Final
Şeytan qapını açdığı zaman yazıçını qarşısında gördü. Əlinə qələm alıb yazır, yazdıqca yeni dünyalar yaradırdı. Şeytan miskin baxışlarla onu süzdü. Yazıçı yazmaqdan başqa heç nə haqqında düşünə bilmirdi.
Şeytan ona bir az da yaxınlaşdı. Yazıçı özünü nə qədər fərqli biri kimi görsə də, onun heç kimdən fərqi yox idi. İnsanlar cavanlıqda özlərini hər kəsdən fərqli olduqlarına inandırırlar, lakin zaman keçdikcə öz gözlərində adiləşməyə başlayırlar. Fərqinə varırlar ki, yenilik adlandırdıqları hər nədirsə, bəlkə də, onu neçəsə əsr qabaq başqaları edib. İstər fərqli yollarla, istərsə də eyni üsulla...
Şeytan yazıçının qarşısında dayandı və ondan soruşdu:
– Sən osan?
– Hə, oyam, – yazıçı cavab verdi.
– Hər yerdə səni axtarırdım, – Şeytan bezgin və yorğun halda dedi.
– Bilirdim ki, gələcəksən.
– Bunu bilirdinsə, deməli, sənə deyəcəyim sözləri də bilirsən... – Şeytan bir az da yaxına gəldi, yazıçının halına acıdı.
Axı bu necə ola bilərdi? Yaratdığı personaj ona qarşı üsyankarlıq edirdi. Bəs necə ola bilərdi, zərrədən yaranan birisi Allaha qarşı üsyankarlıq etsin?
– Bilirəm, yaxşı bilirəm...
– Bilmək kifayət eləmir. Gərək bildiklərini insanlara da anlada biləsən. Siz insanlar bir şeyi biləndə Allah olduğunuzu zənn edirsiniz. Düşünürsünüz ki, yaratmağı bacarırsınızsa, Allahsınız, amma Allahla aranızdakı fərq bilirsiniz nədir? Allah ruh verə bilir. Siz isə hazırda sadəcə süni intellekt yaratdığınız üçün özünüzü öyürsünüz. Göydələnlər tikirsiniz, sanki Allaha çatmaq istəyirsiniz. Yollar çəkirsiniz ki, cəhənnəmin dibinə qədər gedib çıxa biləsiniz. Elə sən də bir kitab yazdığınçün öyünürsən.
– Mən insanlara həqiqətləri çatdırıram. – yazıçı dedi.
– Səhvin də elə bundadır. İnsanlara həqiqəti demə. Onlara həqiqətin yerini göstər, özləri tapsınlar. Yazdığın “Allahsızlar şəhəri” kitabındakı Həqiqətin səhvi də elə bunda idi. O, insanlara sadəcə doğruları deyirdi. Onlara həqiqəti demə. Elə et ki, həqiqəti özləri tapsınlar, onda onun, doğrudan da, həqiqət olduğuna inanacaqlar. Yoxsa...
– Yoxsa nə?
– Yoxsa öz fikirlərini başqalarına sırımaqdan başqa bir şey etməyəcəksən. Ümumiyyətlə, sən kimsən ki, kitab yazırsan?
– Yaşımın az olduğunu bilirəm, amma insanlara həqiqətləri çatdırmalıyam.
– Həqiqət axtarışları siz insanların gözünü o qədər kor edib ki, onu tapanda belə fərqinə varmırsınız. “Həqiqət bu ola bilməz” deyərək onu uzaqlaşdırmaqdan, heç kimin tapa bilməyəcəyi yerdə gizləməkdən başqa nə edirsiniz?
– Bunları qəbul etmək çox çətindir, – yazıçı bir an nəfəsini dərib qaldığı yerdən yazmağa davam etdi.
Bir az sonra Şeytandan cavab gəldiyi zaman qələmi əlində oynadaraq öz nəfs müharibəsini davam etdirdi.
– Yox, sən doğruları çatdırmaq istəmirsən. Sən özünü gözə soxmaq istəyirsən. Yazıçı olduğunu deyib qızları yatağa atmaq istəyirsən.
– Yox, belə deyil.
– Belədir, belədir... Amma bil ki, belə etməklə inkişaf edə bilməzsən. Onlar sadəcə sənin oxucun, ən yaxşı halda dostun ola bilərlər. Ancaq öz gücündən istifadə edərək onları başdan çıxartmağa çalışmaq, səncə, nəfsin acizliyi deyilmi? Şeytan kimdir, nədir? İnsanın öz nəfsindən başqa heç nə... Sənə qadağan olunmuş bir yeməyə baxanda nəfsin çəkir, onu yemək istəyirsən. Bir qadına baxanda cinsi istəklərin oyanır, deyirsən ki, Şeytan məni yoldan çıxartdı, özünü, beləcə, sakitləşdirməyə çalışırsan. Səncə, insan Şeytana nifrət edib onu öz daxilində basdırmalı, yoxsa onun varlığını qəbul edərək öz nəfsinə güc gəlməlidir?
– Sən, əslində, hər şeyi əvvəldən səhv etmisən, öz səhvlərini insanın boynuna atırsan, – Yazıçı özündə güc tapıb Şeytana müqavimət göstərdi.
– Nə demək istəyirsən?
– Mən sənə axıra kimi qulaq asdım, ancaq sən məni dinləmək belə istəmirsən.
– Hə, hə, danış görək, – Şeytan ikrahla ona baxıb gülümsədi – Amma vaxtım çox azdır. Çünki sənin kimi milyonlarla günahkar var ki, onlarla da görüşməliyəm.
– Sən Allaha qarşı sevgindən danışdın. Allahı çox sevdiyinə görə insana itaət etmədiyini dedin. Sən həqiqi sevginin mahiyyətini dərk etmirsən. Öz kibrini sevgi pərdəsi altında gizlədirsən və özünü hələ də haqlı görürsən. Sən özünü ilah kimi gördüyündən onun bütün sevgisinin sadəcə sənə aid olmağını istəyirsən?! Sən Allaha, həqiqətən, sadiq olsaydın, onun bütün dediklərinə əməl edərdin. Çünki sevmək həm də təslim olmağı bacarmaq deməkdir. Özün təslim olmaqdan danışdın, lakin hələ də bunu bacarmırsan. Sən Allaha qarşı asi oldun və öz kibrin üzündən itaət etmədin. Amma biz günahlarımıza, səhvlərimizə görə hər zaman bağışlanmağı arzulayırıq və Allahdan gələn hər şeyə razıyıq. Sən Allahın yanında idin, sən Allaha bizdən daha yaxın olmusan, biz onunla ünsiyyət qura bilməmişik, bizim yeganə ünsiyyətimiz onun yolladığı kitablar vasitəsilə olub. Biz onu görmədən sevənlərik. Amma sən mələklərlə birgə olmusan, Allahın gücünə bələdsən, biz öz acizliyimizin fərqindəyik və daim tövbə edərək bağışlanmağı diləyirik. Amma sən cəhənnəmi gördükdən sonra belə öz kibrindən əl çəkmədin.
– Siz insanlar beləsiniz. Hər şeyə səthi yanaşırsınız. Məgər başa düşmürsən ki, mən elə sənəm? Məgər sən də bir çox oxucuların kimi hələ də anlamırsan ki, bu qədər yolu sənin öz keçmişini mühakimə etmək üçün gəlmişəm? Siz üçölçülü dünyada yaşayırsınız, mənsə dördölçülü dünyadan gəlmişəm. Sən hələ də bir çox oxucuların kimi bütün bunları anlamadan beyinlərdə bütləşmiş Şeytanı ağlına gətirirsən. Məgər hələ də başa düşmürsən ki, mən elə sənəm?
– Yaxşı, bu dediklərinin hamısı ilə razıyam. Ona görə də verdiyin suallara cavab vermək yox, düşünmək istəyirəm sadəcə. Amma ən vacibi budur ki, mən inkişaf etmək istəyirəm.
– İnkişaf et, amma məşhurluq hələ səninçün tezdir. Sən kitab sərgilərində hamıdan çox kitab satanda özünü dağ başına qoyursan, dostlarının bildirdiyi iradları belə paxıllıq kimi qəbul edən adamsan. Məşhurlaşmamışdan qabaq yerişini azmısan, dünya şöhrətli adam olsan, nə edərdin?
– Bura niyə gəlmisən? – Yazıçı anidən Şeytanın sözünü kəsdi.
– Gəldim görüm sən özün kimsən ki, mənim haqqımda kitab yazırsan. İnsanlara dediklərinin onda birini özün yerinə yetirə bilirsənmi?
– Yerinə yetirməyə çalışıram. Ya da yazıram ki, yerinə yetirə bilim.
– Özümüzü aldatmayaq, keçəl dərman bilsə, öz başına sürtər. Sən sevgidə uğursuzsan. Sən o qədər uğursuzsan ki, birlikdə olduğun qadınlarla münasibətin axıra kimi getmir. Sən o qədər yalançısan ki, özünün bacarmadıqlarını başqalarına məsləhət görürsən. Sən o qədər acizsən ki, “Zorlanmış çəyirtkənin həyat yoldaşı”nı sətiraltı yazmısan ki, heç kim anlamasın. Sevdiyin qıza “heç vaxt səndən ayrılmayacağam” deyən, sonra onu tərk edib gedən adamsan. Qadın o kişini sevər ki, ona düzgün yol göstərsin. Sən özünü o qızın gözündə ideallaşdırıb sonra onu bloka atan, sonra o qızın həyatına təkrar soxulub onu yenidən tərk edən adamsan...
Şeytanın sözləri sərt olsa da, danışdıqları həqiqətlərdən qırağa çıxmırdı, nəfəsini dərmədən sözünə davam etmək istəyirdi ki, yazıçı onun sözünü kəsdi:
– Amma indi bu cümlələri yazıramsa, demək, öz cəhənnəmimdə Şeytanla üzləşməyə hazıram. Mən göz önünə almışam bir çox insanların özlərinə etiraf etməkdən qorxduqlarını... Çox insan öz səhvlərini başqalarının boynuna atır. Mənim əvvəllər etdiyim kimi...
– Yadıma düşəndə ki, “Allahsızlar şəhəri”ndə Şeytanı mənfi personaj kimi canlandırmısan, səni boğmaq istəyirəm. Ay insan, bir şeyi bil ki, Şeytan çirkin ola bilməz. O, Allahın ən gözəl mələklərindən biridir. O qədər gözəldir ki, insanı yalnız o, yoldan çıxarda bilərdi. Mən oddan, siz isə palçıqdan yaranmısınız. Sizə od lazımdır, odu kəşf etməsəydiniz, hələ də öz mağaranızdan qırağa çıxa bilməmişdiniz.
– Bəsdir, bu qədər üstümə gəlmə!
– Yox, hələ çox tezdir. Səninlə razılığa gəlməliyik.
– Nə razılıq?
– O qızı tək qoyma. Əgər özünü o qızın həyat idealına çevirmisənsə, demək, bunun məsuliyyətini sən daşıyırsan. Amma bu o demək deyil ki, o qızın boğazına yapışıb onun ömrünü-gününü çürütməlisən. “Sən öz gülünə cavabdehsən”. Bu o deməkdir ki, qız nə zaman sənin yanına gəlsə, sən bir insan kimi ona düzgün yol göstərməlisən. Dostlarına gəlincə isə, xoşun gəlmir, tək yaşa, öz işini tək qur, amma bil ki, tək qalsan qurda-quşa yem olacaqsan. Dostların da bir şeyi bilməlidirlər ki, siz gənc yazıçılar eyni quyunun dibindəsiniz. O quyudan çıxmaq istəyəni arxadan dartıb saxlamalı deyilsiniz. Çünki biriniz qalxsa, nə cür hərəkət etmək lazım olduğunu yaxşı biləcək.
– Niyə axıra kimi demirsən nə etməli olduğumu?
– Mən sən deyiləm ki, hər şeyi ibtidai sinif müəllimi kimi başa salım. Arifə bir işarə də bəsdir.
– Mənə kömək edə bilərsən?
– Bilərəm. Amma bir şərtim olacaq. Sən öz içində Allahını tapmısansa, o işığı izləyərək onun arxasınca get.
– Şərtin nədir?
– Sənə səndən daha yaxşı yaza biləcəyimi sübut edəcəyəm. “Allahsızlar şəhəri” çox bəsit kitabdır. Axı bu nə kitabdır yazmısan? Sanki yeniyetmə uşaqlar üçün yazılıb, ilk dəfə kitab oxuyacaq adamlarçün qələmə alınıbmış kimi sadədir. Mən sübut edəcəyəm ki, səndən daha yaxşı kitab yazaram.
– Necə yazacaqsan?
– Səni axtararkən mənim də başıma bəzi haqsızlıqlar gəldi. Sən və sənin kimi insanlardan fərqli olaraq, mən Şeytanı yox, elə adəmoğlunun özünü günahlandırmışam.
– Bəs sən Allahla bəhsə durmamışdın ki, mən insanı yoldan çıxardaraq onların sadiq olmadığını sənə sübut edərəm?
– Durmuşdum, amma Allah mənim qalib gələcəyimi görüb Nuh tufanını yolladı və hər şeyi sıfırladı. Yaratmış olduğu hər növdən də bir cüt saxladı ki, onları təkrar yaratmağa ehtiyac qalmasın. O gündən bəri bu bəhsi davam etdirmək istəmirəm, çünki bilirəm ki, yenə insanları yoldan çıxartsam, bu dəfə də qiyam günü bəhanəsi ilə hər növdən bir cüt saxlayacaq. Yəni ona qalib gəlmək mümkün deyil. Amma dünyanıza yenidən səfər edəndə baxıb gördüm ki, mən toxunmasam belə, insan heç də məndən geri qalmır. Əksinə, özünün etdiyi şeyləri də mənim üstümə yıxaraq birinin üstünə beşini də qoyur. Mən bu şəhərdə gördüyüm haqsızlıqlardan sonra sənə haqq qazandırdım ki, bu kütlə üçün məhz belə kitab, yəni “Allahsızlar şəhəri” yazılmalı idi. Amma daha dərin bir kütlə var, sən onlara çatmalısan. Bu dəfəki kitabı sənin yerinə mən yazacağam. Göstərəcəyəm ki, səndən daha yaxşı kitab yaza bilərəm. Özü də müəllif hüquqlarını da sənə verəcəyəm, mənə pul-zad lazım deyil, nə satsan, özünə qalar.
– Bəs sənin haqqını nə cür ödəməliyəm?
– Dedim axı, mənə pul lazım deyil. Pulla idarə olunmaq sizin kimi bəsit varlıqların işidir. Sizin dünyanızda insanları hərəkətə gətirən şeyin adı “pul”dur. Cəhənnəmdə pula ehtiyac yoxdur. Cəhənnəmdə üzləşməyə ehtiyac var. Öz günahlarını, səhvlərini çəkinmədən etiraf etməyi bacarmaq lazımdır. Əgər bunu özünə və başqalarına etiraf edə bilsən, cənnəti görəcəksən. Amma ölümdən sonrakı cənnət üçün yaşama, dünyanı cənnətə çevirməkçün əlini ağdan qaraya qoy. İnsanlar ağı yaxşı, qaranı pis bir şeymiş kimi göstərməyi sevir. Qaranlığın içindəki işığı görsən, öz kölgənlə üzləşə biləcəksən. Unutma ki, qaranlıq hər zaman var, ancaq çabalayan işıqdır.
– “Kölgə” nə deməkdir?
– Onu da sən tapıb bir ad qoyarsan. Bəlkə, bir müsabiqə də keçirtdin ki, “KÖLGƏnin nə olduğunu tapan bir nəfərə kitab hədiyyə edəcəyəm”. Axı sən sevirsən məşhurlaşmaq üçün belə gic-gicə müsabiqələr keçirməyi... – Şeytan bir qədər dayanıb ətrafına baxdı, sonra sözünə davam etdi: – Nə isə, artıq vaxtdır. İndi gedirəm. Amma yenə gələcəyəm. Heç vaxt heç kimə “məni Şeytan yoldan çıxartdı” demə. Bil ki, Şeytanı söyməyə sərf elədiyin vaxtda Allahın dediklərini dərk etməyə çalışsan, həqiqətə daha tez çatarsan. Bunları oxuyan dayaz insanlar bu etiraflarından, bəlkə də, səni əzmək üçün istifadə edəcəklər. Onlara de: “Bəs sən özünü tanıyırsan? Yoxsa, maskalar altında yaşayaraq şəxsiyyətini unutmusan? De görək, bəs sən kimsən... Mən danışdım, bir az da sən danış öz kimliyindən...

Uraqan" loading="lazy">
Şərhlər (3)