“Üzləşmə“
Sən, hey! Eşidirsən məni? Keç səssiz bir yerə, məni oxu. Yerini rahatlat, səs-küydən uzaq ol. İndi mən səni tamam fərqli bir aləmə aparacam. Ola bilər ki, bu səni haldan-hala salar. Amma bu həyatı bir yerə kimi özünə təskinlik vermək üçün yaşayırsan sonra görürsən ki, artıq bacara bilmirsən, artıq həqiqəti bilmək istəyirsən. Ağlında bəzi suallar gəzir: "Görəsən, mən düz insanlamı münasibətdəyəm? Görəsən, mən düzmü yoldayam?" Bunu oxuduqdan sonra ola bilər boşluq hissinə düşəsən. Amma mən də sənə bir həqiqətin parçası olaraq gəlməyə çalışıram. Rahatsansa, başlayaq. Tez-tez oxuma, yaşayaraq, hiss edərək oxu. Beynində təsəvvür et ki, arxa fonda sakit, həzin bir piano ifa edilir. Canlandır beynində, ağlın kəsdiyi gündən bu günə kimi nələr yaşadığını. Nələri qurban verdiyini, nələri qazandığını. Bilirəm, qurban verdiklərinin uğruna üzüləcəksən, qazandıqlarına sevinəcəksən. Hisslərin tarazlaşır. Sən əgər bu hekayəni oxuyursansa, demək ki, bu sənin qabağına təsadüfən çıxmayıb. Təsadüflərə inanma. Əmin ol, bu sənin qabağına lazım olan bir vaxtda çıxıb. Hə, harada qalmışdıq? Hisslərin tarazlanıb. İndi bu hisslərin tarazlaşmasını sənin indiki halın pozacaq. Əgər yaxşısansa, nə yaxşı. Əgər pissənsə, onda sənlə bir az danışmalıyıq. Adam axtarırsan, hə? İçini tökəsən. Mən sənə "pis olma" demirəm. Deyə də bilmərəm, çünki bu səndən asılı bir şeydir. Yorğunsan ya işdən gəlmisən, ya dərsdən, ya da indi haradansa. Heç sual vermisən özünə: "Mən indi haradayam? Niyə beləyəm? Niyə sakitəm, niyə çılğınam? Bu qurbanı mən niyə verdim? Bunu qazanmaq mənə nə verdi?" Bu sualların, inanki, bəzilərinin cavabını verə bilməyəcəksən. Düşüncələrdən qaçmaq da olmur, əzizim. Sənə son dəfə kim, nə vaxt "əzizim" demişdi? Onu da fikirləş. İtirdiklərinə üzülürsən, hə? Həmişə beynində "bunu belə etsəydim, indi belə olmazdı" fikirləri var. Bilirsən də, gecdir. Və sən bir şeyi də fikirləş ki, hər nə olursa-olsun, bundan sonrakı addımlarında da səhv edəcəksən. Sən səhv etməlisən ki, nəyin düz olduğunu biləsən. Bəlkə də bu gün biri səni əsəbləşdirib, gözündən düşüb ona nifrət etmə. Fikirləş ki, onun əsəbləşməyi belə sənin istəklərinə, həyatda irəliləməyinə şərait yaradır. İndi deyərsən ki, "mən bunları bilirəm də". Bilirsən, amma əməl etmirsən axı. Bəzən kiməsə məsləhət verirsən, sonra öz içində fikirləşirsən ki, "mən heç bunu eləmirəm, amma ona məsləhət verirəm, qəribə adamam".
Sakitləşdin? O pianonun həzin notları ruhuna toxunurmu? İndi o səslərin arasında özünü tapmağa çalış. Bilirəm, içində bir fırtına var, amma sən kənardan baxanda bir göl qədər sakit görünürsən. O qədər adamın içində tək qalmaq nə deməkdir, mən yaxşı bilirəm. Sənə "nəyin var?" deyəndə "heç nə, yorğunam" deyib keçdiyin o anlar var ha... Bax, əslində ən böyük qışqırıqların o iki kəlmənin içinə sığınıb.
Sən elə bilirsən ki, hamı səni sən olduğun üçün sevir? Yoxsa qazandıqların, o pulların, o vəzifən, ya da o gözəlliyin üçünmü yanındadır hamı? Heç düşünmüsənmi, bir gün əlindəkilər ovcundan qum kimi süzülüb getsə, o "əzizim" deyən səslərin neçəsi sükuta qərq olacaq? İnsan oğlu qəribədir sənə baxanda əslində səni yox, sən kimsənsə onu görmək istəyir. Səni öz beynində bir yerə oturdur və sən oradan tərpənən kimi səndən imtina edir.
Bəzən elə bilirsən ki, dünyanı idarə edirsən. Hər şey sənin nəzarətindədir, hər kəs sənin ətrafında pərvanədir. Amma bir an gəlir, o qədər acizləşirsən ki, bircə nəfərin baxışına möhtac qalırsan. Və o baxış gəlməyəndə bütün o "şahlığın" darmadağın olur. Səhv etməkdən qorxma demişdim ha, bax, ən böyük səhvi biz dəyəri yanlış yerdə axtaranda edirik. Biz dəyəri öz içimizdə yox, başqalarının dodaqlarından çıxan iki kəlmədə axtarırıq. Onlar "yaxşısan" deyəndə ucalırıq, "pissən" deyəndə yerlə bir oluruq.
İndi gəl ən acı həqiqətə... Sən özünü nə qədər uca görsən də, nə qədər mükəmməl olmağa çalışsan da, bir şeyi heç vaxt unutma. Bu həyatın amansız bir tərəzisi var. Sən öz tərəzində özünü dağ boyda görə bilərsən, amma həqiqət başqadır.
İnsan bu dünyada, bu həyatda qarşındakı üçün nə qədərdirsə, bax elə o qədərdir. Bəli, bu qədər sadə və bu qədər qəddar. Sən istəyirsən dünyanın şahı ol, istəyirsən malın-mülkün yerə-göyə sığmasın, istəyirsən elə bir gözəlliyin olsun ki, bütün gözlər sənə dikilsin... Boşdur, hamısı keçicidir. Əgər o insanın qəlbində, onun o balaca dünyasında sənə yer yoxdursa, deməli, sən həqiqətən də heç kimsən. Sənin ucalığın, sənin bütün o dəyərin onun sənə verdiyi qiymət qədərdir. O səni hara layiq bilirsə, sənin bütün varlığın o nöqtədə bitir. Sən qarşındakı üçün nə qədərsənsə, o qədərsən... Lap şah ol, nə varlı ol, nə gözəl ol, lap dünyanın ən fədakar insanı ol heç bir fərqi yoxdur. Sən sadəcə bir başqasının gözündəki əksin qədər yaşayırsan bu həyatı. İndi de görüm, sən kimin tərəzisində çəkilmək üçün bu ömrü xərcləyirsən?
Yusif Əhməd" loading="lazy">
Şərhlər (1)