Bir az əvvəl şair Həsən Kür dünyasını dəyişdi. Onu yaxından tanımasam da, Qarabağ qazisi olduğunu bilirdim.
İyulun 7-də halı qəfil pisləşən Həsən Kür Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, beyin qanaması nəticəsində həyatını itirib.
Qeyd edək ki, gənc şair Həsən Kür bu il, fevralın 22-də intihara cəhd etmişdi. O, "Sevinc Moll" ticarət mərkəzinin üçüncü mərtəbəsindən özünü atmış və 19:10 radələrində müxtəlif bədən xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilmişdi. Uzun müddət davam edən müalicədən sonra evə buraxılmışdı.
* * * * * * *
Bağışla, İlahi!
Xoşbəxtlik payladın bütün dünyaya,
Üstündə ot bitən daş xoşbəxt oldu.
Ovçunun əlləri əsdi bir anlıq,
Göydə qanad çalan quş xoşbəxt oldu.
Hərə bir ağızdan rəhmət oxudu,
Bir anlıq ölülər xoşbəxt oldular.
Hər günəş doğuşun bayram etdilər,
Hər səhər dəlilər xoşbəxt oldular.
Xoşbəxtlik payladın bütün dünyaya,
Hamı öz vaxtından tez xoşbəxt oldu,
Yağış yerə düşdü toz xoşbəxt oldu.
Özgə bir insanın bəy masasında,
İlahi sevdiyim qız xoşbəxt oldu.
Mən, bizi qovuşdur deyə yalvarıb,
Sənə əl açmışdım aşiq olanda.
Hamı xoşbəxt oldu bu yer üzündə,
Layiq olmayan da, layiq olan da.
Mən niyə yadından çıxdım görəsən.
Hamı xoşbəxt oldu bu yer üzündə,
Kəpənək bağçada, arı pətəkdə.
Hətta xoşbəxt oldu bir vaxt kəsilmiş,
Yenidən canlanan kiçik kötük də.
Mən niyə yadından çıxdım, görəsən
Nə günah etmişəm bu böyüklükdə?
Yox, nəsə etmişəm dinc durmamışam,
Bəlkə duz tökmüşəm yara üstünə.
Bəlkə bilməmişəm bir qaranquşun,
Yuvasın yıxmışam bala üstündə.
Bəlkə göz dikmişəm mən canı yanmış,
Dünya sərvətinə dünya malına.
Bəlkə amin demək yadımdan çıxıb,
Yaşlı nənələrin dualarına.
Qurbanın olaram, keç günahımdan.
Bağışla İlahi, bilim ki varam.
Bağışlasan elə sən bağışlarsan,
Mən olsam özümü bağışlamaram.
Həsən Kür
Şərhlər (12)