Beş il qabaqdan - Yusif Əhməd
Beş il qabaqdan - Yusif Əhməd
Səslərə qulaq asaraq oxu:
— Nazim müəllim, qabağdan bələdiyyə seçkiləri gəlir, belə də çox vaxt qalmayıb. Nə fikrin var?
— Bilirəm, bilirəm, Namiq. Namizədəm də, görək nə edirsiz də, — deyə Nazim çaydan bir qurtum içdi.
— Nə edirsiz deyəndə ki, sən də gərək bu camaat üçün nəsə edəsən də.
— Ayəə, başlama yenə çayxana söhbətlərinə. Büdcəmə uyğun hərəkət edirəm də mən də.
— Nazim, sən Allah, bu büdcə hardan gəlir? Yəni belə pis başa düşmə ha. Deməyim odur ki, bəlkə mən də beş ildən sonra namizəd oldum.
— Düzəlmirsiz də, vallah, düzəlməyəcəksiz də, — deyə Nazim əlini əlinə vuraraq lağ mənasında gülümsədi.
— Nə dedim, zalımoğlu, sən də hazırsan elə adamı pərt eləməyə, — Namiqin səsində inciklik duyuldu.
— Ay sənin başına dönüm. A kişi, halal pul qazanıram da, Namiq. O boyda vəzifədə işləyirəm. Yarısını evə, yarısını da atırdım qırağa, yığa-yığa bu günlərə saxlamışdım da.
— De də bunu da səndə ki… — deyə Namiq çaydan qurtumladı.
— Yaxşı nəysə, bu günlük bu qədər bəsdi. Mən də gedim duş alım, yaman yorulmuşam. Sabah vaxtım olsa, gələrsən, bir şahmatdan oynayarıq.
— Nə deyirəm, qonşu, — Namiq ayağa qalxaraq əlavə etdi, — gələrəm. Hə, bir də nə dəstək lazımdırsa, göstərərik ki sən seçiləsən.
— Bax, əsl qonşu belə olar, — deyə qəhqəhə çəkərək əlini Namiqin əlinə vurdu.
**
Nazim Quliyev 46 yaşında, R. kəndində yaşayan, uzun illər Fövqəladə Hallar üzrə Nəzarət şöbəsində çalışmışdı. Kənddə ona həm hörmət edirdilər, həm də bir az çəkinirdilər. Çünki “Nazim müəllimin hər yerdə adamı var” deyirdilər. Hazırda isə rayon idarələrinin birində işləyən nüfuzlu bir şəxs kimi tanınırdı. İndi isə o, bələdiyyəyə namizədliyini irəli sürmüşdü.
Seçkilərə cəmi ikicə gün qalmışdı. Əlbəttə, namizədliyini irəli sürənlər bu camaat üçün nəsə etməli idi ki, seçkilərdə qalib gəlsin. O düşünürdü ki, büdcəsinə uyğun kənd üçün nəsə edib. Kəndin bir hissəsində olan yol problemini həll etmək üçün layihə hazırlamışdı. Amma büdcə məhdud idi və hər şeyi özü qarşılayacaq qədər imkanlı deyildi. Ona görə də yaxın tanışları ilə məsləhətləşib, yolların dövlət tərəfindən təmir olunması üçün sənədləri rəsmi şəkildə bələdiyyəyə təqdim etmişdi. Hər şey qanuni, şəffaf olmalıydı.
Bir gün çayxanada oturanda kəndin köhnə ağsaqqalı yaxınlaşıb dedi:
— Nazim, sənin kimi adam bu kəndə lazımdır. Amma unutma, burda işlər bəzən gözlədiyin kimi getmir.
Nazim başını sallayıb cavab verdi:
— Bilirəm, ağsaqqal. Amma dəyişmək üçün bir yerdən başlamaq lazımdır da.
Səhər qara “Prado” Nazimi evindən götürüb getdi. Çayxananın yanından keçəndə Nazim köməkçisinə dedi:
— Saxla burda.
Maşından enib çayxanaya girdi. Kəndin ağsaqqalları və gənclərindən də çayxanada idi. Boş qalan masaya əyləşdi. Onu görən ofisiant yanına gələrək dedi:
— Buyurun, Nazim müəllim, xoş gəlmisiz.
— Xoş gördük, oğul. Bir çaydan zaddan gətir, içək.
— Bu dəqiqə.
Kəndin ağsaqqallarından biri üzünü Nazimə tutub dedi:
— Sabahın xeyir, Nazim müəllim.
— Sabahın xeyir, Tofiq əmi.
— Narahat olma, dağ kimi arxandayıq.
— Allah ömür versin. Mən də nə lazımdırsa bu camaat üçün, bu kənd üçün edəcəm.
Hamı bir ağızdan “Amin” dedi. Çayını içib qurtarandan sonra üzünü insanlara tutub:
— Di, salamat qalın. Hər şey yaxşı olacaq.
— Sağ ol, bala, arxayın ol.
Oradan çıxıb maşına əyləşib kənddən çıxanda Nazim sakitcə yoluna baxdı. Günəş yavaş-yavaş dağların arxasından yüksəlirdi. Bir azdan şəhərin küçələrinə yaxınlaşdılar. Avtomobil sıxlıqdan yavaşlayanda Nazim müəllim telefonuna baxdı. İşə gecikməmişdi. Hələ vaxta var idi. Ümumiyyətlə, Nazim işə gecikməyi və yaxud işçilərdən işə gecikəni sevmirdi. İşində məsuliyyətli idi. İçində rahatlıq var idi. Bu gün səhər kənddəki söhbətlər, insanlarla qarşılıqlı hörmət onu daha da sakit və əmin etmişdi.
Namiq isə kənddə çağırışaqədərki müəllim işləyirdi. 51 yaşı var idi, amma hələ də dərsə gəlişi və şagirdlərlə ünsiyyəti onu gənc ruhlu göstərirdi. Namiqin keçmişi də maraqlı idi. Gənc yaşlarında şəhərdə bir müddət müəllimlik etmişdi, amma kəndə qayıdıb burada tədris etməyə qərar vermişdi. Düşünürdü ki, uşaqlara sadəcə dərs keçmək kifayət deyil, onları həm də həyatı başa düşməyə, insanlarla yaxşı ünsiyyət qurmağa hazırlamaq lazımdır. Kənddə hörmət sahibi, sayılıb-seçilən müəllimlərdən idi.
Dərsini bitirib evə getməyə hazırlaşırdı. Korridorda artıq seçkiyə aid hər şey hazırlanmışdı. İki gündən sonra burada qonşusu Nazimə səs verəcəkdi.
**
Nazim həyətdə oturub samovar çayı dəmləmişdi. Kənddə samovar çayının ləzzəti tamam başqa idi. Bir azdan evlərinə Namiq gəldi. Axı o, dünən Namiqə özü demişdi ki, şahmat oynayacaqlar.
— Xoş gəlmisən, — deyə Nazim stəkanı masaya qoyub ayağa qalxdı.
— Xoş günlərə gələk, Nazim müəllim, — Namiq ona uzadılan əli sıxdı.
— Bax, əsl şahmat havasıdır ha, hə? — güldü.
Şahmatı artıq çoxdan masaya qoymuşdu. Bilirdi ki, Namiq öz işində dəqiqdir. “Gələcəm” dedisə, mütləq gələcək.
— Gözlə, bir samovar çayı süzüm sənə, — deyə Nazim əlavə etdi.
— Pəhh… — yerini stolda rahatladan Namiq müəllim köks ötürdü.
Bu, təbii ki, Nazimin gözündən qaçmadı.
— Nolub yenə?
— Nə bilim, hərdən adam darıxır da keçən günlər üçün…
— Olan şeydi. Əsas odur canın sağdı. Buna da şükür, — çayı gətirib masaya qoydu.
— Həyəcanlısan, Nazim?
— O da sözdü. Bircə bu iki gün gəlib keçsəydi, bir rahat nəfəs alardım.
— Narahat olma, hər şey yaxşı olacaq. Təki sağlıq olsun.
— Səncə seçiləcəm?
— Niyə də yox? Sənin o gədədən nəyin əskikdi ki?
Nazim bir az fikrə dalıb dedi:
— Taladı ye bu kəndi. Bircə dəfə yaxşı işini görmədik onun.
— Adam beş ilə elədiyini elədi. İndi görək sən nə edəcəksən.
— Namiq müəllim, axı mən onunla bir tutulası adam deyiləm axı.
— Onu kim deyir ki?
— Deyən deyir də, — başı ilə Namiqin özünə işarə etdi.
— Yox, a kişi, sənə güvənirəm. Təkcə mən yox, bu kənd hamı sənə güvənir. Yoxsa sən də belə olsan, qapazı qoyacam başına.
İkisi də güldü.
— Bax, Nazim, beş il az müddət deyil. Bu beş ildə bu kənd üçün nə yaxşı iş görsən, sənin xeyrinədi.
— Bilirəm, bilirəm. Elə deyirsən ki, elə bil balaca uşaqzadam.
Bir müddət söhbət edib şahmat oynadıqdan sonra Namiq evinə getdi. Nazim də həmişəki kimi duş aldı. Sonra telefonunu götürüb köməkçisinə zəng vurdu.
— Buyurun, Nazim müəllim.
— Nə eləyə bildin?
— Nə demişdinizsə, onu da elədim.
— Mənə bax. Çalış o uşaqlara de, bacara bilirlərsə, o məktəb uşaqlarına, o yuxarı sinifin gədələrinə də paylasınlar. Amma bax ha, tapşır ki, ehtiyatlı olsunlar. Gəlirimiz ondan çıxır.
— Qəti narahat olmayın.
— Yaxşı, gecən xeyrə.
Nazim “gəlirimiz ondan çıxır” deyəndə nəyi nəzərdə tuturdu ki? Nəyi olacaq, əlbəttə narkotik. Deməli, belə çıxırdı ki, Nazim halal zəhməti ilə yox, haram pullarla iş görürmüş. Bu beş ildə belə çıxırdı ki, camaatın qanını sovuracaqdı. Əsas o idi ki, seçilsin, sonra isə elədiyini eləsin. Yaxşı, bəs hüquq-mühafizə orqanları? Onlara xəbər çatsaydı, bəs necə olacaqdı? Əlbəttə, Nazim onu da fikirləşmişdi. Onun rayon prokurorluğunda Əmrah adlı bir tanışı var idi. Onun da cibinə müəyyən miqdarda pul salıb məsələni bağlayacaqdı. Amma heyif… Nazim bu kəndin bələdiyyə sədri seçildikdən sonra uşaqlar yoldan çıxacaqdı. Bəs onların gələcəyi Nazimi heçmi düşündürmürdü? Əlbəttə yox. Axı əgər düşündürsəydi, belə iş tutardımı?
**
Nəhayət ki, o həlledici gün gəlib çatdı. Artıq seçkilər başlayıb və bitmişdi də. Namiq də həmin gün məktəblərində seçki nəzarətçisi idi. Seçki nəticələri yəqin ki, sabah açıqlanacaqdı. Hələ dünən gecə Nazim Namiqə zəng vurub tapşırmışdı ki, bacardığı qədər qanunsuzluğa yol versin. Bunun müqabilində Namiqə pul və bir də vəzifə vədi vermişdi. İndi sual bu idi: Namiq bunu qəbul etmişdimi?
Seçkilər bitəndə qutular bağlamaya qoyulub məktəbdə saxlanıldı. Axşam isə çayxana qaynayırdı. Hamı seçki nəticələrini səbirsizliklə gözləyirdi. Görəsən, Nazim seçilmişdimi? O da çayxanada idi və çox sevincli görünürdü. Burada ağsaqqallarla bərabər gənclərin də başı dominoya qarışmışdı. Onların arasından arıq, gözü çuxura dönmüş biri Nazimə əlini qaşıyaraq baxırdı. Nazim başa düşdü ki, artıq bu gəncə “əmanət” çatmalıdır.
Birdən çayxanaya böyük həyəcanla daxil olan Namiqin nəvəsi nəfəsini boğaraq dedi:
— Məktəb… məktəb…
— A bala, nolub? — deyə ağsaqqallardan biri dilləndi.
— Məktəb yanır!
— Nəə?! — deyə yerindən dik atılan Nazimi həyəcan bürüdü.
O niyə həyəcanlanmışdı? Hə, axı orada Nazimə məxsus olan seçki səsləri var idi və Nazimin etibarlı yeri təkcə ora idi. Çünki o gecə Namiqə zəng vurub hər şeyi tapşırmışdı. Bu yolda təkcə ona Namiq kömək edə bilərdi. Amma indi? İndi isə nəvəsinin dediyi doğru idisə…
Nazim dərhal “Prado”ya əyləşib məktəbə tərəf istiqamət aldı. Doğrudan da, gecənin qaranlığında məktəb alova bürünmüşdü. Buna dözə bilməyən Nazim dərhal köməkçisinə göstəriş verib içəriyə daxil olmağı əmr verdi. Bu onun üçün o qədər dəyərli idi ki, hətta canını belə oda yaxırdı. Nazim köməkçisi ilə birgə məktəbin giriş qapısını qırıb içəri daxil oldular. Birdən içəridən böyük partlayış baş verdi. Bununla birgə heyvani çığırtıya bənzər səslər də eşidildi. Böyük ehtimalla artıq Nazim həyatda yox idi.
Uzaqdan isə bu hadisəyə tamaşa edən iki nəfər bu mənzərəni acınacaqlı şəkildə izləyirdi. Bunlardan biri bu məktəbin çağırışaqədərki müəllimi Namiq müəllim, digəri isə rayon prokurorluğunun əməkdaşı Əmrah Əmrahov idi. İki gün bundan əvvəl Nazimin köməkçisinin uşaqlara “əmanəti” verdiyini öz gözləri ilə görmüş və bundan çox sarsılmışdı. Bu gün isə o, Əmrahın kabinetinə daxil olub ondan istəyini həyata keçirməyi xahiş etmiş və bunun müqabilində cəzaya layiq görülməyini də bildirmişdi.
Bəli, o artıq məqsədinə çatmışdı. Bundan iki saat əvvəl məktəbin giriş qapısına boş minamyotu doldurmuş və yerləşdirmişdi. Sadəcə an məsələsi var idi ki, Nazim içəriyə daxil olanda ayağını onun üstünə basıb partlayacaqdı və belə də oldu. Əmrahın əlində iki dəmir halqa açılaraq Namiqin biləklərinə keçdi. O artıq qərarını düz iki saat bundan əvvəl vermişdi. Nazim bu kəndin bələdiyyəsi ola bilmədi amma Namiq də sanki bugündən ta beş il qabağa keçmiş kimi bələdiyyəyə seçilmiş, kənd üçün elədiyini eləmişdi…
Hə Namiq müəllim, bəzən də qalib olmaq üçün hər şeyi itirmək lazım gəlirmiş…
TEC Yazarlar klubu" loading="lazy">
Şərhlər (2)