ƏQRƏB MÖVSÜMÜ
Səhranın dərinliklərində, qumun metri sükuta büründüyü o qaranlıq yuvalarda zaman başqa cür axırdı. Amma elə bir vaxt gəlir ki, yerin altındakı o soyuq gövdələr qəribə bir titrəyiş hiss edirdilər. Bu, "Əqrəb mövsümü" dür. Bu mövsüm gələndə əqrəblərin qanına sanki kənardan naməlum bir qüvvə təsir edir, damarlarında qədim, izaholunmaz bir güc və tükənməz bir enerji oyanırdı. Onlar artıq o dar, rütubətli yuvalarına sığmırdılar. İçlərindəki o qəfil oyanan qüvvə onları yuxarıya, azadlığa doğru qovurdu.
O gecə də həmin mövsümün kulminasiya nöqtəsi idi. Yüzlərlə əqrəb eyni anda yerin üzünə, o sönməyən ay işığına tərəf can atmağa başladı. Onlar üçün yuxarıdakı o zəif parıltı işıq deyil, həm də bütün dərdlərdən, o qaranlıq məhkumiyyətdən qurtuluşun simvolu idi. Amma bu mövsümün bir lənəti vardı idi ki o qəribə enerji onlara ucalmaq üçün güc versə də, bir-birinə dözmək üçün mərhəmət vermirdi.
Mağaranın dar çıxışında böyük bir izdiham yaranmışdı. Hər kəs o dar yarıqdan süzülən ay işığına tərəf dırmanmaq istəyirdi. Gənc bir əqrəb var gücü ilə divara yapışdı, oyanan enerjisindən istifadə edərək yuxarıya, o gümüşü şəfəqə doğru bir neçə santimetr ucaldı. Azadlıq artıq bir qısqac məsafəsində idi. Amma tam o anda, aşağıdan gələn soyuq bir toxunuş onu sarsıtdı.
Onlarla əqrəb onun ayaqlarından, gövdəsindən yapışmışdı. Onlar yuxarıdakını aşağı çəkib, onun yerini tutmaq istəyirdilər. Bu, bir yarış deyil, bir məhv etmə savaşı idi. Mövsümün verdiyi o "qəribə güc" indi bir-birinin ayağından dartmaq, bir-birini ucalmağa qoymamaq üçün istifadə olunurdu.
— Bura mənimdir! — deyə aşağıdakılar sanki pıçıldayırdılar. — Mən çıxa bilmirəmsə, o işıq sənə də haramdır!
Gənc əqrəb müqavimət göstərməyə çalışdı, amma xeyri olmadı. Onu elə bir hiddətlə aşağı çəkdilər ki, zirehi divarın daşlarına sürtünüb qırıldı. O, palçığın içinə düşəndə artıq yuxarıya baxmırdı. O da artıq xislətinə təslim olmuşdu. İndi o, özündən yuxarıda olanın ayağından bərk-bərk yapışıb onu yerə çırpırdı.
Bu, "Əqrəb mövsümü"nün ən dərin və acı mənası idi. İşığa can atmaq ehtirası, başqasının azadlığına olan nifrətdən daha zəif idi. Onlar o qədər güclü, o qədər enerjili idilər ki, birləşsələr o mağaradan bir neçə dəqiqəyə çıxa bilərdilər. Amma xislət imkan vermirdi ki, vermirdi. Onlar üçün tək qalib gəlmək yox idi, sadəcə hamının məğlubiyyəti vardı. Sanki onlar kiminsə məğlub olmasını özlərinə qabiliyyət kimi təsəlli verirdilər.
Səhər açılıb ay işığı itəndə, mağaranın ağzında heç kim yox idi. Hamı yenidən o qaranlıq yuvalarına çəkilmişdi. Yorğun, yaralı və məğlub. Azadlıq yenə orada, yuxarıda qalmışdı. Çünki əqrəb mövsümü gələndə oyanan o böyük güc, onları işığa aparmaq üçün deyil, bir-birini qaranlıqda saxlamaq üçün sanki təbiət tərəfindən verilmiş bir cəza idi.
Onlar azadlığı sevirdilər, amma bir-birinin azadlığını heç vaxt bağışlamırdılar. Çünki onlar bilirdilər ki, bir əqrəbin azadlığı digərinin məhkumiyyətidir.
Onların xislətində ucalmaq, ucaldıqca tək qalmaq ehtirası vardı. O qəribə güc damarlarında dövr etdikcə, hər biri özünü zirvənin yeganə sahibi sanırdı. Başqasının o işığa toxunması, onun öz ucalığının ləkələnməsi demək idi. Onlar üçün azadlıq paylaşılan bir nemət deyil, qazanılan bir qənimət idi.
Çünki onlar üçün "biz" anlayışı yox idi, yalnız "mən" və məndən aşağıda qalanlar vardı. Yuxarı dırmanan hər bir qardaş, aşağıdakı üçün bir nərdivan deyil, bir təhqir idi. O qədər qürurlu, o qədər qəddar idilər ki, günəşin altında tək başına yanmağı, kölgədə dostu ilə nəfəs almaqdan üstün tuturdular.
Onlar bir-birinin ayağından tutub dartarkən əslində azadlığı deyil, o lənətə gəlmiş bərabərliyi qoruyurdular. Və beləcə, o qəribə enerji hər mövsüm gəlib onları yerindən oynadır, işığa tərəf qovur, amma hər dəfə də eyni amansız sonluqla zirzəmiyə qaytarırdı.
Bəzən bizdə də elə olur, ucalmaq istəyənin əlindən tutmaq əvəzinə, ayağından dartmağı "qalibiyyət" sanırıq. Başqasının işığı bizim qaranlığımızı üzümüzə vurduğu üçün, o işığı söndürməyə çalışırıq. Amma unuduruq ki, hamını quyunun dibinə çəkməklə heç kim azad olmur, sadəcə quyu daha da daralır.
Xislətində "əqrəb mövsümü" yaşayanlar üçün ən böyük cəza elə budur: Özgəsinin ucalışını boğub, öz alçaqlığına zəfər demək.
Yusif Əhməd" loading="lazy">
Şərhlər (4)