Beş il əvvəl torpaqlarımız azad oldu, amma xatirələr, ağrılar və qürur hələ də ürəklərdə yaşayır.Bu gün biz şəhidlərimizin, qazilərimizin, atasız qalan körpələrin və anaların hekayəsini bir daha xatırlayır, onların ruhunu yad edirik. Bu yazı sükutdan doğuldu.Çünki bəzən Zəfəri anlatmaq üçün danışmaq yox, susmaq gərəkdir.Sanki dünən idi. Qara buludların altında uçan dronların səsi, səngərlərdə titrəyən nəfəs, gecənin sükutunda “İrəli!” nidaları yanxılanırdı...Beş ildir ki, azadlıq həm sevinc, həm də göz yaşı kimi qarışıb xalqın taleyinə.Bu torpaq indi hələ də onlardan danışır.Daşın da, ağacın da səsində bir şəhid nəfəsi var.Hər qarış torpaq bir addımın izini saxlayıb.Biri atasız qalan körpənin taleyinə, biri anasının qara örpəyinə çevrilib.Bəzən torpaq susur, amma susqunluğunun içində min səssiz danışıq gizlənir.
“Oğlumun qoxusu torpaqda qalıb”
“Son dəfə qucaqlayanda dedim: ‘Ay oğul, qorxuram.’ Gülümsədi... dedi: ‘Ana, qorxma, Vətən qorxmaz!’
"İndi hər səhər o söz qulağımda səslənir... Qapı açılır, amma o gəlmir.Hər külək əsəndə bil ki, mən bir daha oğlumun qoxusunu hiss edirəm.”
— Şəhid anası, Tərtər.
Onlar artıq göz yaşını gizlətmir.Çünki o yaşlar bir məğlubiyyətin yox, bir şəhidliyin abidəsidir.O yaşlar torpağı suladı, torpaq isə azadlıq verdi.
Bir körpə qız atasının şəklinə baxıb pıçıldayır:
“Atam bayraq kimi dalğalanır. Atam göydədi, bax, ulduz oldusa, daha qorxmuram.Bayraq yellənəndə elə bilirəm atam keçir ordan.”
Bu uşaq hələ məktəb yoluna tək çıxır, amma sinəsində atasının nişanı, gözlərində onun nurunu daşıyır.O, şəhidin davamıdır.Atasız böyüyən bu uşaqların hər biri azadlığın mirasıdır.Onların gülüşü Zəfərin səsi, sükutu şəhidlərin ruhudur.Qazilər təkcə bədənlərində deyil, ruhlarında da döyüş izləri daşıyırlar.Birinin qolu yoxdur, amma əlini ürəyinin üstünə qoyub deyir:
“Mən o əlimlə torpağı tutmuşdum. İndi o torpaq məni tutur.”
Digəri ayağına baxıb gülümsəyir:
“Ayağımı itirdim, amma torpağa basmaq üçün bir Vətən qazandım.”
Onların baxışında Vətənin işığı var.O işıq heç bir müharibə ilə sönmür.Çünki o baxışlar, Zəfərin şahidləridir.
Sevgi müharibədən sonra da yaşadı .O, hələ də nişan üzüyünü barmağında saxlayır.Göz yaşlarına boğularaq sözə başlayır:
“Dedi ki, gəl qayıdandan sonra toy edək... Mən də dedim: ‘Gəl, sən qayıt, toy gününü sonra yazaq.’Toy günü qalmadı... amma adı şəhidlər kitabında yazıldı.”
Bəzən sevgi “səni sevirəm” deməklə deyil, susaraq gözləməklə ölçülür.Onlar gözlədilər...Bəziləri məzarın başında, bəziləri səmanın altında.Sevgi, Vətənlə birləşəndə ölməz olur.
Müharibənin şahidləri danışır:
“Biz gördük o gecələri…Hər atəş səslənəndə bir ana o anda sarsılır.Amma bilirdik, sabah bu torpaq azad olanda, bütün ağrılar dəyər qazanacaq.”
— Könüllü döyüşçü, Şuşa istiqaməti.
"Bəzən səngərdə sükut o qədər ağır olurdu ki, elə bil dünya dayanırdı.Amma o sükutun içindən bir nida gəlirdi ‘İrəli!’ -deyə .O səs idi bizə Zəfəri gətirən.”
— Veteran əsgər.
Bu səslər, bu xatirələr Zəfərin əsl tarixidir.Onlar danışanda zaman dayanır, torpaq dinləyir.Beş il sonra…Bu gün küçələrdə uşaqlar gülür,bayraqlar dalğalanır,amma hər bir gülüşün kölgəsində bir ağrı yatır.O ağrı xatırlamaq məsuliyyətidir.Beş ildir ki, analar oğullarının adını şəhidlər xiyabanında oxşayır.Beş ildir ki, qazilər yaralarını Vətən kimi qoruyur.Beş ildir ki, Zəfər təkcə tarixdə yox, ürəklərdə yaşayır. Biz bu torpağın övladları hər dəfə səssizcə deyirik:
“Siz getdiniz, amma bizim qəlbimizdə əbədi qaldınız.”
İndi səngərdə sükut var…Amma o sükutun içindən bir xalqın nəfəsi gəlir.Beş il əvvəl torpaq azad oldu,bu gün isə ruhlarımız azaddır. Bu torpağın hər qarışı bir nəfəs kimi içimizdə yaşayır. Biz nəfəs aldıqca, onlar yaşayacaq.Çünki ,Şəhidlər ölməz. Vətən bölünməz.
Şərhlər (2)