Havanın Ruhumuzdakı Səsi - Simurq

Havanın Ruhumuzdakı Səsi - Simurq
[media=https://youtu.be/m7HWopZ84J4?si=U-USl1xjzIpH9QUD]

Hər payız öncəkinə nisbətən daha fərqli gəlir.Keçən ilin oktyabrı ilə bu ilin oktyabrı eyni deyil. Ay bitir, amma biz fərqinə varmadan günlərin içinə qarışırıq.Sanki fəsillər öz simasını dəyişir, biz isə onların nəfəsini daşıyırıq.Yağış ani, çiskin israrlı, günəş isə bir az utancaq doğur.Çoxu zaman səhər soyuq, günorta yay-bahar havası, axşam isə qışın sükutu ilə keçir .Elə bil fəsillər də qərarsızdır ,kim olmaq istədiklərinə tam əmin deyillər.İnsanlar da elə.Bir gün gülümsəyirik, ertəsi gün səbəbsizcə susuruq.Bədən bir temperaturda qalmaq istəmir, ruh bir duyğuda dura bilmir.Bunların hamısını havaya bağlayırıq.Amma bəlkə də hava bizə bənzəyir.

Carl Jung demişdi: “İnsanın ruhu təbiətin ritmləri ilə səsləşməyə ehtiyac duyur.”

Bəlkə də bu səsləşmədir bizi dəyişdirən.Yağış damlaları bəzən kədəri tərcümə edir, külək isə duyğularımızı daşıyır.Təkcə iqlim yox, ruhlar da dəyişkəndir.Bir anlıq sakitlikdən sonra içimizdə tufan qopur.Bəzən o tufan çölə çıxıb küləyə qarışır.

Albert Einstein isə demişdi: “İçimizdəki enerji kainatı dəyişdirir.”

Bəlkə də hər fəsil bizim enerjimizin əksi, ruhumuzun rəngidir.Elm bunları təsadüf adlandırır, amma ruh təsadüfə inanmaz.Çox düşündükdə buludlar yığılır, çox darıxanda külək əsir, çox sevəndə gün çıxır.

Nietzsche yazırdı: “İçimizdəki fırtına, xaricdəki küləyi çağırır.”

Bəlkə də hava bizi deyil, biz havanı dəyişirik.Bəzən səhər pəncərədən baxırsan – yağış damlaları sakitcə süzülür,amma sanki pıçıltıyla deyir: “Bu gün bir az sakit ol, dünya yorulub.”Bəzən də hava qəfil dəyişir, sanki göy insan ürəyini duyur.

Henry David Thoreau deyirdi: “İnsan təbiətlə danışmağı öyrənməlidir.”

Bəlkə də fəsillər və ruh arasında görünməz ,  səssiz,  dərin bir dialoq var.Amma biz bundan xəbərdar deyilik.Hər kəsin fəsillərlə münasibəti fərqlidir.Bəziləri payız yağışından qaçar, bəziləri hər damlada musiqi tapar.Kimisi qışın soyuğunda isti içki və kitabla rahatlıq tapar,kimisi yayda xoşbəxtlik rəmzini görər, kimisi isə istinin ağırlığından qaçar.Bahar gül ətri ilə bəziləri üçün həyatın yenidən doğuluşudur,bəziləri üçün isə allergiyanın başlanğıcı.Hər kəsin bir doğma fəsli var, ruhuna daha yaxın olan.Payızın melankoliyası, yazın dirçəlişi, qışın sükutu, yay istilərinin enerjisi...Fəsillər dəyişir, amma bəlkə də biz onların içində dəyişirik.Hər nəfəsdə, hər küləkdə bir az özümüzdən bir parça var."Ruhumuzmu fəsilləri dəyişir, yoxsa fəsillər ruhumuzu ?" artıq fərqi yoxdur.Çünki hər fəsil bir az bizik.Hər damla, hər külək, hər yarpaq bir az bizdən danışır...

Şərhlər (4)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    01 noyabr 25, 22:39

    Fikrimcə fəsillər ruhumuzu.Ən sevdiyim fəsil yaz çox xoşladığım ay isə May ayıdı.Yaz fəsli gələndə ruhum çiçək açır Hər səhər təzə açmış güllərin qoxusu əsasda ağ yasəmənin xoş ətri...Qış fəsli gələndə ağlagəlməz şeylər düşünürəm.Misal üçün deyirəm Ayı kimi qış yuxusuna getmək şansım olardı kaş...Mənzərəsindən başqa bir şeyini sevməm...
    Hekayəniz də çox gözəl idi.Əməyinizə sağlıq.✨💫✨💫

    1. SİMURQ

      @SİMURQ

      01 noyabr 25, 23:00

      Çox sağ olun. Bəzən hər fəsil bir insana bənzəyir ,biz o gələndə dəyişirik.Bəlkə yaz da sizi buna görə sevir. Axı hər fəsil bir ruhun aynasıdı, kimisi qışda donur, kimisi yazda dirilir.🌸

  2. Dərya Qasımova

    @Dərya Qasımova

    01 noyabr 25, 20:01

    Əslində, dedikləriniz çox doğrudur.

    Hər payız gələndə adam bir başqa olur. Mənim ən sevdiyim payız fəsilidir. Hava bir az sərin, bir az sakit olur, sanki hər şey dincəlir. Yağış damlaları yavaş-yavaş düşür, külək əsir, yarpaqlar yerə səpələnir hər şeydə bir gözəllik var.

    Payızda insan daha çox düşünür. Bəzən sakitlik olur, bəzən içindən qəribə bir duyğu keçir, amma bu, xoş hissdi. Elə bil hava da insanı anlayır. 

    Məncə, payız kədərli deyil. Çox insan belə fikirləşir. Bilmirəm niyə?))Sadəcə, sakit və dərin bir fəsildir. Hər şey öz yerini tapır, həyat bir az yavaşlayır.

    Sanki payız deyir: “Tələsmə, bir az dayan, bax, dünya necə gözəldi.” 🍂

    Çoxxx təşəkkürlər, möhtəşəm yazı üçün. Çox sevdiyim mövzuya toxunmusunuz🤍

    1. SİMURQ

      @SİMURQ

      01 noyabr 25, 22:01

      Çox sağ olun. Payızın hissini bu qədər aydın görmək gözəldi.Bəzən yazılanlardan çox, duyulanlar danışır.🍁

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol