Bu əsəri yazmağıma səbəb, görmə məhdudiyyəti olan dinləyicimdə yazıçılığa aid bir qığılcımın yaranması oldu. Dinləyici kimə dediyimə gəlincə, mən – Adil Əliyev Zaməddin oğlu – görmə məhdudiyyəti olan şəxslərin Sosial Reabilitasiya Mərkəzində işləyirəm və burada mərkəzimizə müraciət edən şəxslərə pasiyent, müraciətçi ya da xəstə deyil, “dinləyici” deyirik.

Nurlanə Eyvazova Cərulla qızı adındakı bu dinləyicimə də həm psixoloji dəstək, həm də həyatında motivasiyaedici bir başlanğıc vermək üçün üç aylıq bir zaman ərzində birlikdə ərsəyə gətirdiyimiz bu əsər, yazmaq, fikirlərini doğru şəkildə ifadə etmək, təsvir və təsəvvür kimi xüsusiyyətlərin inkişafı üçün bir cür kurs mahiyyəti daşıdı.Reabilitasiya mərkəzinə gələnə və orada Adil müəllimlə tanış olana qədər yazıçılıq mənim üçün sadəcə əlçatmaz bir xəyal idi.Mərkəzə necə gəldiyimə gəldikdə isə, mən – Eyvazova Nurlanə Cərulla qızı – 1992-ci il dekabrın 14-də Zərdab rayonunun Məmmədqasımlı kəndində, 5 uşaqlı bir ailənin ilk, tək və tam görmə məhdudiyyətli övladı olaraq dünyaya gəlmişəm. Bakıda görmə imkanları məhdud olan uşaqlar üçün xüsusi internat məktəbi mövcud olsa da, təəssüf ki, bu hüquqdan yararlana bilməmişəm. Reabilitasiya mərkəzinə isə bir-birini əvəz edən 29 mənasız ildən sonra — 2021-ci ilin 24 fevral tarixində, özüm kimi görmə məhdudiyyətli olan qohumlarımın köməyi ilə gəldim.Məhz bu mərkəzdə özümün insan olduğunu, tək olmadığımı, yoldaşlarımın varlığını və bir gün yazar ola biləcəyimi anladım. Bu anlayışı isə mənə Adil müəllim qazandırdı.Uşaqlıqdan yazmağa böyük marağım olsa da, təəssüf ki, bu arzumu həyata keçirmək üçün nə yazı vasitəm, nə də imkanım vardı.

“Qaranlıq adamı” adlandırdığım hekayəni yazmağa isə 2015-ci ilin mart ayında, bir televiziya kanalında yayımlanan sosial-analitik verilişin təsiri ilə başladım. Verilişdə gözləri görməyən həyat yoldaşını həkimə gətirən bir qadının söylədiyi dərin mənalı sözlər məni sarsıtdı və bu hekayəni yazmağa sövq etdi. Bu hekayəni yazmaqda əsas məqsədim siz — dəyərli oxuculara — müəyyən sosial və insani mesajları çatdırmaqdır. Əgər hekayəni diqqətlə oxusanız, nə demək istədiyimi anlayacaq və vermək istədiyim mesajı qəbul edəcəksiniz. Sözümün sonunda isə bu hekayənin ərsəyə gəlməsində böyük rolu olan dəyərli Adil müəllimə səmimi təşəkkürümü bildirirəm. Eyni zamanda, ola biləcək hər hansı nöqsanlara görə əvvəlcədən siz oxuculardan üzr istəyir, xoş oxu təcrübəsi arzulayıram.