Bölüm İyirmi

Bölüm İyirmi

Bölüm İyirmi

Kitabı çap etdirmək üçün yenidən Hədəf Kurslarına üz tutdum. Şəmil Sadiqdən bir daha icazə istədim:

– Kitabı çıxarmaq istəyirəm... Zəhmət olmasa, pulunu hissə-hissə ödəməyimə icazə verin.

Kitabın sujet xəttini ona danışanda razı qaldı. Hiss olunurdu ki, bu layihəyə inandı. Nəşriyyatda çalışan redaktorlardan biri isə ideyaya o qədər heyran olmuşdu ki, dedi:

– Mən bu kitabı pulsuz da redaktə edərəm.

Beləcə, bütün detallar yoluna qoyulmuşdu. İçimdə qəribə bir rahatlıq vardı. Nəşriyyatdan çıxıb taksiyə oturdum. Radioda yumşaq bir musiqi səslənirdi. Bir az sonra xəbər başlığı gəldi:

– "Koronavirus təhlükəsi artıq Azərbaycanda da hiss olunur. Ölkə üzrə karantin rejimi elan edilir..."

Bu səs, bu xəbər, sanki hər şeyin üzərinə qəfil çəkilmiş tünd bir pərdə kimi idi.

Karantin rejiminin ilk ayları çox sərt keçdi. Heç kim evindən bayıra çıxa bilmirdi. Amma bir təsəlli vardı: xoşbəxtlikdən, karantin başlamazdan öncə bir çox kitab bloggerlərinə *Allahsızlar Şəhəri* kitabını hədiyyə etmişdim. Bu sayədə evdə qapalı qalan insanlar sosial mediada kitabdan danışmağa başladılar. Hər kəsin evdə olduğu bu dövrdə kitab daha çox oxucuya çatdı.

Bu vaxtlar həm də yazı baxımından məhsuldar dövr oldu. İşsizlik və səssizlik rejimini fürsətə çevirdim. *Qəfəsdəki Məhbuslar* üzərində ciddi şəkildə işləməyə başladım. Yazdıqlarımı həftədə iki dəfə Wattpad platformasında yayımlayırdım. Qısa müddətdə 20 mindən çox oxunma topladı. İnsanların reaksiyaları, şərhləri və gözləyərək növbəti bölümləri izləmələri mənə böyük motivasiya verirdi.

Bir gün qarşıma bir məqalə çıxdı. Ayxan Ayvaz adlı birisi məşhur Azərbaycan yazıçılarının əsərlərini "bulvar ədəbiyyatı" adlandırırdı. Yazını oxuyanda içimdə qəribə bir qıcıqlanma oldu. Bu, tənqid deyildi — sanki paxıllıqla yazılmış, özünü digərlərindən üstün göstərmək cəhdi idi.

Dişimin dibindən çıxanı yazdım. Cavab məqaləsi yazdım və ona *Tənqidov Mənfəət* adını verdim.

*Həmin məqaləni oxumaq istəyənlər üçün link:*
https://edebiyyat.az/edebi-tenqid/1226-uraqan-abdullayev-tenqidov-menfeet-obrazi.html

Məqaləm nə Ayxanın, nə də onun kimilərin vecinə oldu. Amma həmin günlərdə gözlənilməz bir mesaj aldım. Yazıçılar Birliyindən əlaqəyə çıxmışdılar:
– "Maraqlı qələmin var. Əgər sən də razı olsan, kitablarını çap etməyə hazırıq. Yazıçılar Birliyinə gəl, tanış olaq."

Həmin mesaj o gün mənə çox şey demişdi. Çünki bəzən doğru yolda olduğunu təsdiqləyən bir cümlə, sənin illərlə davam etməyinə kifayət edə bilər...


Şərhlər (0)

Fikir Bildir