq olduğu üçün aldığı gitaranı gətirdi və Rodriqoya uzadıb dedi:
— Amiqo, al bunu çal. Bir az başımız qarışsın, ürəyimiz də sıxılmasın.
Tyaqo qardaşının gitar çalmağını çox sevirdi. O, Rodriqonun yanındakı ot presinin yanına gəlib oturdu və diqqətlə qulaq asmağa başladı.
Rodriqo həzin bir musiqi çalırdı. Gözləri birdən doldu, amma bunu bəlli etmədi. Dik durmalı idi. Onlar El Libertadorun, xalqın səsi idilər. Bu səs xırıltılı yox, daha gur çıxmalı idi.
Mahnı bitəndən sonra Tyaqo əlini qardaşının qoluna qoydu.
Alehandro isə üç qarış genişliyində olan balaca pəncərədən çölə baxırdı. O bilirdi ki, bir gün Bolivarın ordusu gəlib onları xilas edəcək.
Dan yeri yeni sökülürdü. Rodriqo hamıdan əvvəl oyanmış, çölə baxırdı. Günəş yeni doğurdu. Günəşin işığı balaca barmaqlıqlardan içəri düşüb Alehandronun üzünə dəyəndə o da oyandı.
Tyaqonu oyatmaq istəyəndə Rodriqo dedi:
— Qoy yatsın, dəymə. Qoy yuxularında gənc olsun, azad olsun. Oyansa yenə bu səfil yerdə olacaq.
Rodriqo bir müddət Tyaqoya baxdı və birdən dilləndi:
— Alehandro, biz neçə ildir dostuq. Qardaş kimiyik.
— Əlbəttə elədir, Rodriqo. Sən hara, mən ora.
— Bilirəm. Səndən bir xahişim var.
— Buyur, amiqo.
— Mənim iki istəyim var. Əgər haradasa ölsəm, bu gitaranı son dəfə çal ki, ona qulaq asım. Bir də günəş batarkən El Libertadoru son dəfə görmək istəyirəm.
— Amiqo, birinci dediyin asandır. Amma ikinci…
— O gələcək, Alehandro. Mən inanıram. Bolivar o oğullardan deyil ki, bizi tək qoysun.
Bu söhbətin üstündə Tyaqo oyandı:
— Qardaş, kim gələcək?
Rodriqo gülümsədi:
— Gələndə görəcəksən. Onu görmək və tanımaq şərəfinə sən də nail olacaqsan.
— El Libertador?
Alehandro başını yuxarı-aşağı tərpətdi.
Onlar yemək yeyirdilər. Tyaqo divarda nəsə cızma-qara edirdi. Yemək istəmirdi.
Rodriqo yeməyini bitirdi, bir papiros yandırdı və mahnı oxumağa başladı. Alehandro heyranlıqla ona qulaq asırdı.
Elə bu anda çöldən partlayış səsi gəldi.
Alehandro dedi:
— Bu nə səsidir?
Rodriqo ayağa qalxdı:
— Onlar gəldi… O gəldi!
Tyaqo tez ayağa qalxıb çölə baxdı. Birdən sarı, qırmızı və mavi rəngli bayraq tutmuş atlı dəstələri gördü və qışqırdı:
— Qardaş! Tez gəl! Bunlar onlardır?
Rodriqo çölə baxdı. Gözləri doldu. Qürurla qışqırdı:
— El Libertadorun ordusu! Onlardır! Bolivarın dəstələri! İgidlər gəlib bizi xilas etməyə!
Alehandro dedi:
— Onlara necə kömək edə bilərik?
Elə bu anda həbsxananın qapısı qırıldı. Dəstələr içəri girmişdi.
Üç əsir də onların köməyi ilə çölə çıxdı.
Tyaqo sevinc içində deyirdi:
— Biz artıq qurtulduq!
O, El Libertadoru görmək və onunla birlikdə döyüşmək üçün səbirsizlənirdi.
Rodriqo isə sevincdən titrəyirdi:
— Oradadır… El Liberta—
Hər şey o anda baş verdi.
Rodriqo cümləsini bitirmədən yerə yıxıldı. Xain tüfəng gülləsinə tuş gəlmişdi. Ürək nahiyəsindən vurulmuşdu.
Tyaqo qışqırdı:
— Rodriqo! Qardaşım!
Alehandro donub qaldı. Tez onun yanına çökdü.
— Qardaşım, yaxşı olacaqsan! Bax, xilaskar gəlib! El Libertador bizə görə gəlib!
Rodriqo xırıltılı səslə dedi:
— Tyaqo… yenə deyirəm… məni bağışla. Sənə yaxşı həyat yaşada bilmədim…
— Rodriqo! Sən hər şeyi etdin! Mənim həyatımda sənin varlığın hər şey idi!
Rodriqo Alehandroya baxdı:
— Amiqo… nə demişdik?
— Bilirəm… amiqo…
— Tyaqonu sənə əmanət edirəm. Ona yaşaya bilmədiyi gəncliyini yaşat…
Rodriqo başını günəşə tərəf çevirdi.
Elə həmin anda uzaqda bir siluet görünürdü. O idi.
El Libertador.
Xilaskar.
Günəş batarkən necə heybətli və igid görünürdü…
Rodriqo pıçıldadı:
— İndi arxayınam ki, sizi qoruyan olacaq…
Alehandro gitaranı açdı və yavaş, həzin bir musiqi çalmağa başladı.
Rodriqonun arzusu gerçəkləşmişdi.
O, artıq istədiyinə çatmışdı.
Gözündən bir damla yaş süzüldü. Bədəni soyudu.
Tyaqo onu bağrına basdı.
Alehandro gitaranı çalıb bitirdi və Rodriqonun açıq qalan gözlərini yavaşca yumdu.
O titrəyirdi.
Amma qorxmurdu.
Çünki xilaskar gəlmişdi.
İndi onlar da onun kimi xilaskar olmalı, xalqını düşmən əlindən xilas etməli, Rodriqo kimi inamlı və cəsur igidlər olmalı idilər…
Dr. Paradox
16.03.2026
"Cənubi Amerikanın xalqlarının azadlığı və Simon Bolivar xatirəsinə hörmətlə".
Şərhlər (0)