Keçmişin səssiz dərsləri - Dərya Qasımova

Keçmişin səssiz dərsləri - Dərya Qasımova
Çox səhv elədim indiyə kimi...
Bunu inkar etmirəm.
Bəzən elə səhvlər elədim ki, nəticəsini illərlə çəkdim.
Bəzən də sadəcə susdum, heç nə demədim... və susqunluğum da səhvə çevrildi.
Dərs aldıqlarım oldu — bəzilərini həyat öyrətdi, bəzilərini insanlar...
Amma elələri də var idi ki, o dərsləri almağa zamanım olmadı, ya da gözüm bağlı idi...
Öyrənməyə hazır deyildim sadəcə."Yaxşı ki, eləmişəm" dediyim xatirələr var — ürəyimdə bir gülüş kimi qalırlar.
Bir də "kaş ki"lər var... gecənin bir vaxtı gəlib dodaqlarıma toxunan,
Həyatımın səssiz künclərində pıçıldayan o bitməyən təəssüflər...
İndi isə tamam başqa bir həyatın içindəyəm.
Yeni şəhərlər, fərqli küçələr, tanımadığım simalar və… daha sakit bir "mən".
Köhnə dostlar, köhnə alışqanlıqlar... hələ də hardasa var,
Amma əksəriyyəti, elə keçmişdəki kimi — uzaqda və toxunulmaz.
Geri qaytarmaq istədiyim zamanlar var.
O anlarda bir nəfəslik durub, hər şeyi dəyişmək istərdim.Əngəlləmək istədiyim başlanğıclar var —
Çünki onların sonunda dağılmış xəyallar yatır.
Beynimdən silmək istədiyim görüntülər var...
Bəziləri yuxuma girir, bəziləri gündüzümə.
Ala bilmədiyim sözlər var...
Ən çox da içimdə ilişib qalan və heç vaxt deyilməyənlər.
Eşitməmək istədiyim, amma eşitdiyim cümlələr var...
Və görməmək istədiyim, amma gözümün içində dayanan gerçəklər...
Təəssüf ki, bu yazını yazdığım zamana belə geri dönə bilmirəm.Əllərim klaviaturada, gözlərimdə sükut.
Həyatımdan nələrisə aparan insanlar oldu...
Bəzisi sevgimi, bəzisi inamımı, bəzisi içimdəki uşaqlığı apardı.
Amma indi düşünürəm — bəlkə də yaxşı ki, aparıblar.
Çünki itirdiklərimizlə formalaşırıq...
İnsanı insan edən də məhz budur:
Qırıldığı yerlərdən yenidən doğa bilmək.
Bəzən itirdiyin şeylər, qazandığın güc olur.
Və hər şeyə rəğmən, hələ də buradayam.
Həmişəki kimi — az danışan, çox hiss edən biri kimi...
Sadəcə bir az daha böyümüş, bir az daha səssiz, bir az daha mən.

Şərhlər (8)

  1. SİRİUS

    @SİRİUS

    17 iyul 25, 12:12

    ... yaxşıki aparıblar saxta xoşbəxtliyimizi və həqiqəti görməyə başlamişiq. Biz ən azından yalanlarla yaşamadiq. Ən azından yaşadiğimiz acilardan bu qədər möhkəm olmaği öyrəndik. Bu hekayə ilə insan ta uşağliğina gedir. Sanki orda böyük bir boşluq görürsən. Sanki nələrsə alınıb səndən yerinide böyük acılar tutub. Yaralisan ama ölməyib sən. Dağiniqsan ama toparlanacaqsan....və bəziləri yaxşiki getdi bizə özümüzü sevməyi öyrətdilər.Teşekkur edirəm bu yazınız qəlblərə yol tapır. Uğurlar 🫶

    1. Dərya Qasımova

      @Dərya Qasımova

      17 iyul 25, 12:36

      Bəli, keçmişimizlə mübarizə aparmalıyıq ki, bu gün qələbə qazanaq. Çox təşəkkür edirəm, fikriniz üçün. Var olasınız ☺️🤍

  2. Asuela

    @Asuela

    17 iyul 25, 10:29

    insan keçmişi geri qaytara bilmir,amma ordan keçib gelmek,sağ qalmaq en böyük qelebe deyil mi¿
    bu yazıda qelebenin sesi var,sessiz amma aydın..

    Uğurlar❤️

    1. Dərya Qasımova

      @Dərya Qasımova

      17 iyul 25, 10:36

      Doğrudur, keçmişdən sağ çıxıb gəlmək, dağılmış bir iç dünyanı yenidən qurmaq kimidir. Fikirləriniz üçün çox təşəkkürlər 🤍🌸☺️

  3. Aynur Yusifova

    @Aynur Yusifova

    17 iyul 25, 09:52

    Bu mətn çox incə, dərin və yaşanmış bir ruh halını əks etdirir. buna görə sizə təşəkkürlər və uğur arzu edirəm🌟✨💫


    Bu yazı bizə öyrədir ki, sükut gücdür. İtirdiklərimiz bizi zəiflətsə də, ayaqda qalmağımız bizi “biz” edir. Və bəzən az danışan insanlar, içində ən çox danışanlardır.


    Çox gözəl və dəyərli bir mətn paylaşıbsınız.

    1. Dərya Qasımova

      @Dərya Qasımova

      17 iyul 25, 10:02

      Bəli, sükut gücdür. Bəzən ən ağır yükləri söz yox, məhz sükut daşıyar. Çox təşəkkür edirəm, fikirləriniz üçün. Var olasınız ☺️🌸🤍

  4. SİMURQ

    @SİMURQ

    17 iyul 25, 09:49

    Keçmişimizə bağlı qalmamalıyıq ki bir gələcəyimiz olsun. Bəlkə "kaş ki" dediklərimizi geriyə qayıdıb dəyişdirə bilməsək də həyatımızda "yaxşı ki" lərin sayını artıra bilərik. Hər şey inam və ümidimizə bağlıdır. Səssizlik  bilinməyən sualların cavabı olsa da, hər zaman sükuta bürünərək problemləri həll etmək çətinlik yarada bilər. Bəzən içimizdəki fırtınayı özümüz aradan qaldırmaq yerinə onu sərbəst buraxıb ətrafı darmadağın etməsinə icazə verməliyik. Kim bilə bilər o dağınıq halın hər şey qaydasında olduğundan daha yaxşı bir fürsət gətirməyəcəyini? Axışına buraxmaqda qayıqda yelkən çəkmək kimidir. Əgər aramsız kürək çəkib su axınına qarşı qüvvət təsiri yaratsaq boğula bilərik... 

    1. Dərya Qasımova

      @Dərya Qasımova

      17 iyul 25, 10:02

      Bəli, doğru vurğuladınız. Həyat bəzən su kimidir. Axarına qarşı yox, onunla birgə axanda daha sakit bir limana çata bilərik. Bəlkə də, hər şey buraxanda düzəlir. Xoş fikirləriniz üçün minnətdaram, çox sağ olun 🤍💐

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol