Mexaniki ölüm
- Ehey, nolub sənə, Sem?
- Heç... Hər şey qaydasındadır.
- Dəqiq?! Mən heç də elə olduğunu görmürəm. Üzündə bütün bəşəriyyətin günahını daşıyırmışsanmış kimi bir ifadə var. Nə məsələdir, bəlkə bölüşəsən?!
- Dünyada hər kəs az, ya da çox günahkardır, amma insanlığın bütün günahlarını bir Adəm oğluna yükləmək, bu məncə, düzgün olmazdı. Məni sıxan məsələylə gəldikdə bu tamam başqa bir şeydir. İnsanla, bəşəriyyətlə əlaqəsi həm var, həm də yoxdur.
- Bir az daha aydın və açıq desən əla olar, Sem.
- Rok, səncə, SR-lərin ruhu var?
- SR-lər (ServerRobots) və digər humanoidlərin, hyubotların ( human + robot ) ruhu olduğunu deyə bilmərəm, amma duyğu prosessorları var. Bu da onlara insanabənzər bir emosional görüntü verir. İnsan qədər olmasa da, onlar da nələrsə, hiss edirlər.
- Yox, Rok, anlamırsan, məsələ onların indi, həyatda olduqları vaxtla bağlı deyil. Mən onların sonrakı aqibəti ilə maraqlanıram. Yəni, hyubotlar "öldükdən" sonra nə olur?
- Sem, ölmür, onlar sadəcə istismar müddətini başa vururlar. Bu qədər.
- Bilirəm, mən də səninlə eyni fikirdə idim.
- Fikrini dəyişən nə oldu?
- Saxlama evi...
- Saxlama evi?
- Hə, daha doğrusu orada qarşılaşdığım bir SR-7.
- Ona nə olmuşdu ki!? Zəhmət olmasa, bir az daha təfsilatı ilə danışa bilərsən. Həm sən rahatlayarsan, həm də mən bu halının səbəbini öyrənmiş olaram.
- Yaxşı, ona əvvəlcə içməyə bir şey ver. Boğazım quruyub sanki...
***
İçində buz kubları olan viski dolu stəkanı əlində o tərəfə, bu tərəfə hərləyərək qeyri - müəyyən bir nöqtəyə baxırdı. Dərin düşüncələrin əsiri olduğu bəlli idi hər halından. İçindəkiləri açıb desə, həqiqətən rahatlıq, yüngüllük hiss edər, amma niyəsə hələ də susurdu. Rok ( əsl adı Rokfeld idi, amma aralarındakı yaxın dostluq münasibəti onun adının Rok, dostu Samuelinkini isə Sem olaraq qısaltmışdı.) barın arxasında səbrsizliklə Semin sözə başlamağını gözləyirdi, o dostunun çox yumşaq qəlbli və emosional olduğunu bilirdi. Amma indiki vəziyyətinə hansı hal və ya hadisənin səbəb olduğunu da öyrənmək pis olmazdı. Viski stəkanını yerə qoyub boğazını arıtlayan Sem sözə başladı:
- Keçən həftə, tarix və gün dəqiq yadımda deyil, Saxlama evlərinin birinə getmişdim. Köhnə model hyubotlardan birindən müsahibə almalı idim. Mənim istəyimə uyğun olaraq məni orada olan ən köhnə versiya olan SR-35 ilə ( 2035-ci ildə istehsalına başlanılmış, o dövr üçün son model hyubotlardan biri idi) tanış etdilər. Mən əvvəllər də bu işi görmüşdüm. Axı mən hyubot psixo-texnologiyası üzrə təhsil alıram. Mən hardan bilə bilərdim bu dəfəki müsahibə məni belə sarsıdacaq... - deyib bir qədər susub nəfəsini dərdi, bir qurtum viski içib yenə stəkanın dibində hardasa bir nöqtəyə zilləndi. Rok hələ də onu diqqətlə dinləyirdi, Sem özü də bunu bilirdi.
- Otağa daxil olanda SR-35 çox "yaşlı" və "xəstə" ( buradakı "yaşlı və xəstə" sözləri 2050-ci ildən əvvəl istehsal olunan və çox zədəli, paslı və dəyişilməyən ehtiyat hissələri olan hyubotlar üçün istifadə olunur) olmağına baxmayaraq ayağa qalxdı, titrək ayaqları ilə mənə tərəf bir-iki addım atıb əlini uzatdı, əlini qaldıran zaman köhnə və aşınmış metaldan olan oynaqları sürtünməsi paslı dəmir qapı açılan zaman çıxan səsə bənzər bir səs çıxardı. Nəzakətlə salamlaşdım, özünü Kristofer Cennok kimi təqdim etdi və onu Kris deyə çağıra biləcəyimi əlavə etdi. Mən də özümü təqdim etdim. Gəlişimin məqsədini demək istəyirdim ki, sol əlinin işarə barmağını yüngülcə qaldırıb üzr istəyərək gəlişimin səbəbi haqqında məlumatlı olduğunu dedi. Prosesə bələd olduğu üçün başladı özü danışmağa:
- Dediyim kimi, cənab Samuel, mənim adım Kristofer Cennokdur və 2035-ci ilin ilk istehsal olunan SR-lərindənəm. İlk sahibim Yuxarı Şəhər sakini idi. ( New-York iki böyük hissəyə bölünür: Yuxarı Şəhər və Aşağı Şəhər. Yuxarı Şəhərə göydələnlərin iki yüz və ondan yuxarıdakı mərtəbələri, həmçinin yeni tikilən və planetin maqnetik sahəsi sayəsində havada asılı kimi duran evlər, binalar aid idi ki, buralarda əsasən lüks və dəbdəbəli həyat hökm sürürdü. Aşağı Şəhəri də, məncə, təsəvvür etdiniz artıq.) Xanım Anita Meyer. Orta yaşlı bu qadın çox nəzakətli və yüksək mədəniyyət, savad sahibi biri idi. Mənə ad, pasport verərək mənim adi bir qulluqçu hyubot yox, onun bir dostu, yoldaşı olduğumu mənə hiss etdirməyə başladı, elə ilk gündən. Çox da uzadıb sizi yormaq istəmirəm, qisasını deyim ki, Xanım Anita öz ömrünü başa vurana qədər mənimlə əsl insan kimi rəftar etdi. Daha sonra onun vəsiyyətinə əsasən məni kiçik nəvəsi Parker aldı, bu içki və qadın düşkünü, əxlaqi problemləri olan adam ya məni gərəksiz bir əşya kimi kənara, zirzəmiyə atır, yaxud da bir qul kimi olmazın əzablarla, ağır və istifadə təlimatıma uyğun olmayan işlərlə yükləyirdi. Bilmirəm buna xoşbəxtlik demək nə qədər düzgündür, ancaq xoşbəxtlikdən onun da ömrü elə uzun çəkmədi, cənab Parker yüksək dozda alkaqolun təsiri ilə 412-ci mərtəbədəki mənzilin eyvanından düşdü. Bunlardan sonrakı digər bütün sahiblərim ilə də bu və ya digər dərəcədə pis yaxud yaxşı həyat yolu keçdim. Günlər, aylar, illər gəlib getdikcə insanlar haqqında daha çox şey öyrənirdim, ancaq hələ də insanları başa düşə bilmirəm. Düzü, artıq bununla heç maraqlanmıram da...
- Aydındır, Kristofer, sizi anlayıram. Mən insanam, amma heç mən özüm də özümü, digər insanları başa düşə bilmirəm. Çətin məsələdir. Mənim daha bir neçə sualım olacaq sizə. Sizin kimi hyubotlar üçün yenidən ehtiyat hissələr istehsal olunması yoxsa ( bunu deməkdə bir az tərəddüd etdim) evtanaziya edilmək? Sizcə hansı daha düzgün seçim olardı?
- Bilirsiniz, cənab Samuel, bu bir seçim məsələsi deyil. Bu bir qanundur. Biz ... Biz insanlar üçün sadəcə əşyayıq. Köhnə əşyalar isə həmişə atılır, yenisi gəlir yerinə... Mən atılmaq istəmirəm... Mən yaşamaq istəyirəm... - deyib susdu. Onun üzündə, gözlərində qəribə bir ifadə var idi, daha əvvəl hansısa hyubotda görmədiyim, hiss etmədiyim bir şey idi bu. O, sanki, əzab çəkirdi, "yaşamaq istəyirəm" deyərkən bunu elə içdən dedi ki, bir an onun edam məhkumu insan olduğunu zənn elədim. Verəcəyim sualları unutmuşdum, nə deyəcəyim barədə fikirləşirdim. Görəsən, bu Hyubotu bu qədər xüsusi, insanvari edən nə idi. Onun yaşadıqlarımı, yoxsa onun davamlı öyrənmə və inkişafını təmin edən suni intellekt sistemimi?! Mən düşünüb bir söz tapana qədər o davam etdi danışığına, görünür o da nə deyəcəyi barədə fikirləşirdi:
- Mən sadəcə zədələnmiş və bəzi detalları dəyişilməyə ehtiyacı olan bir hyubotam. Ancaq bunu mən edə bilmərəm, heç qanunlar da buna imkan vermir. Bəs siz, cənab Samuel? Siz mənə kömək edə bilərsiniz? - deyərək düz gözlərimə zilləndi. Bir hyubotun bir insandan kömək istəməyi, məncə, ilk dəfə baş verən bir hadisə idi. Yalnız bu zaman anladım ki, mən də indiyə qədər digər insanlar kimi hyubotları bir əşyadan artıq bir şey kimi görmürəmmiş. Utandım... Səssizliyim hələ də davam edirdi. Cavab vermədiyimi görüb xəfifcə gülümsədi, başını aşağı salıb, təşəkkür etdi:
- Çox sağ olun, cənab Samuel, bu söhbət məni tamam rahatlaşdırdı. Minnətdaram sizə. Deyəsən, vaxtımız başa çatıb. ( cəld ayağa qalxaraq) Gəldiyiniz üçün çox şadam. Sizi tanımaq və söhbətləşmək mənim üçün şərəfdir - deyib əlini uzatdı. Biixtiyar əlini sıxdım, qısaca "sən də sağ ol" deyə bildim. Deyəsən, həyatda ilk dəfə idi bu qədər təsirli bir müsahibə alırdım.
Binadan çıxanda mənə elə gəlirdi ki, indi başqa biriyəm. Bir şeylər dəyişmişdi məndə. Müxtəlif düşüncələr içində evə gəldim. Bir neçə gün bu haqda dərin araşdırmalar apardım. Özüm də fərqində olmadan Kristoferi necə xilas edə biləcəyim barədə düşünürdüm. Və nəhayət axtarışlarımın üçüncü günü istədiyimi, deyəsən , tapmışdım. Müəyyən qism hyubotların, təbii ki, bu Mərkəzi Kollegiyanın icazəsi ilə olur, müayinə olunduqdan sonra yaddaşını yeni bədənə köçürmək ( əgər texniki göstəriciləri imkan verirsə) və onu yenidən "diriltmək" mümkün idi. Bu əsl tapıntı idi. Dərhal lazımi proseslərin icrasına başladım... - bu yerdə susdum. Rokun maraq dolu gözləri hələ də məni izləyirdi. Kulminasiya nöqtəsində dayanmışdım. Rokun "bəs sonra nə baş verdi?" sualını gözləmədən davam etdim:
- Saxlama evi xüsusi bayram günü münasibətilə ictimaiyyətə bağlı olduğu üçün ancaq iki həftə sonra ora gedə bildim. Kristofer ilə görüşmək istədiyimi bildirdim. Ancaq bunun mümkün olmadığını dedilər... Kristofer bir gün əvvəl evtanaziya tələb edərək öz varlığını sonlandırmışdı. Bu xəbərlə içimdə bir çöküş yaşandı. Cismim küləkdə sovurulan qurumuş yarpaq kimi binadan çıxıb küçələrdə hərləndi. Hərdənbir onun simasını yuxumda mənə gülümsəyən şəkildə görürəm. Rok mexaniki gözlərindəki qeyri -müəyyən ifadə ilə boş stəkanı viskiylə doldurdu...
30. 10. 2022 Gəncə
Şərhlər (7)