Tərs nidalar ¡!

Tərlan evə deyəsən bir az gecikmişdi. Ayaqqabılarını qorxa-qorxa çıxarırdı. Çünki bilirdi ki, içəridə onu nələr gözləyir. Qapının qolpunu yavaşca sıxıb içəri daxil oldu. Masa arxasında, qaşqabaqlı halda isə qamçıya bənzər rezinlər var idi. Tərlan çantasını belindən yavaşca çıxarıb kresloya qoydu.
— Hardaydın, əə küçükk? — deyə atasının səsi onu yerindən dik atılmağa məcbur etdi.
— Uşaqlarla idik, ata, qurbanın olum, əsəbləşmə… — qorxudan dili topuq vurmağa başladı.
— Əə, mən sənə demirəm evə vaxtında gəl? Yoxsa sən məni it yerinə qoymursan? — ayağa qalxıb rezinlərlə o ki var Tərlanı döyməyə başladı.
Artıq demək olar ki, Tərlan buna öyrəşmişdi. Səsi isə o ağrıya dözə bilmişdi.
— Güya bilmirəm? Güya bilmirəm o başıboş əclafın yanına gedirsən, hə?
Atası “başıboş əclaf” deyəndə qonşu məhəllədəki Zahid kişini nəzərdə tuturdu. Zahid kişi çox ağıllı, bilikli adam idi. Tərlan onun yanına gedərkən çox şey öyrənirdi. Atası ona oxumağa icazə vermədiyi üçün yalnız məktəbə göndərirdi. Lakin o, məktəbin verdiyi təhsillə tam qidalana bilmirdi. O istəyirdi ki, daha çox şey bilsin və o da ziyalı adamlardan olsun. Ona görə də Zahid kişinin yanına gedib öyrənirdi. Həm də Zahid kişi ona elmi biliklərlə yanaşı, həyatı biliklər də öyrədirdi.
— Sənin beynini axmaq-axmaq fikirlərlə doldurur, göndərir üstümüzə. Nə olacaq səndən? Kim olmaq istəyirsən sən? Kimm??
Atasının qışqırıqları ona təsir etmirdi. Çünki hər gün bu sözləri eşidirdi.
— Özünü Akifin oğluna bənzətmək istəyir, özünü onlarla bir tutur. Ay sənin boyunu yerə soxum! Sən hara, onlar hara! — deyə anasının bu sözləri sanki ona güllə yağışı yağdırırdı.
Özünü soyuq divara söykəyib düşünürdü. Gözlərindən yaş damcıları süzülürdü. Barmaqları ilə özünü yavaşca çimdikləyirdi. Dodaqlarını dişləyir, öz görünüşünü göz önünə gətirib özünə nifrət edirdi. Sınmışdı. Hər şeydən incimişdi. Qaçıb getmək istəyirdi buralardan. Amma bacarmırdı.
Ürəyində öz-özünə deyirdi:
“Kim olmusan axı sən? Kimdə kim? Özünü gör kimlərlə bir tutursan sən? Hamı sənə nifrət edir. Nə bir normal geyimin var, heç adama da oxşamırsan. Sən nəçisən axı?”
Bu sözləri təkrar etdikcə göz yaşlarını saxlaya bilmirdi. Ayaq üstə durmaq istədi, amma bayaqkı zərbələrə görə artıq keyimişdi.
Atası ayağa qalxıb nazik pencəyini, təsbehini götürüb evdən çıxdı. Yəqin ki, çayxanaya gedirdi. Anası isə otağına çəkilmişdi.
Hava günəşin qırmızı şüalarından hər tərəfi qırmızıya bürünmüşdü. Qürub edən günəşin şüaları Tərlanın düz üzünə düşürdü. Gözlərini yumdu. Bədənini istilik bürüdü. Söykəndiyi divar indi sanki bir qaz piltəsinə dönmüşdü.
Yenidən içində danışmağa başladı:
“Yat, dur, hər şey düzələcək. Görəcəksən hər şey yuxu idi.”
Bu düşüncələrlə artıq o, şirin yuxuda idi.
Birdən yuxusunda gördü ki, yola çıxıb və bir maşın ona zərbə ilə dəyir. Birdən diksinərək yuxudan ayıldı. Sən demə, maşın zərbəsi yox, atasının vurduğu təpik zərbəsi imiş.
— Cəhənnəm ol yerinə!
— Ata, belə niyə edirsən, qurbanın olum? Mən pis uşaq deyiləm axı. Pis iş görmürəm axı. Sadəcə oxuyuram, adam olmaq istəyirəm, insan kimi yaşamaq istəyirəm.
Atası onun köynəyinin yaxasından tutub yuxarı qaldırdı. Onu divara sıxıb nifrətlə dedi:
— Sən adam deyilsən və nidaaa!
Sonra onu yana itələdi. O, bu sözdən bərk tutulmuşdu.
“Sən adam deyilsən və nidaaa!”
Ayağa qalxıb otağına çəkildi. Qabağındakı kitab şkaflarını divardan yavaşca yana çəkdi. Bir xeyli iş apardıqdan sonra qabağındakı divar bomboş, ağappaq idi.
Tərlanın barmaqları titrəyirdi. Atasının o son sözü “Nida!” beynində sanki bir qamçı kimi şaqqıldayırdı.
O, stolun üstündəki köhnə, ucu yeyilmiş qara kömür qələmini götürdü. Divarın tam ortasına, boyu bərabərində nəhəng bir nida (!) işarəsi çəkdi.
— Mən adam deyiləm, hə?— deyə pıçıldadı.
Səsi otağın boş divarlarında əks-səda verdi.
Sonra gözü anasının otağının qapısına sataşdı. Anasının o soyuq, adamı ruhən sındıran baxışlarını xatırladı. Anası onu döymürdü, amma hər sözü ilə Tərlanı öz gözündə kiçildir, onu tərsinə çevirirdi.
Tərlan qələmi yenidən divara söykədi. Bu dəfə o nəhəng nidanın tam qarşısında, eyni ölçüdə bir tərs nida (¡) çəkdi. Nöqtəsi yuxarıda, gövdəsi aşağıda. Eynilə anasının ona etdiyi kimi bütün dünyasını alt-üst edən, başıaşağı çevrilmiş bir həyat.
Tərlan geri çəkilib divara baxdı. Ağappaq fonda iki simvol üz-üzə dayanmışdı:

¡ !

Tərlan qəfildən qəribə bir hıçqırıqla gülümsədi. Divara yaxınlaşdı. O iki işarənin atası (!) və anasının (¡) yaratdığı o boşluğun tam ortasına keçdi. Kürəyini divara söykədi. İndi o, bu iki simvolun tam mərkəzində idi.
Sol tərəfində başıaşağı çevrilmiş ruhu, sağ tərəfində isə belini qıran o qəti nida.
Birdən əlindəki qələmlə o iki işarənin tam ortasında, öz dayandığı yerdə böyük bir “İ” hərfi cızdı. Amma bu sadəcə bir hərf deyildi. O, nidanın nöqtəsini yuxarı, xəttini isə aşağı çəkmişdi.Divarda artıq belə bir mənzərə yaranmışdı:

¡ İ !

O, döşəməyə çökdü. Dizlərini qucaqlayıb başını aşağı saldı. Divardakı tərs nida ilə eyni formanı aldı.
Otağa qaranlıq çökdükcə divardakı işarələr sanki canlanmağa başladı. Atasının nidası divardan qopub qamçıya çevrilir, anasının tərs nidası isə onu bir quyu kimi içinə çəkirdi.
Tərlan qərarını verdi. Sabah tezdən Zahid kişinin yanına gedəcəkdi. Amma bu dəfə öyrənmək üçün deyil, vidalaşmaq üçün. Çünki o, bu evdə bir “durğu işarəsi” kimi qalmaqdan imtina edirdi.
Səhər açıldı. Tərlan əynini geyinib, guya məktəbə gedirmiş kimi edib evdən çıxıb düz Zahid kişigilə üz tutdu.
Zahid kişi köhnə bağçasındakı tut ağacının altında oturub, eynəyini burnunun ucuna sürüşdürərək qalın bir kitab oxuyurdu. Tərlanı görən kimi onun üzündəki kədəri hiss etdi. Tərlan başına gələnləri, atasının “Sən adam deyilsən və nida!” sözlərini və divara çəkdiyi o qəribə İ! işarəsini birnəfəsə danışdı. Zahid kişi sakitcə onu dinlədi. Sonra kitabını bağlayıb kənara qoydu. Dərin bir ah çəkib Tərlanın gözlərinin düz içinə baxaraq dedi:
“Bax, oğlum, dünya bir cümlədirsə, bəzi insanlar o cümlənin sonuna qoyulan sərt bir nida işarəsi kimidir ancaq əmr etməyi, vurmağı və susdurmağı bilirlər. Bəziləri isə o nidanın tərsinə, yəni ¡ işarəsinə bənzəyirlər onlar da səni sındırıb, ruhunu başıaşağı asmaq istəyərlər. Amma sən unutma ki, İ hərfi tək başına dik duran bir İnsandır. O nidanın nöqtəsi sənin ayağının altındakı torpaq deyil, sənin başının üstündəki idrakındır, ağlındır. Atan səni “nida” ilə bitirmək istəyir, anan “tərs nida” ilə əzmək. Amma sən o iki nidanın ortasında özünü bir İ! (İnsan!) kimi elə ucaltmalısan ki, kimsə səni bir nöqtə ilə bitirə bilməsin. İnsan elə bir nidadır ki, onun nöqtəsini yalnız Tanrı qoya bilər, bəndə yox. Bir də otağındakı o ağ divara cızdıqlarını silmə, qalsın. Qoy o divar sənə hər gün xatırlatsın ki, sən başqalarının cümləsində bir durğu işarəsi deyil, öz taleyinin müəllifisən.”
Zahid kişinin bu sözləri Tərlanın üzünü güldürdü. O, bu adamın yanında elə rahatlıq tapırdı ki, bu rahatlığı heç bir şeyə dəyişməzdi. Amma Tərlan bilirdi nə edəcək. Hətta bundan Zahid kişinin də xəbəri olmayacaqdı. Ayağa qalxıb Zahid kişini o ki var qucaqladı. Gözündən yaş damcıladı, selə döndü sanki… Heç bir şey demədən aralanıb evinə qaçdı.

Axşam saat on birə yenicə işləyirdi. Tərlangilin evinin önü insanlarla dolu idi evlərini alov bürümüşdü. Bu xəbəri eşidən Zahid kişi dərhal özünü ora yetişdirdi. Qonşuların təkidlərinə və xəbərdarlıqlarına baxmayaraq, o, alovların içinə evə daxil oldu. Gördüyü mənzərə qarşısında mat qaldı...
Otağın tən ortasında iki nəfər alovlar içərisində yanırdı. Bunlar Tərlanın atası ilə anası idi. Onlar elə heybətli və dəhşətli görünürdülər ki, sanki diri-diri yanan durğu işarələrinə çevrilmişdilər. Atası dik durmuş vəziyyətdə bir "nida" (!) kimi, anası isə ayaqlarından asılmış halda "tərs nida" (¡) kimi alovlara təslim olmuşdu.
Zahid kişi titrəyən nəzərlərini başı üzərinə, tavana qaldırdı. Bu iki yanan nidanın tam ortasında, tavandan bir nəfər asılmışdı...