Hava yaman soyuq idi. Başında şlyapa, uzun palto, klassik geyimdə olan naməlum adam bir az yeridikdən sonra dayandı. Ətraf insanlarla dolu idi. Bəli, çünki bura vağzal idi. Paltosunun cibindən siqaret çıxarıb tüstülədi. Bir az ətrafı nəzərdən keçirdi. İnsanlar tələsirdilər. Kimisi qatardan enib ailəsiylə qucaqlaşmaq üçün tələsir, kimisi cinayət işləmiş kimi bir anda çıxıb getmək istəyir, kimisi isə hərdən arxasına dönüb birinin yolunu gözləyirdi…

Gəncədən Bakıya gedən qatar reysinin yola düşməyinə cəmi 10 dəqiqə qalırdı. Amma qatarda nə isə qarışıqlıq baş vermişdi. Qətl hadisəsi. Öldürülən mərhum isə polis polkovniki idi. Bu, çox qorxunc görünürdü. Deyəsən, qatar yola düşməyə gecikəcəkdi, çünki burada araşdırmalar aparılırdı. Hava isə getdikcə soyumağa başlayırdı. Sanki qar yağacaqdı. Mərhumu qatardan çölə çıxardılar. Mərhumun öldüyü yer isə siqaret çəkmək üçün ayrılan yer idi. İnsanlar qatara axışdılar. Tələsənlər arasında həmin naməlum da var idi.

Sərnişinlər yerlərini tutduqdan sonra reys Bakıya yola düşdü. İnsanlar təşviş içində idilər. Çünki onlara maraqlı gəlirdi: polis polkovniki necə öldürülə bilər?

Birdən paltolu ayağa durdu. Qatarın nəzarətçisinə yaxınlaşdı. Səsində zəhm var idi.

— Salam, hər vaxtınız xeyir olsun.
— Hər vaxtınız xeyir, buyurun, — deyə nəzarətçi naməlum ilə əl sıxışdı.
— Mən araşdırmaçı jurnalistəm, baş verən qətl barədə sizə bəzi suallar vermək istəyirəm.
— Buyurun.
— Qətl hadisəsi baş verən zaman burada idiniz?
— Burada idim, amma hadisədən xəbərim olmayıb.
— Bəs, hadisədən son dəqiqədə necə xəbəriniz oldu?
— Sərnişinlərdən biri dedi.
— Sərnişin hal-hazırda buradadırmı?
— Əlbəttə.
— Yerini göstərə bilərsiniz?
— Buyurun, buyurun, — deyə nəzarətçi sərnişinin yerini göstərdi.

— Salam, cənab, üzr istəyirəm, narahatlıq verdiyimə görə.
— Buyur, onsuz da ürəyim sıxılırdı.
— Deyilənlərə görə, siz qatarda baş verən qətl hadisəsindən nəzarətçini xəbərdar etmisiniz.
— Həə, bəy, demə, əlim-ayağım titrədi.
— Hadisəni qısa şəkildə başdan danışa bilərsiniz?
— Deyim də… Bir dəqiqə, siz özünüzü təqdim etmədiniz axı?
— Mən araşdırmaçı jurnalistəm.
— Hə, belə de.
— Aha, buyurun.
— Deməli, veşlərimi yerləşdirəndən sonra dedim bir siqaret çəkim. Çöl soyuq idi, aşağıya enmədim. Gəlib elə otağa daxil olan kimi hadisə ilə rastlaşdım. Tez nəzarətçiyə xəbər verdim.

İkisi də dönüb nəzarətçiyə baxdı. Nəzarətçi başı ilə sərnişinin dediyini təsdiqlədi.
— Hmm, şübhəli bir adama rast gəldiniz?
— Ha-ha-ha, — astaca güldü, — siz lap detektivlər kimi danışırsınız. Yox, rast gəlmədim. Bəlkə də, onunla rastlaşmışam, amma fikir verməmişəm. Ağlım başımdan çıxmışdı.
— Təşəkkürlər.
— Oturmuşdunuz da.
— Yox, gedim, çox sağ olun.

Naməlum olduğu yerə qayıtdı. Gözünü yola dikdi. Artıq qar yağmağa başlamışdı. Üstündən bir müddət keçdikdən sonra nəzarətçi yanına gəldi.
— Üzr istəyirəm, olar?
— Buyurun.
— Yadıma bir şey gəldi.
— Aha, — deyə naməlum dəftərçəsini açıb qələmini hazır saxladı.
— Mənə şübhəli gələn məqamlardan biri o idi ki, hadisədən xəbər tutanda polkovnik bıçaqlanmışdı. Öldüyü yerdən üfunət qoxusu gəlirdi.
— Bıçaq olduğu yerdə qalmışdı?
— Bəli, amma bıçaq yanıb rezinə dönmüşdü.
— Hmm… Yaxşı, bəs kameralar necə, onlar işləmirdi?
— Yox, işləyirdi, amma polkovnik bizə tapşırdı ki, otağın kamerasını söndürək.
— Necə, yəni? Niyə?
— Bilmirəm.
— Səbəbini soruşmadınız?
— Yox, biz onu tanıyırdıq, deyə bir şey demədik.
— Siz böyük səhv etmisiniz.
— Elə danışırsınız ki, elə bil siz səhv etmirsiniz.
— Hamı səhv edir. Amma həyatımızda elə böyük səhvlər olur ki, onların analoqu olmur. Bu, böyük səhv idi. Sizin barənizdə şikayət edəcəyəm, siz işinizi düzgün yerinə yetirmirsiniz.
— Əşi, nə istəyirsən, elə. Onsuz da əlində sübut yoxdur, nə edə bilərsən ki?, — deyə nəzarətçi gülümsəyərək ayağa qalxdı.

Nəhayət, reys Bakıya çatdı. Qar hər tərəfi ağa boyamışdı. Naməlum qatardan endi. Bir az irəlilədikdən sonra yaxında olan ağacın altına keçdi. Sanki kimi isə gözləyirdi… Əlində veşləri olan biri tələsərək ona sarı gəlirdi.
— Əl işim xoşuna gəldi?
— Mükəmməl.

Bu, bir az əvvəl qatarda müsahibə aldığı sərnişin idi. O, kimyaçı idi. Əlində gətirdiyi veşlərin içində cürbəcür maddələr var idi.
— Peşmansan?, — deyə o, naməluma tərəf döndü.
— Yox, təbii ki, layiq idi ona. İnsanlara şər atmaq düzgün deyil.
— Yaxşı, bəs bu qətlin başında duran naməlum kim idi?
— O, keçmiş polis kapitanı, cinayət axtarış şöbəsinin detektivi idi. İşində bacarıqlı olduğu üçün mərhum polis polkovniki onu aradan qaldırmaq istəmişdi. Ona görə də kapitanı qanunsuz qətldə ittiham etmişdi. O gündən kapitan işdən çıxarıldı və heç bir yerdə işləyə bilmədi. Beləcə, keçmiş bacarıqlı polis kapitanı fəhləlik etməyə başladı. Onun həyatı o gündən alt-üst oldu. Bu gün isə polkovniki kimyaçının əli ilə qətlə yetirdi.

Əlbəttə, işin üstünü açmaq çətin olacaq, bəlkə də, heç açılmayacaqdı. Çünki kimyaçı əlindəki əlcəkləri çıxarıb bıçağa bükərək gətirdiyi maddələr ilə bıçağı əridib rezin halına gətirmişdi.
— Səndən, əslində, belə qəddarlığı gözləməzdim.
— Mən ədalət axtarışındayam.
— Qatil olaraq?
— Bəzən bir detektiv ədalət üçün qatil də olur…
— Bəzən kimyaçı da ədalətin kimyasını pozan olur… Amma bilirsiniz, rəis, mən kimyaçı yox, jurnalist olmaq istəmişəm.
— Sən bu işdə bacarıqlısan, — deyə kapitan gülümsədi. Gözlə burada, ikimizə kofe alım gəlirəm.
— Olar.

Kimyaçı cibindən kiçik bir cihaz çıxardı. Bu, səsi qeyd etmək üçün işlənən cihaz idi.
— İlk dəfə arzumu sənin üstündə həyata keçirəcəyəm, rəis, — deyə onun arxasınca baxaraq pıçıldadı. Telefonunu çıxarıb səs qeydlərini şəhər prokururluğunda çalışan dostuna göndərdi. Sonra zəng vurub:
— Haradasan?
— Yaxındayam. Hara getdi o?
— Kofe almağa getdi. Gələcək indi. Hazırlıqlı olun.
— Oldu, gözləyirəm.

Səs qeydlərində kapitanın polkovnik üçün qurduğu qətl planı var idi. Kimyaçı ilə plan barədə danışanda səsi bu cihaza qeyd olunmuşdu. Beş dəqiqə sonra kapitan əlində iki kofe ilə gəlirdi. Gələrkən dodaqları altında pıçıldayırdı:
— İndi növbə səndədir, əziz kimyaçı.

Yanına gəlib kofeni ona uzatdı:
— Buyur. Dadına baxdım əladır. Əsl qış havasına uyğundur.
— Əziyyət oldu, rəis.
— Yox, nə əziyyət, halal xoşun.
— Bilirsən də ikimiz də qatilik, əminəm ki, bu sirri bizdən başqa heç kim bilməyəcək, — deyə kapitan kimyaçıya göz vurdu.
— Mənə güvən. Səni deyə bilmərəm.
— Sən də mənə güvən.

Kimyaçı kofeni ondan alıb içdi. Elə bu vaxt prokururluğun üç əməkdaşı onlara yaxınlaşdı. Polis kapitanının əlinə qandal keçirdilər. Bu onun üçün gözlənilməz sonluq oldu. Kimyaçının halı birdən pisləşməyə başladı. Daxilində gərginlik yaranmışdı. Gözləri sanki indi partlayacaqdı. Birdən özündən gedərək qarın üstünə sərildi. Dərisi qaralmağa başladı. O zəhərlənmişdi.
— Nə oldu buna?, — deyə prokuror təəccübləndi. Tez təcili yardımı yığdı. Amma gec idi. Qanına bulaşan zəhər orqanlarını darmadağın etmişdi.

***

Qətlin planlaşdırılması üçün kimyaçı kapitanı evinə dəvət etmişdi. Ona evində olan maddələri göstərdi. Kapitanı kolba şüşəsində olan maddənin adı cəzb etdi.
— Bu nə maddədi belə?
— Bunu özüm hazırlamışam. İnsanın orqanlarını çürüdür.
— Oo, kim üçün hazırlamısan?
— Sənin üçün, — deyə zarafatyana gülümsədi.
— Əlaa, sənin ilə uzun müddət bir yerdə olacağıq.
— Dostluğumuz daimi olsun, rəis.
— Adam qonağa çay təklif edər.
— Üzrlü say, rəis, başımız qarışdı deyə…
— Narahat olma, zarafat edirəm.
— Gətirirəm əyləş sən.

Kapitan başını çevirib kimyaçının getdiyinə tam əmin olmaq istədi. Əmin olandan sonra tez masa üzərində olan kiçik şüşələrdəm birini götürüb kolbada olan maddəni ona tökdü. Ağzını bağlayıb paltosunun iç cibinə qoydu. O heç kəsə güvənmirdi. Sadəcə sabah kapitanın istəyini yerinə gətirəcək, sonra da kapitan onu kofeyə dəvət edib maddəni kofeyə əlavə edəcəkdi. Beləliklə, artıq onun törətdiyi qətli ondan başqa heç kim bilməyəcəkdi. Yaxşı, bəs kimyaçı? Onun da bu iş üzrə planı var idi. Təklif edilən məbləği kapitandan alıb, planları səs cihazına qeyd edib prokurur dostuna verəcəkdi. Nəhayət, kapitan həbs olunacaq və o isə azadlıqda gəzəcəkdi. Çayları gətirib masaya qoydu. Kapitanın maddələrə baxdını görüb səs cihazını masanın altına yapışdırdı. Qatarda isə kimyaçı polkovnikin yanına oturdu. Qətlin birinci addımı, polkovniklə əlaqə yaratmaq idi. İkinci addım olaraq, ikisinin birlikdə siqaret çəkmək üçün ayrılan otaqda onlardan başqa heç kimin olmaması idi. Üçüncü plan isə, otaqda olan kameranı sıradan çıxarmaq idi.

— Salam, cənab. Mən kimya elmləri doktoruyam. Hazırladığım bəzi maddələri isə satıram.
— Salam. Məsələn?
— Məsələn sizin peşəniz nədir. Ona uyğun qərar verək.
— Bakı şəhərində müstəntiq kimi fəaliyyət göstərirəm.
— Əlaaa. Məsələn məndə hazırda elə maddə var ki, əridilən əşyalarda əl izini ortaya çıxarır. Düşünürəm ki, bu sizə işinizdə lazım olacaq.
— O necə olur?
— Mən sizi əmin etmək üçün göstərə bilərəm.
— Sən, əvvəlcə maddələri göstər mənə.

Kimyaçı yanındakı veşi açıb şüşədəki maddələri polkovnikə göstərdi.
— Burada olmaz, gəl gedək siqaret üçün ayrılan otağa.
— Amma, rəis, orada kamera işləyir. Belə olan halda ikimiz üçün də yaxşı olmaz.

Polkovnik nəzarətçini yanına çağırdı.
— Buyurun, rəis.
— Otağın kamerasını söndürün, — deyə başı ilə otağı işarə etdi.
— Nəyə görə?
Polkovnik cibindən müəyyən qədər məbləğ çıxarıb nəzarətçiyə uzatdı.
— Bizdən başqa otağa hələlik heç kimi qoyma.

Bunun müqabilində nəzarətçi polkovnikin istəyini yerinə yetirdi. Beləliklə, kimyaçı planını həyata keçirdi.

Detektivə hər şey dindirmə otağında məlum oldu. Səs cihazında demək olar ki, kimyaçı öz ehtiyatını saxlayaraq artıq danışmamışdı. Bütün planları kapitan özü danışırdı. Kimyaçı isə səsin bir yerində:
— Üzrlü sayın, amma, rəis, məndən belə şey istəməyin.

Bu sözdən sonra səs bitdi. Tutaq ki, ekspertizanın rəyində bıçağın maddə ilə əriməsi ortaya çıxsa idi, kimyaçı nə yalan uydurardı. Onu da fikirləşmişdi. Deyəcəkdi ki, mən ona çay gətirməyə gedərkən gizlicə maddələrimdən götürüb və planını həyata keçirib.

Kimyaçının ölümü ilə əlaqədər daxilində aşkar edilən maddəni tapmaq üçün ekspert və prokurur kimyaçının evinə yollandı. Onlar maddələrin hazırlandığı otağa daxil oldular. Ekspert bir-bir maddələri yoxlamağa başladı. Bir maddə aşkar edilən maddə ilə üst-üstə düşdü. Prokurur və ekspert maddənin adını görəndə təəccüblə bir-birinin üzünə baxdılar. Maddənin adı isə “Vicdanın 0°-də əriyən həqiqət” idi…