Cırtdanın dilindən həqiqətlər (Satirik Dekonstruksiya)

Cırtdanın dilindən həqiqətlər (Satirik Dekonstruksiya)

Salam, mən Cırtdanam, min illər bundan öncə yaşamışam. Əslində, danışdığım çoxlu ibrətamiz hekayələr, nağıllar olub. Amma niyəsə hamısı unudulub, silinib bu xalqın yaddaşından. Bircə öz prototipimdən əsinlənərək uydurduğum bu nağıl dillər əzbəri olub. Hər kəs özünə sərf edən kimi gopa basıb, xalq da işinə gələni yaddaşında saxlayıb. Sözüm onda deyil, istərdim hadisələrin gerçək həyatda əslində necə baş verdiyini sizə ifşa edim, hər kəsə əyan olsun. Nəticədə divin özü də bizim zəmanəmizdə yaşamayıb, qonşuluqdakı Diləfruz kişi olub. Yekəpər olduğu üçün hamı onu divə bənzədirdi. Amma gəlin hadisələri lap əvvəlindən danışım. Bütün sirləri, ən əsası da illərdir gizlətdiyim ən böyük gerçəyi açıb töküm...

Kənddə məni hamı "nənəuşağı" kimi tanıyırdı. Nə var, nə var nənəmin hazırladığı yağ-çörəkləri yeyirmişəm. Əslində isə məsələnin kökündə başqa bir səbəb yatırdı: mən qız idim! Bəli, qız! Sadəcə, bizim kəndin mentaliteti o qədər ağır idi ki, nənəm məni dedi-qodudan, bəd nəzərdən qorumaq üçün oğlan paltarında, oğlan kimi böyütmüşdü. Hamı da elə bilirdi ki, balaca, cılız bir oğlan uşağıyam. Hətta yaşım çatanda məni də əsgərliyə aparmaq istəyirdilər. Canımı qorxu almışdı ki, tibbi yoxlanışda sirrimin üstü açılacaq. Amma xoşbəxtlikdən, həm ayağımın altındakı düzlüyə, həm də "boyu balacadır, dəbilqə başından düşər" bəhanəsinə görə məni geri qaytardılar. Qız olmağıma baxmayaraq adıma "neqodnu" damğası yapışdırıb özgüvənimi zədələdilər. 

Özüm də başa düşürdüm ki, bu hal belə davam etsə, evdə qalacam. Məcbur çör-çöp yığanlardan birini özümə ər etməliydim. Axırı nənəm kəndin oğlanlarını razı saldı ki, Cırtdan da sizinlə getsin. Hələ cehizlik kimi bir yaxma çörək də vermişdi.

İlk başda məni götürmək istəmədilər ki, tənbəlin biridir, bizim işimizi yubadacaq. Ucuz kişi məntiqi...

bunlara başa saldım ki, siz taxtaları yığıb yandırırsınız, yandırmayaq, gəlin yığıb sataq bu Diləfruz kişiyə. Nəysə, ağıllarına batdı bu fikir. Həmin gün məni də özləri ilə götürdülər. Daha öncə də dediyim kimi, ayağımın altında düzlük var deyə tez-tez yorulurdum. Mənə görə dayanmalı olurdular. Dayananda da dayandıqları yerdə başlayırdılar odun yığmağa. Cəmi bir dəfəsində hava qaralana yaxın aralarından biri çıxıb məni belinə alıb daşıdı. Sonra qız olduğumu biləndə adım çıxdı ki, qucaqlarda gəzir, gəzəyənin biridir. Məcbur nağılda cinsiyyətini dəyişib oğlan qoymalı oldum ki, beldə gəzmək daha abırlıdır. 

İndi özünüz təsəvvür edin, nağıla qulaq asan hamı qız olduğumu bilsəydi və meşənin ortasında kəndin oğlanlarının belində gəldiyimi oxusaydı nələr olardı? "Gəzəyəndi", "kruqda qucağa oturur" tipli min min cür qulp qoşardılar. Nəysə, elə buna görə də, hadisələri sonradan nağıla çevirəndə məcbur qalıb cinsiyyətimi "oğlan" kimi saxlamalı oldum. Düşündüm ki, yorğunluqdan uşağın belində gəzən "tənbəl Cırtdan" kimi tanınmaq, adı çıxmış bir qız kimi tanınmaqdan daha yaxşıdır. 

Başa düşdüm ki, bunların arasında özümə ər tapa bilmərəm. Başladım bunları azdırmağa. Həə yavaş-yavaş gəlib çatırıq hadisələrin kluminasiya nöqtəsinə. Həmin yol ayrıcı, işıq gələn tərəf və it hürən tərəf var idi ha. O digər kənddin məşhur ağsaqqalı it Həmin idi. Harda gəldi həqiqətləri danışırdı deyə adını it Həmid qoymuşdular. 

Əslində kəndə ən kəsə yol it hürən tərəfdən getmək idi. Amma mən bilirdim ki, uzaq kənddə yaşayan imkanlı Diləfruz kişi var, onun evinin işığı uzaqdan görsənir. Bunlara dedim ki, yığdığımız odunları aparıb həmin diləfruz kişiyə sataq. Razılaşdılar. Bu Diləfruz kişi də hozunun biri idi, amma əlac nədir, ya evdə qalası idim, ya da div məni yeməli idi.

Qapısını döydük, sağ olsun, bizi çox yaxşı qarşıladı. Bizim kəndin o acgöz oğlanları da yedilər, içdilər, arada Diləfruz kişiyə də yüngülvari göz-qaş eləyirdim ki, vəziyyəti tutsun.

Kəndin oğlanları qarınları doyan kimi uzanıb xorultunu vurdular göyə. Mən isə yatmırdım. Gecənin bir yarısı kişinin səbri tükəndi, "Kim yatıb, kim oyaq?" bəhanəsiylə yavaşca gəldi yanıma. Mən də nazlanıb qayğanaq istədiyimi dedim. Kişi də fürsəti əldən verərmi? Dedi, "Qayğanaq nədir, mənim zirzəmidə elə bahalı şərabım var ki...". Nağıldakı o məşhur "aşsüzənlə su gətirmək" mövzusu da əslində həmin gecənin alleqoriyasıdır. Qədəhlər doldu-boşaldı, içdikcə içdik, şərab su kimi axdı, amma nə mən doydum, nə də o. Səhərə qədər aşsüzən kimi süzüldük.

Səhər açılanda vəziyyət artıq məlum idi. Bizim o tənbəl oğlanları da bir təhər yola salıb kəndə qaytardım. Sonralar çox fikirləşdim ki, bu hadisənin əslini-astarı necə var elə danışım. Amma gördüm yox, bunu etsəm, kəndin digər qızlarına pis nümunə olardım. Yerindən duran ağ atlı şəhzadəsini, ya da imkanlı divini tapmaq üçün başqa fərsiz oğlanları dırmaşıb minəcək, qaranlıq meşələrə düşəcəkdi.

Ona görə də cinsiyyətimi və hadisənin əsl mahiyyətini gizlədib, hər şeyi bir qəhrəmanlıq nağılına çevirdim. Bəli, o nağılın sonunda div mənə heç nə eləyə bilməsə də, reallıqda Diləfruzla evlənmək elə əsl divin caynağına düşmək kimi bir şey oldu, mənim ömrümü yedi, günümü qara əskiyə döndərdi. Mən də bütün hirs-hikkəmi məcbur qalıb nəvələrimə uydurma Cırtdan nağılını danışmaqla çıxardım.

Sonda nankor kəndin oğlanlarını da nağılda qorxaq və aciz kimi qələmə verib bütün nəsillərə rüsvay elədim. Bizim kəndin oğlanlarına hələ bu da azdır!

Şərhlər (19)

  1. Qonaq Fəridə

    @Qonaq Fəridə

    09 aprel 26, 11:08

    Yenəde möhtəşəmdi 😻 uşaqlığımızin nağılını belə yazmanın çox gözəldi

  2. Mələk Quliyeva

    @Mələk Quliyeva

    06 aprel 26, 21:21

    İnsanların düşüncələri həyatımızı dəyişəcək qədər vacib olub. Hər kəs camaatın fikrini bu qədər düşünmək yerinə öz səsinə qulaq assaydı indi heç kim öz həyatı üçün qərar verəndə camaat nə deyər deyə düşünməzdi. 

    Həqiqətən çox gözəl bir hekayədir. Real həyatda yaşadığımız halların biraz daha çətin formasıdadır.  Məncə yazıldığı qədər asan olmaz onu yaşamaq.

  3. Fəxriyyə

    @Fəxriyyə

    06 aprel 26, 13:59

    Oxuduqca çox pis oldum.Həyatdada məcburiyyətdən çox şey olur.Marqlı yanaşmayadı uğurlar 

  4. Yegane iskenderova

    @Yegane iskenderova

    06 aprel 26, 11:25

    Yarıya qədər oxudum, ürəyim sıxıldı. Müqəddəs heç nə qoymursunuz qalsın bu dünyada. Süni intelektlə uşaqların rəsmi də ürək ağrıdır. Çətin olan həyat həssas olan adamlar üçün cəhənnəm - deyirlər. Nə qədər rəng qatmağa çalışsam da qarşıma gözəl üslubu olan ağıllı adamların bütün xırdalıqlara vardıqları bu səpgidə yazılar çıxırsa... (( Soruşmaq istərdim kimə lazımdır bütün bunlar?! ... ( O qədər problemlər,en qədər mövzular olduğu halda bu kimi yazılar?? (, kədər gətirir, başqa heç nə... (() 

  5. Orhhan_18

    @Orhhan_18

    06 aprel 26, 09:12

    Maraqlı yanaşmadır. Sanki, "Cırtdan" nağılında çatışmayan müəmma elə budur.

  6. Nigar Piriyeva

    @Nigar Piriyeva

    06 aprel 26, 00:32

    Disney animasiyalarının əslinə oxşadı )) Bu təxəyyüldür,yoxsa ədəbiyyatşünaslığın bir parçası? 

  7. Tural

    @Tural

    05 aprel 26, 20:53

    Hekayə başqa bir istiqamətdə də ola bilər, hansı istiqamət - Pərvanə filmindəki istiqamət kimi - https://www.youtube.com/watch?v=4YEhj1Ga2HU 

    1. Uraqan

      @Uraqan

      05 aprel 26, 22:03

      Çox sağ olun, Tural bəy

    2. Nigar Piriyeva

      @Nigar Piriyeva

      06 aprel 26, 00:22

      Məncə onun mahiyyəti başqadır.

  8. Lumos

    @Lumos

    05 aprel 26, 20:33

    İşin ən pis tərəfi odur ki, bu dedi-qodular "Cırtdan" nağılından bəri gələ də günümüzdə var və belə çıxır ki, var olmağa da davam edəcək, təəssüf ki. Müşahidələrinizsə, çox yerindədir, yanaşmanızı bəyəndim, həmişəki kimi. Əlinizə sağlıq 🩷

    1. Uraqan

      @Uraqan

      05 aprel 26, 22:03

      Çox sağ olun 🙏🥰 

  9. S.Nərmin

    @S.Nərmin

    05 aprel 26, 20:24

     Salam.Belə olacaqını heç düşünməzdim.Ama hər əsərdə bir müəma var onu tutub tutmamaq oxucusuna qalır.Mən isə bu nağılı ancaq dillərdən eşitmişdim)

    1. Uraqan

      @Uraqan

      05 aprel 26, 22:02

      Təşəkkürlər, Nərmin xanım 🙏🙏

  10. Şəbnəm

    @Şəbnəm

    05 aprel 26, 20:11

    Divlərin adı dəyişsə də, metodları eyni qalıb, amma təəssüf ki, hər qaranlıq gecədə "od dalınca" gedəcək bir Cırtdan ayıqlığı tapılmır. Nağılın bugünkü "gerçəklərimizə" bu qədər uyğun gəlməsi həm müəllifin müşahidə qabiliyyətinin, həm də tarixin təkrarlanmasının göstəricisidir. Qələminizə sağlıq, Uraqan❤️ 

    1. Uraqan

      @Uraqan

      05 aprel 26, 22:02

      Çox sağ olun, Şəbnəm xanım 🥰🙏

  11. Rahidə

    @Rahidə

    05 aprel 26, 20:10

    Mən bu yazıları oxuyandan sonra başa düşdüm ki, bizə uşaqlıqdan öyrədilən Cırtdan nağılına tamam başqa cür də baxmaq olar. Əvvəllər mən də hamı kimi düşünürdüm ki, Cırtdan sadəcə ağıllı və cəsur qəhrəmandır. Amma bu tənqidi yanaşmadan sonra fikrim bir az dəyişdi.

    Məncə, bu nağılda hər şey göründüyü qədər sadə deyil. Cırtdanın davranışlarına başqa tərəfdən baxanda onun sadəcə qəhrəman yox, vəziyyətdən çıxmağı bacaran, bəzən isə hiyləgərlik edən biri olduğunu da görmək olur. Yəni bu obrazı təkcə yaxşı kimi yox, daha mürəkkəb bir xarakter kimi qəbul etmək olar.

    Bu yazılarda xoşuma gələn əsas məqam o oldu ki, müəllif köhnə bir nağılı götürüb onu müasir baxışla izah edir. Yəni bizə göstərir ki, illərlə eyni cür qəbul etdiyimiz hekayələrin arxasında fərqli mənalar da gizlənə bilər.

    Xüsusilə Cırtdanın öz dilindən danışdırılması maraqlı gəldi. Bu, sanki hadisələrə onun baxış bucağından baxmağa imkan verir və oxucunu düşünməyə məcbur edir ki, əsl həqiqət nədir.

    Ümumilikdə, məncə bu cür yanaşmalar vacibdir. Çünki insanı düşünməyə vadar edir və göstərir ki, hər hekayənin tək bir doğru tərəfi olmur.

    1. Uraqan

      @Uraqan

      05 aprel 26, 22:01

      Çox təşəkkür edirəm, Rahidə xanım. Düşüncələriniz mənim üçün çox qiymətlidir 🥰🙏

  12. Mahizər

    @Mahizər

    05 aprel 26, 16:59

    Millətin dedikləri....

    Hələ keçmişdə də var imiş.

    1. Uraqan

      @Uraqan

      05 aprel 26, 22:01

      Çox təşəkkür edirəm, Mahizət xanım

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol