1869-cu il 14 martda, İngiltərənin Shotter’s Hill bölgəsində sonradan Kabus Adam ləqəbinə sahib olacaq, eyni zamanda fövqəltəbii dəhşət altjanrı və qotik qorxu kimi janrların qabaqcıllarından sayılacaq bir nəfər, Alcernon Henri Bləkvud doğulur.

I fəsil: Qısaca Bləkvud

Qısaca həyatı və fəaliyyətindən bəhs etməli olsam, Bləkvud bir sıra ailəvi problemlərdən ötrü uşaqlığı elə də yaxşı keçməyib. Kembricdə aldığı təhsildən sonra Bləkvud atasının dəstəyi ilə biznes qurmağa çalışsa da, alınmadı, ardınca Evening Sun adlı qəzetdə müxbirliyə başladı. Özünün də dediyi kimi həyatının bu hissəsi də elə əvvəli kimi çətin keçmişdi. Ancaq daha sonra yenə müxbir kimi işləyəcəyi New York Times qəzeti sayəsində maddi çətinliklərinin üstəsindən gələcəkdi. 

Alcernon Bləkvud otuz yaşlarının sonlarına doğru işləmək üçün köçdüyü Nyu-Yorkdan ayrılaraq vətəni İngiltərəyə qayıdır və elə həmin dövrlərdə fövqəltəbii hekayələr yazmağa başlayır. İşlətdiyim fövqəltəbii sözü tərif yox, qorxu janrının altjanrı olan fövqəltəbii qorxu — supernatural horrordur.

Henri Bləkvudun bir sıra qəzetlər üçün tezbazar yazdığı hekayə və pyesləri də nəzərə alsaq, onun qələmə aldığı əsərlərin ümumi sayı bilinmir.

Digər adıyla Kabus Adam həyatının qalan yarısında radio və televiziya proqramlarında öz kabus hekayələri ilə çıxışlar etmiş – əsərlərini oxumuşdur.

Onu da qeyd etməliyəm ki, Bləkvuda az sonra danışacağım Söyüdlər əsərini yazmağına ilham olan bir vaxtlar etdiyi uzun səyahətlər idi. Bu səyahətləri təkcə Söyüdlərə yox, digər önəmli hekayələrinə də ilham olmuşdur.

Məncə, yetərincə uzatdım, gəlin keçək əsas məsələyə - Söyüdlər əsərinə.



II fəsil: Mövzu.

Söyüdlər əsəri iki dostun Dunay çayı üzərində çıxdıqları səyahət zamanı başlarından keçən fövqəltəbii hadisələrdən bəhs edir. Bləkvudun möhtəşəm qələmi sayəsində get-gedə artdığını hiss etdiyiniz həyəcan və qorxu səyahətçi dostları qaranlıq güclərin əhatələməsiylə başlayır.

Dostlar təbiətin fövqəladə gözəlliyi ilə yanaşı bilinməyən, məna verə bilmədikləri bir şeyin təhdidi ilə də qarşı-qarşıya olduqlarının fərqinə varırlar.

Səyahətləri boyu qarşılaşdıqları təbiətin ürküdücü və qəribə tərəfləri onların psixi vəziyyətlərinə də mənfi yöndə təsir edir.

Hekayə təbiətin mistik və qorxuducu güclərinin insan üzərindəki əsərləri ilə bərabər kosmik qorxunu işləyir.

Bləkvudun xariqüladə təsvirləri ilə oxucuya təbiətin həm mülayim, həm də təhditkar üzünü göstərir.

 

III fəsil: Niyə Söyüdlər?

Niyə söyüdlər? Bununla bağlı yazıçının öz cavabı olmasa da, söyüd ağaclarının əsasən bataqlıq kimi yerlərdə bitməsi, yaxud sallanan budaqları, eyni zamanda ələlxüsus kelt mifologiyasında ruh və fövqəltəbii hadisələrlə bağlı olmağı səbəb olaraq göstərilə bilər. Bləkvudun da mifologiyalarla maraqlanıb, əsərlərində də bu tərz simvollardan istifadə etdiyini nəzərə alsaq son iddia daha uyğun görünür. Ancaq niyə söyüdlər? deyəndə sırf söyüdü yox, ağacı nəzərdə tuturuqsa, IV fəsilə keçərək daha dolğun və dəqiq cavab verə bilərik:

 

IV fəsil: Kosmik Qorxu və Söyüdlər.

Çünki Bləkvud bu və digər əksər əsərlərində kosmik qorxu ünsürü olaraq təbiət, onun əzəməti və insanların təbiət qarşısındaki zəifliyi, kiçikliyindən istifadə edirdi. Onun əsərlərində təbiət arxa plan yox, sanki əsərin bir obrazı olurdu; bilinməyən, əvvəl görülməmiş, bəşəriyyəti təhdid edən güclərə sahib, eyni zamanda insan zehninə məna yükləyə bilməyəcəyi, insan tərəfindən idarə oluna bilməyən bir obraz.

Bləkvud təbiətə heyranlıqla yanaşı həm də hörmət bəsləyirdi. Hekayələrində də onu oxucularda qorxu və sirr - həmçinin hörmət də - yaradacaq şəkildə təsvir etmişdi. Onun fikrincə təbiət böyük güclərə sahib, insan qavrayışının tamamilə xaricində bir varlıqdır.

Alcernon Bləkvudu sadaladıqlarımdan gördüyünüz kimi kosmik qorxu altjanrının ustadlarından hesab edə bilərsiniz. Bləkvud H.F. Lavkraft (H.P. Lovecraft) başda olmaqla Artur Maçen (Arthur Machen), Robert İ. Hovard (Robert E. Howard) kimi qorxu və fantastik ədəbiyyatın öncülərinə ilham vermişdir. Hətta Lavkraft bəhs etdiyimiz Söyüdlər”* əsəri üçün belə demişdir:

“İndiyə qədər yazılmış ən yaxşı fövqəltəbii qorxu hekayəsi.”

*"The Willows", Algernon Blackwood.