Yazmaq
Bu sualın cavabını tapmaq xoşbəxtliyi hələ mənə qismət olmayıb. Görünür, mən hələ bu yolun çox-çox əvvəlindəyəm. Yazmış olduğum üç-beş kiçik hekayə ilə bu suala cavab axtarmağım özü də bir qədər absurddur. Ümumiyyətlə, əvvəllərdən məndə belə bir qənaətə formalaşıb ki, yazmaq (nəzm yaxud nəsr) insanda sonradan yaranan bir bacarıq, vərdiş yox, fitri bir istedaddır. Bunun, əsasən də, nəzm üçün belə olduğunu düşünürəm. Çünki istəyərək şeir yazmaq olmur, şeir daxilən, bədahətən gəlməlidir. Planlı yazılmış şeirlə bədahətən yazılmış şeir arasında da yerlə göy qədər fərq var. Eləcə də nəsr. Real həyatda olanları, olmayanları və görmək istədiyini sözlərlə təsvir etmək, həqiqətən də, incə bir sənətdir. Bəs, görəsən, insanda nə zaman şairlik, yazarlıq istedadı olduğu ortaya çıxır? Bu insandan-insana dəyişə bilər. Amma əksərən yaşanmışların açdığı dərin yara izlərinə sahib kəslər adi sözləri ölməz əsərlərə çevirməyi bacarırlar. Bəzən sual olunur ki, bəs niyə indiki dövrdə nizamilər, fizulilər, nəsimilər, dostoyevskilər, tolstoylar, drayzerlər, hötelər şekspirlər yetişmir? Cavab isə sadədir: yetişir! İndiki dövrdə də kifayət qədər sanballı söz sənətkarları var və olacaq da. Sadəcə söz ustadları əksərən öz zamanlarında anlaşılmaz, başa düşülməyən insanlar olduğuna görədir ki, biz onları tanımırıq. Zamanın özü də bir xəlbir kimidir. Ələyir, ələyir, uzun illər sonra yüzlərlə keyfiyyətsiz yazıların içindən tarixdə qalmalı olanları üzə çıxır. Məhz buna görə də ən əzəmətli ustad elə zamanın özüdür. Zamanı qabaqlaya bilən isə əsl yazıçı, şair olur!
Şərhlər (8)