Qapı yavaşca açılırdı. Əlini qısa, qara saçlarına atıb onlarla oynayan Endi içəri girdi. Əynindəki qara, qolu qısa olan köynəyi və boz rəngdə geniş cins şalvarı ilə rahat və zövqlü geyinmişdi. Gözlərini ovuşdurmaq üçün qara, dairəvi eynəyini çıxartdı. Həkim ona eynək taxmağa ehtiyacı olmadığını, gözünün artıq sağaldığını deyirdi, amma Endi niyəsə eynək taxmağı çox sevirdi. Gözü zəif olduğu vaxt vərdiş etdiyi üçün taxırdı, yoxsa sadəcə zövq üçünmü taxırdı? Özü belə bilmirdi, sadəcə çox sevirdi. Otağına keçərkən cibindən o biri eynəyini çıxartdı və gözünə taxdı. Bu o il üçün yenilik idi, holoqlas idi adı. Endi gözlüyün qırağındakı qırmızı sensora basıb səsləndi: 

- Hey, Holo, "Daft Punk"-un "Səyahətçi" mahnısını aç. 

- Əla zövqün var, Endi, bu dəqiqə açıram. 

Holoqlasda əvvəllər "Siri", "Assistant" və digər süni intellektlər kimi çalışan başqa bir süni intellekt proqramı var idi, buna da "Holo" deyilirdi. Bu süni intellektin əvvəlki versiyalardan fərqi o idi ki, insanlara onların yaşıdı kimi davranırdı, sanki bir robot deyildi, bir insan idi.

Endi pəncərəni açdı, gecə olmuşdu artıq. Otağın divarındakı elektron saat da "20:00" göstərirdi. Onun otağında çoxlu kosmos xəritələri, planetlərin modelləri, onlara aid yazdığı bir çox məqalələr var idi. Endi yatağına uzandı, mahnıya qulaq asarkən sevinclə divardan asmış olduğu xəritəyə baxırdı. Dünya xəritəsi deyildi bu, planetlər xəritəsi idi. Artıq digər planetlərə səyahət etmək də mümkün idi, buna da ilk olaraq Marsa səyahət edilməklə nail olunmuşdu. Artıq Marsa hər il onlarla turist səyahət edirdi. İkinci planda isə Dan Ulduzu var idi, onun yol xəritəsini də Endi çəkmişdi. O KAM-da, yəni Kosmos Araşdırmalar Mərkəzində kosmos topoqrafı və mühəndisi idi. Özü üç dəfə kosmosa səyahət etmişdi, birinci səyahətində uğursuz da olsa, evinə qayıda bilmişdi. Digər iki səyahətində isə bol-bol uğur qazanıb evə sağ-salamat qayıtmışdı. Bu dəfə isə o Veneraya gedəcəkdi. Özünü çox həyəcanlı hiss edirdi, səyahətinin uğurlu olacağına qəlbiylə, düşüncəsi ilə inanırdı. Yatağında oturdu və təqvimə baxdı. Tarix 6 may 2080-ci ili göstərirdi. Səyahət isə 8 mayda baş tutacaqdı və iki gün qalırdı. Yataq otağının qırağındakı kosmonavt paltarına baxdı və əvvəlki səyahətlərini xatırladı. Risklərlə, təhlükələrlə dolu yollar aşmış, o yollarda irəliləyərkən həmişə özünə inanaraq hərəkət etmişdi. Nəticədə KAM-dakı hər kəsin diqqətini çəkmiş, hər kəsin rəğbətini qazanmışdı. Bunları düşünərək ən sonda yenidən yerinə uzandı və yuxuya getdi...

5 il əvvəl...

Qaranlıqdan mülayim və sakit bir səs gəlir:

"Bir şeyə cəhd edərkən nəyinsə mükəmməl olacağını gözləməyin".

O birdən gözlərini həyəcanla açdı, dərindən nəfəs almağa çalışırdı. Amma nəfəs almaq da çətin idi, çünki kosmik gəmidə oksigen miqdarı məhdud idi. Artıq içindəki təzyiq və ağrı onu ələ keçirmək üzrə idi, başı da gicəllənirdi. Bu vaxt isə xəbərdarlıq siqnalı hələ də ötməyə davam edirdi... Bu boğuqluqla, bu çarəsizliklə Endi gəminin sistemindəki xətanı düzəltməyə çalışırdı. Qorxu da bürüyürdü onu... Kosmosda çox yalnız idi, özündən başqa heç kəs o gəmidə deyildi. Mərkəzdəki heç kəslə əlaqə saxlamaq da mümkün deyildi, əlaqə sistemləri işləmirdi. İşin daha da pis tərəfi başı gicəlləndiyi üçün hər yeri fırlanğıc bir şəkildə görürdü. Siqnalın səsi isə artıq Endinin beyninə işləyirdi... "Biiip biiip" səsləri sanki kilsənin ölüm zənginə oxşar bir tempdə eşidilirdi... Endi üçün hər şey bitmək üzrə idi, amma... xatırladı.

Qardaşını xatırladı... Onunla yaşadığı gözəl xatirələri xatırladı... Və niyə kosmosa səyahət etmək istədiyini xatırladı. Bilinməyənləri kəşf edəcəkdi və kəşf edəcəyi daha çox şey var idi... Bu səyahət isə...onun kosmosa ilk səyahəti idi... Bu qədər tez əl çəkə də bilməzdi... Qardaşı Entoniyə evə sağ-salamat qayıdacağına söz vermişdi. Son dəfə sistemin xətasını aradan qaldırmağa çalışarkən... səs eşidildi. Sanki kimsə kosmik gəminin giriş hissəsini döyəcləyirdi. Səslər get-gedə artırdı... Bitmirdi.

Birdən Endi gözlərini bir də açdı və səsin qapıdan gəldiyini anladı. Tər içində idi. Təlaşlı və yuxulu halı ilə yatağından durdu, evinin qapısına getdi. Qapını açdığında tanış birini gördü.

- Yaradana şükür, bayaqdan qapını döyürəm, açmırsan, - Entoni narahat səsiylə qardaşına dedi, - elə bildim, nəsə oldu.

- Yox, - Endi əlini ağzına gətirib əsnəməyə başladı, - narahat olma, - ardınca əlləriylə gözlərini ovuşdurdu, davam elədi, - Yatmışdım. Eşitməmişəm. 

Endi qırağa çəkildi ki, Entoni içəri girsin. Entoni onun tər içində olduğunu gördü, yenə narahatlığını gizlədə bilmədi:

- Sənə nə olub? Deyəsən, yaxşı yatmamısan gecə. 

- Yox, a, mürgüləyirdim bir az, necə oldusa, yuxu gördüm, - Endi yuxusunu yadına saldı, - gəmidə nəfəsim çatmırdı, evə qayıda bilmirdim. Həmişəki yuxulardandır, alışmışam, boş ver.

Entoni onun otağına keçdi, masasının qırağındakı qara stula oturdu. Endi isə mətbəxə keçdi, oradan qardaşına səsləndi:

- Nəsə istəyirsən?

Entoni də səsini bir az ucaldıb "Sadəcə su istəyirəm" dedi. 4-5 saniyə sonra Endi əlində iki stəkan su ilə birgə gəldi. Bir stəkan suyun birini Entoniyə verdi, digərini isə özü otağının qapısının ağzında dayanarkən içirdi. Entoni sudan bir-iki qurtum içəndən sonra stəkanı masaya qoydu. 

Entoni Endidən 4 yaş kiçik idi. Endi tez-tez ona öz adını yox, onun qısaldılmış halı olan "Toni" deyə çağırardı. O ailəsi ilə birlikdə yaşasa da, arada qardaşı Endinin yanına gəlir, ondan hal-əhval soruşardı. Bu aralar isə hər gün qardaşını görməyə gəlirdi, çünki qardaşı tezliklə kosmosa - öz missiyasını yerinə yetirməyə gedəcəkdi. Amma ona görə özünü pis hiss edirdi. Entoni Endiyə baxaraq narahatlığını bir daha dilə gətirdi:

- Neçənci dəfədir ki, buna oxşar boğuq yuxular görürsən, hətta çoxusu da başına gələn hadisələrə bənzəyir. 

- Nə var ki burada?, - Endi gülümsəməklə cavab istədi qardaşından. 

Entoni başını aşağı saldı, qəmginliklə düşüncələr içində üzməyə başladı, dilləndi:

- Həm belə yuxular görürsən, həm də ki getdiyin səyahətlərdə tez-tez bu şeylər başına gəlir.

Ortalığa səssizlik çökdü. Endi Entoninin yanına otura bilmək üçün yatağına oturdu, əlini çiyninə qoydu, gülümsəyərək dedi:

- Toni, mən bundan narazı deyiləm. Alışdım artıq. Yaşadıqlarım məni gücləndirir. Və güclü olduğumda mən digər çətinliklərin öhdəsindən də gəlirəm. 

Entoni başını qaldırıb qardaşına baxdı, gözlərindən kədəri hiss etmək olardı, alçaq səslə çarəsiz bir halda danışmağa başladı:

- Sən nə vaxt burdan getsən, özümü pis hiss edirəm. Sənə nəsə olacaq deyə çox qorxuram, Endi. Ürəyim ağrıyır... Sən gedəndə özümü çox yalnız hiss edirəm...

Endi bunu eşitcək o da qəmginliyin yarpaqlarına bürünməyə başladı, amma yenə də sakit bir halda qardaşını dinləyirdi.

- Axı sən mənim yeganə qardaşımsan... Bir dərdim olanda hər şeyimi ancaq sənlə bölüşdüm mən. Evdəkilər onsuz da sənin artıq adını belə çəkmirlər. Amma mən hər zaman səni düşünürəm, - Entoni bunları deyəndən sonra başını aşağı saldı. 

Endi nəsə demək istəyirdi, amma birdən Entoni başını belə qaldırmadan həmin alçaq səslə yalvarmağa başladı:

- Birsi gün sən yenə burda olmayacaqsan... Mən sənə görə qorxuram... Çox qorxuram. Bəlkə... Getməyəsən?...

Endi qardaşını qucaqladı. O da səyahətə çıxarkən qardaşı üçün darıxardı. Amma sevdiyi işdən də ayrılmaq istəmirdi. Buna görə də Entonini qucaqlayandan sonra bir az geri çəkilib əlini təkrar qardaşının çiyninə qoydu. Kədərli halından çıxıb ümidli bir hala büründü, qardaşına gülümsədi, dilləndi:

- Toni, sən də mənim təkcə qardaşım deyilsən, mənə ən yaxın dost olmusan. Mən də səyahətə çıxarkən çox darıxıram sənin üçün. Uşaqlığımızda birlikdə ulduz şəkilləri çəkərdik, hətta, bax, orda divarda hamısını asmışam, - Endi danışarkən şəhadət barmağını divardakı ulduz şəkillərinə tuşladı. 

Entoni şəkillərə baxdı və sevinclə kəlmələrini söylədi:

- Yadımdadır, çox gözəl idi onda hər şey. Sonra biz qaçdı tutdu oynayardıq, hətta mən səndən daha sürətli qaçırdım, səni rahat tuturdum.

İkisi də gülüşdülər. Entoni də qardaşına sevgi dolu baxaraq davam etdi:

- İndi sənə sözüm odur ki, narahat olma. Bu dəfəki səyahətdən sağ bir şəkildə qayıdacağam. İnan mənə, - sonra zarafat etməyə hazır şəkildə əlavə etdi, - Qardaşına güvənmirsən sən?

- Güvənirəm, əlbəttə, sadəcə, - Entoninin sevinci bir az məyusluğa çevrildi, - qorxuram da, nə edə bilərəm ki? 

Endi təkrar Entonini qucaqladı və dedi:

- Qorxma, mənə heç nə olmayacaq. Söz.

Entoni də onu qucaqladı. Amma qəlbində narahatlıq özünə artıq yer etmişdi.