Plastmas balıq maskası taxmaq istəyən adam.
İş günü təzə başlayır; yorğun olmamalıyam, amma əksinə, elə təzə başladığına görə yorğun hiss edirəm, çünki hələ saatlarla ayaq üstə, kassanın qarşısında durmalı olduğumu bilirəm. Lakin kassir işlədiyim bu kiçik marketin — yorğunluğum qədər olmasa da — böyük şüşələrindən qapıya sarı yaxınlaşan o adamı görəndə bütün yorğunluğum yadımdan çıxdı.
O adam ki, üzünə plastmas, başının arxasından iplə bağlanan balıq maskası taxmış, bir əlində qara torba, digər əlində isə ondan da qara — ola bilsin onu görən gözlərim qaralmışdı deyə belə düşünürdüm — silah tutmuş vəziyyətdə, yorğunluğumu xatırlamağa macal vermədən təpiklə marketin qapısını açdı. Özü ilə birgə iyrənc, dözülməz qoxu da marketə daxil oldu. Bəlkə, başqa vaxt olsaydı, o balıq maskası mənə gülməli görünərdi, amma başqa vaxt deyildi.
Balıq adamın — artıq ona belə deyəcəm — “əllərini qaldır!” deməyinə imkan vermədən iki əlimi də qaldırdım. Yəqin ki, qaldırmasaydım daha yaxşı olardı:
— Ayaqlarını qaldır! — maskanın altından səsi balıq balası kimi çıxırdı.
— Bağışlayın, qaldıraram; amma necə? — başqa vaxt deyildi, odur ki, balıq adamın bu gülməli əmrinə gülə bilmədim, əksinə, səsim titrədi.
— Mənə dəxli yoxdur necə, — silahını göydə yellədi.
— Onda əlimi salıb yerə oturmalıyam, icazənizlə.
— Yerə oturmayıb nağaracaqsan? Ayaq üstə ayaqlarını qaldıra bilərsən, xiyar? — maska taxmasaydı üz ifadəsindən bunu gülərək, yoxsa ciddi dediyini anlayar, ona uyğun hərəkət edərdim. Ancaq balıq balası kimi çıxan səsinə görə bu mümkün olmadı.
— Həri, bəs nə. Sən qaldıra bilmirsən?
— Məni quş yerinə qoymusan, deyəsən. Başım boyda balıq maskasını görmürsən? — bu cümlələr real ola bilməzdi, yaxud o da mənimlə məzələnirdi; və ya dəli idi.
— Ba…
— Yaxşı görək, vaxtımı alırsan, tök bura pulları, — deyib silahına baxanda daha açıq rəngli torbanı üzümə çırpdı. Artıq balıq adamla birgə marketə daxil olan iy daha da kəskinləşmiş, sözün əsl mənasında dözülməz hal almışdı.
Bundan sonra olduqca qəribə bir şey baş verdi. Qapını təpiklə açan adamın, yəni balıq adamın maskası düşdü. Hə, ip necəsə boşaldı və plastmas, balıq başı formasında olan maskası marketin parlaq zəmini ilə təmas etdi.
Üzünü sizə təsvir etməyəcəm, amma gözləri… Balıq maskasının altından necə görürdü başa düşə bilmirəm; gözləri o qədər iri idi ki, ona balıq yox, səkkizayaq başı formasında bir maska lazım idi.
— Yox! Yox! Yox! Məni görməməliydin! YOX! — alt dişlərini üst dodağına sıxır, üzünü dəhşətli hala salırdı; gözlərimi səs tonuna görəmi, yoxsa üzündən qorxdum deyəmi bağladım bilmirəm. — Öld… — dərin nəfəs alıb gözlərini yumdu, — öldürməliyəm səni… Başqa yolu yoxdu.
— N-nəyi? Nəyi görməməliydim? — özümü dəliliyə vurdum, ancaq məntiqli olan elə o idi.
— Üzümü də, ala, üzümü! Bu sikilmiş üzümü, — balıq başı formalı maskası marketin parlaq zəmininə düşmüş adam ağlamsınan kimi oldu və ağzındakı çiyələkli — ya da, bəlkə, almalı — sovurması yerə düşən uşaqlar kimi əyilib maskanı yerdən götürərək yenidən üzünə qoydu.
Əvvəl “üzüm?” demək istədimsə də, bu kütbeyinin hər an məni vura biləcəyini başa düşüb:
— Mən koram! — dedim; evrika!.
— Kora oxşamırsan, — birdən-birə sakitləşdi sanki, hətta bir anlıq balıq formalı maskanı belə üzündən götürmək istədi, götürmədi. — Yaxşı, necə əmin olum?
İnanmaq istəyirdi. Mən də onun balıq olduğuna inanmaq istəyərdim, amma əlinin mövcudluğu — qəlsəmələrin qeyri-mövcudluğunu da əlavə edə bilərik — və ağzını mənə tərəf tutduğu silahı buna imkan vermədi.
— Doğrudan koram. Bilmirəm sizi necə əmin edə bilə… — bir saniyənin içində maskanın üstündə saxladığı əlini buraxıb yumruq halına gətirərək qaşlarıma toxundurdu. Diksindim; çünki mənim gözlərim balıq kimi — əla görürdü. Əlbəttə, əgər anamın balıq yeyim deyə danışdığı balıqların iti gözləri haqqında olan əfsanələr doğrudursa.
— Bəs görmürdün, ə? Kimə kələk gəlirsən? — yerə düşən balıq formalı maskasını götürüb dombalmış gözlərinin üstünə çəkdi.
— Görmürəm.
— Əəh, sən öl başına gül əkərəm sənin, oğraş, bəs niyə balıq kimi dik atıldın?!
— Hiss elədim.
— Helə? — bir az düşünəndən sonra əlavə etdi. — Onda kassaya baxmadan ordan 16 manat 18 qəpik ver.
— Yaxşı, — dedim və kiçik açarla kassanı açıb başımı aşağı salaraq pulları saymağa başladım.
— Baxırsan axı.
— Baxmıram. Heç nə görmürəm.
— Hardan bilim görmədiyini? — yenə əsəbiləşmişdi və get-gedə səbir kasası dolurdu; bunu qıpqırmızı qızarmış üzündən anlamaq elə də çətin deyildi.
— Kor olduğumu heç vaxt müştərilərə bildirmirəm, bəy, görürmüş kimi başımı aşağı salıram və bu artıq refleks olub. Yəni kassanı açanda başım da avtomatik aşağı düşür, — dedim. Necə ki o mənə yumruq atanda maskası düşürdü.
— Narahat olma, qorxusu yoxdu, mən saxlayaram başını, — deyib əli ilə çənəmdən yapışaraq yuxarı qaldırdı. İndi düz gözlərinin içinə baxırdım, çənəmi tutmalı idi deyə yenə maskanı tutan əlini buraxmalı olmuş, maska yerə — marketin parlaq, ağ zəmininə düşmüşdü. — Say ver!
Çənəmə toxunan barmaqları elə bil bədənimə iynə kimi sancılıb boğazımdan aşağı qaynar su yeritdi. Özümü bir təhər məcbur edib əlimi kassaya apardım. Bəlkə də, mənim yerimə illərin işçisi olsaydı, gözüyumulu da sayıb verərdi o pulu. Amma yerimdə heç kəs yoxdur, mən isə işə yeni düzəlmişəm.
Düşünmək üçün yalandan əsginasları xışıldada, qəpikləri bir-birinə vurub şaqqıldadaraq vaxt qazanmağa çalışdım. Və yenə də evrika!
— Bəy, burda 16 manat yoxdur heç.
— Hə? Təki elə olsun, indi gəlib özüm baxıram, əgər olsa, öləcəksən, — çənəmə batırdığı iynələri — barmaqlarını çıxarıb yerə düşən maskasını üzünə qoyaraq piştaxtanın bu tərəfinə keçirdi ki, əslində — marketin yeni açılmağına baxmayaraq — onlarla kiloqram balıq ala biləcəyiniz qədər pul olan kassanı kiçik açarı ilə bağlayıb, açarı uddum. Bəli, uddum.
— Neynirsən?! NEY-NİR-SƏN?! — səsi bütün marketə yayılaraq bükülüb ikiqat olmağıma səbəb oldu. — Öldürəcəm səni… — Qəribə şəkildə bayaqdan bir nəfərin də girmədiyi marketə bu səsdən sonra kiminsə gələcəyini ümid edərək balıq adamın başını qatmağa çalışdım.
— Yox, yox, səninlə belə danışmamışdıq. Öldürə bilməzsən, — uzatmamağa çalışaraq birnəfəsə əlavə etdim, — çünki içəridə nə qədər pul olduğunu bilmirsən.
Balıq adamın dinmədən var-gəl etdiyini görüb, bir az da öz canımın qorxusundan:
— Polisə heç nə deyən deyiləm, narahat olma, — dedim bacardığım qədər pəs səslə.
— Başa düşmürsən… Başa düşmürsən! Məsələ polis deyil. Məsələ üzümdü! — Balıq adamın necə reaksiya verəcəyini təxmin etmək qeyri-mümkün idi. İndi də özümdən asılı olmayaraq qulaqlarımı tutmağıma səbəb olacaq qədər yüksək səslə bağırdı. Ardınca maskanı bərk-bərk üzünə sıxıb ağlamağa başladı. Digər əlindəki silahın altı ilə də plastmas maskanı döyəcləməyə başladı. Get-gedə daha bərk vurur, hərdən yanlışlıqla maskanı tutan əlinə də dəydirirdi.
Bir müddət sonra əli qanamağa başladı. Maska isə… maskadan əsər-əlamət qalmamışdı; əzilib kiçilmiş, dəmir silahın artıq balıq adamın alnına dəyməyinə səbəb olmuşdu. Axır maskanı buraxdı və maska qanayan əlinin parlaq zəmində yaratdığı kiçik qan gölməçəsinə düşdü. Əzilən maskanın gülməli, yoxsa dəhşətli olduğunu ayırd etmək artıq çətin deyildi.
Yenə də üzünü təsvir etməyəcəyəm. Ağlayan heç kəs ürəkaçan görünmür. Amma anamın məsləhətinə qulaq asıb, yaratdığı əfsanələrə inanıb yediyim balıqlar gözümü bu qədər iti etməsəydi, bəlkə də, balıq adamın başında açılan yaraları görməz, əlindən yapışıb özünü daha çox yaralamağının qarşısını ala bilməzdim.
— Qorxma, — dedim və sakit-sakit mənə baxan kədərli gözlərindən güc qazanaraq əlavə etdim, — hamımız gizlənirik. Bəzilərimiz maskasız… bəzilərimiz maska ilə… — bilaixtiyar yerdəki qana bulanmış maskanı götürərək üzümə taxdım və balıq adam heç gözləmədiyim şəkildə cavab verdi:
— Bəzilərimiz də plastmas, balıq formalı maska ilə.
Həmən gündən yadımda qalan son səhnə yerə düşmüş torbanın içindən çıxan balıq başıdır. Onu görənə qədər elə bilirdim, bərbad iy balıq adam — plastmas balıq formalı maskanı taxan adamdan gəlir, sən demə, balıq başından gəlirmiş; bayaqdan torbada gizlənən balıq başından. Görəsən, başsız balıqlar da iylənirmi?
Şərhlər (10)