Mən kiməm?

Mən kiməm?

Mən kiməm?

+++Mən hər gün marşrut üzrə hərəkət edən avtobus sürücüsüyəm. Həyatdan o qədər bezmişəm ki, bu yolun bizi hara aparacağını hələ də bilmirəm.

+++Mən o kəsəm ki, avtobusa minərkən işə tələsirəm. Ailəmə bir tikə çörək aparmaq üçün hər gün bu yolu gedib-gəlirəm.

+++Mən avtobusa minən kimi ən arxadakı boş yerə əyləşirəm. Bəzən yer olmadığından qabaqda oturanda gözlərimi yumub başımı pəncərəyə söykəyirəm ki, qarşımdakı qadının qəzəbinə tuş gəlməyim.

++++Mən o qadınam ki, yüksək səslə deyinib, “indiki nəsil çox pozulub” deyirəm. Məni insanların yorğunluğu maraqlandırmır, ayaqlarım çox ağrıyır.

++Mən o qadınam ki, hər gün müxtəlif paltarlarla ətrafımdakı insanları cəzb etməyə çalışıram. Hərdən kimsə yaxınlaşanda özümü elə aparıram ki, guya bundan çox sıxılıram.

+++Mən o tələbəyəm ki, pulum ancaq bu avtobusa minməyə çatır...

+++Mən o məmuram ki, avtobusa minmirəm. Bu hekayədə nə işim var, özüm də bilmirəm.

+++Mən o dayıyam ki, qarnım yekə, başım keçəl, içi isə bomboşdur. Hər gün bu avtobusda siyasi söhbətlər edərək ətrafımdakı insanları ayıldıram. Deyilənə görə, bizi masonlar idarə edir.

?Mən özümü hələ yeni tanımağa başlayan on beş yaşında bir yeniyetməyəm. Özümü tam kəşf etmədiyimdən hansı universiteti seçəcəyimi bilmirəm. Əsas odur, diplom olsun, sonrası Allah Kərimdir.

+++Mən hər gün işə həvəslə gedib-gələn sadə işçiyəm. Bir dəfə “işimi çox sevirəm” dediyimçün iş yoldaşlarım hələ də məsxərəyə qoyur məni.

+++Mən də yan-yörəmə baxıb gözləri qaynayan qızları axtarıram.

+++Mən mələyəm. Amma qanadımı qırıblar, cənnətdən qovulmuşam.

+++Mən növbəti dayanacaqda düşən həmin adamam. Dostuma “düşərsən”i elə dedim ki, bütün avtobus onun yerinə pul verdiyimi bildi.

+++Mən oğruyam. Amma insanların mal-mülkünü oğurlamıram, onların həyatlarını əllərindən alıram. Mənim adım Zamandır.

Şərhlər (0)

Fikir Bildir

[logged]
[/logged]