"Hər kəsin öz Cəhənnəm xəritəsi var və bəzən ən yaxşı hekayələr ora aparan yolda tapılır."
- Anonim
Bölüm On Səkkiz
Kurs çox gec başladı. Amma mən bu müddət ərzində əlimi yan qoymadım. Tez-tez teatra gedir, Namiq müəllimlə və Fikrət müəllimlə oturub söhbətləşirdim. Onların hər sözü, hər xatirəsi, sanki içimdə bir qapı açırdı. Hər səfərimdə yazıçılıqla bağlı yeni bir şey anlayır, beynimdə yeni suallar yaranırdı.
Fikrət Məmmədov... O, sadəcə qəribə yox, həm də çox özünəməxsus bir insan idi. 65 yaşı vardı, amma hamı ona "Fika" deyirdi. Mən isə həmişə "Fikrət müəllim" deyə müraciət edirdim - çünki içimdən belə gəlirdi, onun enerjisinə, dünyagörüşünə və mənəvi çəkisinə hörmət edirdim.
Onunla danışanda qarşımda altmış beş yaşlı bir kişi yox, ruhu iyirmi yaşında olan bir gənc görürdüm. Fikrət müəllimin söhbəti elə idi ki, insanın içini titrədirdi. Onun yanında nəinki ruhum rahatlıq tapırdı, həm də beynim ideyalarla dolub daşırdı. Elə bil, o danışdıqca beynimdə hekayələr doğurdu. Elə ona görə də hər dəfə onunla görüşdən sonra əlimdə yeni bir hekayə yaranırdı.
Bu hekayələri ona oxuyurdum, o da bəyənirdi. Sevinirdim. Elə hey Namiq müəllimin yanına qaçırdıq, bəlkə o da bəyənər. Amma Namiq müəllim hər dəfə eyni sözlə qarşılayırdı:
- Yaxşıdı... amma bizdən yaz. Bizdən yaz, bala...
Başda bu sözün nə demək olduğunu anlaya bilmirdim. "Axı mən insanlardan yazıram, duyğulardan, həyatın özündən..." deyirdim içimdə. Amma təslim olmaq fikrim yox idi. Mən susmur, daha çox yazır, daha çox oxuyur, bir daha gəlirdim. Və bir dəfə Namiq müəllim belə dedi:
- Sən yaxşısan. Mənim müəllimim var idi, hekayələrimi aparırdım, bir baxırdı, sonra heç nə demədən cırıb atırdı...
Mən isə yazdıqlarımı heç vaxt cırıb atmırdım. Olsun ki, bu gün müəllimim bəyənmədi. Amma bəlkə nə vaxtsa oxucularım bəyənər? Bəlkə bir gün qarşılarına çıxarıb deyərəm: "Baxın, bu o yazıdır ki, müəllimim bəyənmədi. Amma siz oxuyun. Bəlkə siz bəyənərsiniz?"
Məhz bu ruhla yazdığım bir çox hekayə "Cəhənnəmin Xəritəsi" adlı kitabımda öz yerini tapdı. Hər biri ayrı-ayrılıqda mənim daxilimdəki o cəhənnəm yollarının izi, o yolların içində tapdığım işıq idi.
"Yazı, düşüncələrin kağıza köçürülmüş formasıdır."
- Voltaire
Düşünməyin ki, hər dəfə Namiq müəllim yazdıqlarımı bəyənməyəndə mən dərhal dirənib yenidən başlayırdım. Bu, sadəcə bir "rədd" deyildi. Onunla və Fikrət müəllimlə etdiyimiz hər söhbət sanki beynimə fikir toxumları səpirdi. O toxumlar tədricən cücərdikcə içimdə yazmaq ehtiyacı baş qaldırırdı - elə bil beynimin içindən səslər gəlirdi: "məni yaz, məni yaz!"
Və qələmə, planşetə uzandığım an sözlər sel kimi axırdı. Öz-özünə yaranan cümlələr, öz yolunu tapan fikirlər... Bu görüşlərin nəticəsində sujet qurmaq bacarığım xeyli inkişaf etdi. Amma eyni zamanda fərqinə vardım ki, bədii üslubum bir az zəifləyib. Çünki ssenari dünyasında bəzəkli cümlələrə ehtiyac yoxdur. Orada səndən sadəlik tələb olunur. Cümlələrin obrazlı yox, konkret olmalıdır. Nə deyirsənsə, ən qısa formada, təsvir olmadan, sadəcə hərəkətin özünü yaz.
Düşünməyin ki, o hekayələr zəif idi. Oradakıları bir çox insan bəyənirdi. Sadəcə mən Namiq müəllimə öz üslubumu qəbul etdirə bilmirdim. Hər dəfə eyni söz:
- Yaxşıdı, bala... amma bizdən yaz. Bizdən yaz.
Bu söz artıq qulağımda mismarlanmışdı. Elə bil bir növ çağırış idi. Həm rədd, həm də təşviq. Mən isə hər dəfə geri çəkilmək əvəzinə, bir az daha dərinə getməyi seçirdim.
Şərhlər (0)