VƏTƏNƏ YAZILAN TALEYİM - Sevgi Zülfüqarova
VƏTƏNƏ YAZILAN TALEYİM - Sevgi Zülfüqarova
Səslərə qulaq asaraq oxu:
Nəcəfovlar ailəsinin həyatında ən sevincli günlərdən biri yaşanırdı. Xuraman və Məhəmməd artıq əkiz oğulları İbrahim və İsmayıldan sonra üçüncü övladlarının dünyaya gələcəyini səbirsizliklə gözləyirdilər. Günlər ayları, aylar illəri qovdu. Nəhayət, 2000-ci il iyunun 7-də, yay günəşinin şəfəqləri altında nur üzlü bir oğlan uşağı dünyaya göz açdı. Ona Yaqub adını verdilər.
Yaqub Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində, ziyalı və vətənpərvər bir ailədə böyüyürdü. Əkiz qardaşları onu sevgi ilə qucaqladı. Ailənin sevinci, ümidləri və duaları bu balaca körpənin taleyinə yazılmışdı.
UŞAQLIQ ARZULARI
Yaqub uşaqlıqdan fərqli idi. O, yaşıdları kimi yalnız oyuncaqlar və oyunlarla kifayətlənməzdi. Dayısının hərbi geyiminə baxar, heyranlıqla deyərdi:
— Bir gün mən də Vətəni qoruyacağam.
Anası gülümsəyərdi, amma gözlərinin dərinliyində gizli bir narahatlıq gizlənərdi. Ana ürəyi hiss edirdi ki, bu uşaq adi bir yol seçməyəcək.
Məktəbdə tarix dərsləri Yaqubun ən sevdiyi dərslər idi. Qəhrəmanlıq hekayələrini böyük maraqla dinləyər, onları özünə örnək götürərdi. Dostlarına tez-tez deyərdi:
— Torpaq uğrunda ölən varsa, Vətəndir.
Onun ürəyi yalnız özü üçün deyil, bütün xalq üçün döyünürdü.
İbrahim və İsmayıl hərb yolunu seçmişdilər. Yaqub qardaşlarının geyindiyi formaya baxanda qürur hissi keçirirdi. Bu peşə onun gözündə şərəfin, cəsarətin və məsuliyyətin simvolu idi.
Ailənin hərb ənənəsi dərin köklərə malik idi. Əmiləri Birinci Qarabağ müharibəsində iştirak etmiş, atası Naxçıvanın müdafiəsində dayanmışdı. Dayısı Adil Cabbarov isə gənclərə hərb sevgisi aşılayan tanınmış müəllim idi.
Bir axşam ailə süfrəsi arxasında hamı sakitcə yeməyini yeyirdi. Birdən Yaqub başını qaldırıb valideynlərinə baxdı və qərarlı səslə dedi:
— Mən də hərb yolunu seçəcəyəm.
Sözləri otaqda sükut yaratdı. Xuramanla Məhəmməd bir anlıq bir-birinə baxdılar. Heç nə demədilər. Onların baxışlarında həm qürur, həm də gizli bir narahatlıq vardı.
Qardaşları isə susa bilmədilər.
İsmayıl dərindən köks ötürərək dedi:
— Biz istəyirdik ki, heç olmasa birimiz valideynlərimizin yanında qalaq. Xidmətə görə onlara yetərincə vaxt ayıra bilmirik. Arzumuz bu idi ki, sən başqa bir yol seçəsən…
İbrahim də sözə qarışdı:
— Heç olmasa sən onların dayağı ol, qardaşım…
Yaqub isə gözlərini qardaşlarının gözlərinə dikib sakit, amma qətiyyətli səslə cavab verdi:
— Yox, qardaşlarım. Mən bu yolu ürəyimlə seçmişəm. Bu yoldan dönməyəcəyəm.
Bu sözlər İsmayıl və İbrahimin ürəyinə toxundu. Onlar incidi, susdular. Bir müddət Yaqubla danışmadılar. Amma hər biri bilirdi ki, bu gənc ürək artıq öz taleyini Vətənə bağlamışdı…
Günlərin birində ailə yenidən bir süfrə arxasında toplaşmışdı. Söhbət sakit axarındaydı. Hər kəs bir-birini dinləyir, ailə istiliyi evin içinə yayılırdı. Elə bu zaman İsmayıl baxışlarını Yaquba yönəltdi.
Səsində həm qardaş qayğısı, həm də nigarançılıq vardı:
— Yaqub, əziz qardaşım… Bilirsən ki, biz ikimiz də ön xətdəyik. Heç olmasa elə bir istiqamət seç ki, sənə bir az daha rahat olsun…
İbrahim də başını təsdiqləyərək dedi:
— İsmayıl haqlıdır, qardaşım. Heç olmasa ehtiyac olanda valideynlərimizin yanında olasan, onların qayğısına qalasan…
Xuramanla Məhəmməd susaraq bu söhbəti dinləyirdilər. Onlar oğullarının seçiminə hörmət edirdilər, amma ürəklərində ana-ata narahatlığı gizlənirdi.
Yaqub bir anlıq susdu. Sonra başını dik tutub inamla danışdı:
— Siz görəcəksiniz… Mən bu yolda sizdən də irəli gedəcəyəm. Mən Vətənə daha böyük xidmət edəcəyəm.
Bu sözlər onun qəlbindəki inamın, iradənin və sarsılmaz ruhun səsi idi. Qardaşları isə artıq anlayırdılar ki, Yaqubu bu yoldan heç nə döndərə bilməz.
SEÇİLƏN YOL
Seçimlərin zamanı gəlib çatmışdı. Yaqub artıq qəlbindəki qətiyyətlə yolunu seçmişdi. Evdən xəbərsiz, ailəsinə danışmadan, könüllü olaraq piyada qoşunlarının tərkibində ön xətdə zabit kimi xidmət etmək arzusunu irəli sürdü. Bu, onun iradəsinin və Vətən sevgisinin ilk açıq ifadəsi idi.
2014-cü ildə isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunması onun hərb yolunun rəsmi başlanğıcı oldu. Bu, yalnız məktəbə qəbul deyil, bir gəncin böyük qürur və məsuliyyətlə Vətən qarşısında üzərinə götürdüyü yolun başlanğıcı idi.
2016-cı ildə İsmayıl və İbrahim qardaşları Qarabağ bölgəsində ön xətdə zabit kimi Vətənə xidmət edirdilər. Onların hər addımı cəsarət və məsuliyyətlə dolu idi. Məzun olduqdan sonra onlara Naxçıvanda, hətta ailələrinin yaşadığı Culfada xidmətlərini davam etdirmək təklif olunsa da, qardaşlar ürəklərindəki vətən eşqi ilə Qarabağ bölgəsində ön cəbhədə qalmağı üstün tutdular.
Yaqub isə 2017-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirirdi. Bu, onun da böyük vətən sevgisi ilə dolu yolunun, hər bir addımını qəhrəmanlıq və iradə ilə atacağı günlərin başlanğıcı idi.
İllər sürətlə keçdi. 2020-ci ilin yayında Yaqub öz şəklini paylaşdı və altına yazdı:
“Bir il də belə getdi, ad günüm mübarək!”
Qardaşları dərhal təbriklərini göndərdilər. Xuraman ana sakit, amma sevgi dolu bir səslə dedi:
— Oğul, inşALLAH, uzun illər doğum gününü belə sevinclə qeyd edərik.
Məhəmməd ata isə gülümsəyərək əlavə etdi:
— Əlbəttə, edəcəyik. Mənim balaca Yaqubum böyüyüb.
Yaqub qısa bir cavabla ürəkləri isitməyə çalışdı:
— Anacan, atacan, ümid edirəm ki, hər zaman belə xoş və sevinclə qeyd edərik.
Avqustun bir günündə isə Yaqub ilə ata arasında qısa, amma sarsılmaz bir dialoq baş verdi:
— Oğul, necəsən? Hər şey yaxşıdır? — soruşdu Məhəmməd müəllim.
Yaqub baxışlarını dərinləşdirərək cavab verdi:
— Ata, ürəyini buz kimi saxla… Biz qələbəyə çox yaxınıq.
Həmin günlərdə havada gərginlik, qəlblərdə isə qərarlılıq vardı. Aylar keçdi, söyləntilər yayıldı, II Qarabağ müharibəsi artıq qaçılmaz görünürdü. IV kurs kursantı, “kiçik leytenant” rütbəsi ilə Yaqub Vətən müharibəsinə yollandı.Bu Nəcəfovlar üçün həm ağır, həm də qürurverici bir an idi. Çünki üç qardaşın hamısı məhz ön cəbhəyə yollanmışdı.
Yaqub Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak etdi. Hər addımı, hər qərarı, hər nəfəsi Vətənə bağlılıqla dolu idi. Əsgərləri ilə fəxr edir, onların yanında özünü daha da güclü hiss edirdi. Bir gün döyüş yoldaşlarının fotosunu paylaşdı və altına yazdı:
“Canavarlarım mənim!”
Amma Yaqubun ürəyindəki ən böyük hiss qardaşlarına olan sevgisi və məsuliyyət hissi idi. Bir gün İsmayıl ilə mesajlaşarkən yazdı:
“Qardaşım, hamı Vətənini sevə bilər, amma hər insan onu şəhid olmağa hazır olacaq qədər sevə bilməz.”
İsmayıl bu mesajı oxuduğu zaman qəlbinə qəribə, dolğun bir hiss doldu. Sanki ürəyində bir qarışıq qürur, bir qarışıq həyəcan, bir qarışıq da qorxu bir-birinə qarışmışdı. O an anladı ki, Yaqubun Vətən sevgisi sözlə ölçüləcək kimi deyil — bu, hər damla qanı ilə, hər nəfəsi ilə sübut etdiyi bir sevgidir…
Yaqubun hər addımında ürəyi döyünürdü, hər nəfəsi vətən üçün idi. O, evdən uzaqda, qardaşlarının yanında və ön xətdə idi, amma gözləri hər zaman ailəsinə, anasına, atasına dikilmişdi. Bu, onun illərlə çəkdiyi hazırlığın zirvəsi, fədakarlığının və Vətən eşqinin gerçəkləşdiyi andı. Hər addım bir öhdəlik, hər nəfəs bir şücaət idi.
Müharibə davam edərkən İbrahim Ağdamda yaralanmışdı. Yaralanmasına baxmayaraq, inadla geri çəkilmək istəmədiyini, döyüşə davam etmək istədiyini söylədi. Həkimlərin onu helikopterlə çıxarmağı planlaşdırdığını eşidəndə, vəziyyətin ciddiliyini anladı. Amma İbrahim tək deyildi — yaralanan digər döyüşçülər də inadla ön cəbhədə qalmaq, Vətən uğrunda mübarizə aparmaq istəyirdilər.
Bu zaman Yaqub ən böyük şücaətini göstərdi. Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə o, ön sırada idi. Döyüş yoldaşlarının xatirələrinə görə, Yaqub hər an “qorxu bilməyən leytenant” kimi tanınırdı. Onun cəsarəti və qətiyyəti hər kəsi ilhamlandırırdı.
Son döyüşlərdən birində Yaqub qardaşına son mesajını yazdı:
“Şuşanı aldıq. Qələbə bizimdir.”
Bu, artıq Yaqubun ailəsinə göndərdiyi son mesaj idi. O, sözünü tutmuşdu — Şuşanı azad etmiş, qəlbindəki Vətən sevgisini hərəkətlə, qəhrəmanlıqla sübut etmişdi.
ANA ÜRƏYİNİN SƏBR DƏRSİ
2020-ci il noyabrın 9-da Yaqub şəhidlik zirvəsinə ucaldı. Bu xəbər Nəcəfovlar ailəsi üçün həm ən ağır, həm də ən qürurlu anlardan biri oldu.
Atası Məhəmməd oğlunun yanına getdi. Onun sükut içində uzanan bədəninə baxarkən artıq hər şeyi anlamışdı —Atası Məhəmməd oğluna toxunduqda onun döyüşdə keçirdiyi çətinlikləri, üzərindəki döyüş izlərini hiss etdi. Yaqubun Şuşada gedən əlbəyaxa döyüşlərdə göstərdiyi şücaət və mərdlik hər bir izində əks olunmuşdu. Dirsəyində bıçaq izləri, ayağında güllə izləri.. Yaqub son nəfəsinə qədər Vətən uğrunda döyüşmüşdü. Şuşada gedən ağır döyüşlərdə böyük qəhrəmanlıq göstərmiş, sona qədər mübarizədən vaz keçməmişdi.
Bu ağır xəbəri Xuraman anaya məhz Məhəmməd verdi. Səsi titrəsə də, özünü toparlayaraq dedi:
— Güclü ol… İradəli ol…
Ana üçün bundan ağır söz ola bilməzdi. Bir anlıq dünya onun üçün dayanmış kimi oldu. Qəlbi parçalandı, amma göz yaşlarını içinə axıtdı.
Məhəmməd həyat yoldaşına dəstək olaraq sakit səslə dedi:
— Bilirəm, bir ana üçün övlad itkisi ən ağır dərddir. Amma Xuraman, biz onları bu amal ilə böyütmüşdük. Onlar Vətən üçün yaşamağı seçmişdilər… Başqa cür ola da bilməzdi…
Xuraman xanım isə ürəyində yalnız bir şeyi düşünürdü:
— Mən ayaqda qalmalıyam… İbrahim xəstəxanadadır. Yaqubumu layiqincə qarşılamalıyam. İbrahimə güc verməliyəm. İsmayıl anasının sınmadığını hiss etməlidir!
O, göz yaşlarını silib dik durdu. Çünki şəhid anası olmaq ağrı ilə yanaşı, böyük bir şərəf idi.
Yaqub layiqincə, şərəflə qarşılandı. Onun cəsədi Culfa şəhidlər xiyabanında dəfn edildi. Bibiləri göz yaşlarına boğulmuşdu, sükut içində ağlayırdılar. Amma İsmayıl qətiyyətlə onların yanına gəldi və dedi:
— Ağlama, bibi… Nəyə ağlayırsan? Yaraşırmı şəhid arxasınca ağlamaq? Sil o göz yaşlarını! Fəxr et ki, Yaqub şəhidlik zirvəsinə ucalıb!
Yaqubun dəfni ailəni dərindən sarsıtdı, amma onlar həm də qürurla ayaqda durdular. Hər bir baxışda, hər bir nəfəsdə onun qəhrəmanlığına olan hörmət və sevgini hiss etmək olardı. Bu acı itki, eyni zamanda ailənin vətənə olan bağlılığının və iradəsinin bir göstəricisi idi.
QÜRURLA YAŞAYAN XATİRƏ
Şəhid atası Məhəmməd Nəcəfov, 27 sentyabr 2020-ci ildə Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq torpaqlarımızın işğaldan azad edilməsində övladlarının göstərdiyi qəhrəmanlıqları danışarkən fəxr və həyəcanla dolurdu:
— Çoxları onu uşaq bilirdi, amma onun böyük ürəyi var idi… Avqust ayında Beyləqanda keçirilən təlimlərdə iştirak edirdi. Mənə dedi ki, “Ata, ürəyini buz kimi saxla, biz qələbəyə çox yaxınıq.”
Oktyabr ayında onu Gəncədə dağ döyüşləri üçün hazırlayırdılar. Sonradan öyrəndim ki, o, ordunun qazandığı uğurlara görə körpə uşaq kimi sevinirmiş. Hər an istəyirdi ki, bu işdə onun da əməyi olsun. Səhərdən axşama qədər təlimlərdə olurdu. Özü söz deməsə də, hiss edirdim ki, hansısa ciddi əməliyyatlara hazırlaşır…
Hər sözü, hər xatirəsi onun həm qəhrəman, həm də vətənpərvər ruhunu gözlər önünə gətirirdi.
Şəhidin döyüşlərdə yaralanan qardaşı, baş leytenant, qazi İbrahim Nəcəfov 2016-cı ildən etibarən Tərtər və Ağdam istiqamətində ön cəbhədə Vətənə xidmət etmişdi. O, qardaşını xatırlayarkən kövrək səslə deyirdi:
— Çox istəyirdim ki, Şuşanın azad edilməsində mən də iştirak edim. Amma bu şərəf mənə yox, qardaşıma nəsib oldu. Görünür, şəhidlik zirvəsinə yüksəlmək onun taleyində var imiş…
İbrahim döyüşlərin ən ağır anlarında yaralansa da, geri çəkilmək istəməmişdi. Həkimlərin ona dincəlməyin vacibliyini deməsinə baxmayaraq, o, israrla yenidən cəbhəyə qayıtmaq istəyirdi.
— Bizim heç birimiz geri dönmək istəmirdik, — deyə xatırlayırdı. — Deyirdik ki, yaralı da olsaq, son nəfəsimizə qədər Vətən uğrunda döyüşəcəyik.Amma həkimlərin məni helikopterlə çıxarmağın vacibliyindən danışdıqlarını eşidəndə vəziyyətin nə qədər ciddi olduğunu anladım və məcburən razılaşdım.Daha sonra helikopterin düşmən tərəfindən vurulma riski nəzərə alınaraq, əvvəlcə bizi avtomobillə Yevlaxa, oradan isə Bakıya çatdırdılar.
İbrahim üçün bu, döyüş meydanından ayrılmaq qədər ağır idi. Çünki onun qəlbi hələ də səngərlərdə, silahdaşlarının yanında qalırdı.Düşünürdüm ki, kiçik bir müalicədən sonra yenidən cəbhəyə qayıdacağam. Amma həkimlər buna icazə vermədilər. Bakıda bir ay ərzində dörd dəfə əməliyyat olundum.
Qazimiz şəhid qardaşını necə xatırladığını danışırıdı.İbrahim dedi, balaca qardaşım sual verməsən danışmazdı, utancaq idi, amma işində çox məsuliyyətli və mərd idi. O, evimizin sonbeşiyi idi, nəsildə də ən balacamız idi, şəhidlik mərtəbəsinə yüksələrək ən böyüyümüz oldu. Onun xatirəsi hər zaman qəlblərdə yaşayacaq.
Yaqubun şəhidliyindən sonra onun qəhrəmanlığı yüksək qiymətləndirildi və “Vətən uğrunda” medalı (15 dekabr 2020), “Cəsur döyüşçü” medalı (18 dekabr 2020) və “Şuşanın azad olunmasına görə” medalı (29 dekabr 2020) ilə təltif olundu.
Xuraman xanım danışırdı:
— Onlar mənə güc olmağı öyrətdilər…
Yaqubun ailəsinə dediyi son sözlərdən biri isə belə idi:
— Mən qayıdanda Şuşadan zəng edəcəyəm.
O, sözünü tutdu. Şuşanı azad etdi və adını həmin torpaqlara əbədi həkk etdi. Xuraman xanım Yaqubun xatirələrini gözləri dolaraq xatırlayırdı:
— O həmişə deyirdi, “Ana, mən qəhrəman olacağam. Şuşadan sənə zəng edib muştuluq verəcəyəm.”
Yaqub zəng edə bilmədi, amma onun muştuluğu bütün Azərbaycan xalqına çatdı — Şuşanın azadlıq xəbərini hər kəs eşitdi. Onun adı və qəhrəmanlığı bu torpaqlarda əbədiləşdi, ürəklərdə yaşadı!
İllər keçdi. Nəcəfovların evində iki balaca uşağın dünyaya gəlməsi ilə hər şey dəyişdi. İbrahimin balaca bir qızı oldu, ona Yaqut adını verdilər. İsmayılın isə balaca bir oğlu dünyaya gəldi. Bu körpəyə şəhid əmisi Yaqubun adı verildi. Balaca Yaqub əmisinin adını daim yaşadacaq və xatirəsini gələcək nəsillərə ötürəcək.
TEC Yazarlar klubu" loading="lazy">
Şərhlər (0)