Elxan Aqşın oğlu Zeynallı, daha çox Qaraqan səhnə adı ilə tanınan azərbaycanlı repçi, musiqiçi və yazıçıdır. 3 aprel 1987-ci ildə Bakıda anadan olan Qaraqan, Azərbaycan Yazıçılar Birliyinin üzvü və Milli Kitab Mükafatının ilk qalibidir.
Orta təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində alan Elxan Zeynallı, peşəkar musiqi karyerasına 2005-ci ildə "Baku Klan" qrupunda başlamışdır. Daha sonra 2007-ci ildə yaranan "H. O. S. T." qrupunun solisti olmuşdur. Qrup üzvləri 2012-ci ildən etibarən solo fəaliyyətə başlasalar da, Qaraqan "Madhouse Community"də yoluna davam etmişdir.
2007-ci ildən etibarən yazıçılıq fəaliyyətinə başlayan Qaraqan, bu günə qədər 9-u Azərbaycan, 1-i rus dilində olmaqla 10 romanın müəllifidir. Əsərlərində ədalət hissini təbliğ edən yazıçı, 2007-ci ildə AYB-nin ən gənc üzvü seçilmişdir. Həmin ildə "A" romanı Azərbaycanda bestseller olmuşdur.
2008-ci ildə "İlin Gənci" adına layiq görülən və 2009-cu ildə Prezident təqaüdü ilə təltif olunan Qaraqan, 2010-cu ildə hərbi xidmətdə olmuşdur. 2011-ci ildə "Qısa qapanma" adlı solo konsertini vermiş və "Uşaq yardım" kampaniyasında iştirak edərək "Bir" trekinə klip çəkdirmişdir. 2012-ci ildə "Dəniz vağzalı"nda "Beşikdən Məzara" adlı konserti baş tutmuş, həmçinin Ankara və İstanbulda konsertlər vermişdir. Həmin ildə "A" romanı ABŞ-də çap olunan ilk azərbaycanlı yazıçıların kitabı olmuşdur. Fantastik-dram-faciə üslubunda yazdığı "Mələk" romanı MDB ölkələrində bestsellerə çevrilmişdir.
2013-cü ildə Moskvada "Коpоткое Зaмыкaние" adlı konsertini təqdim etmiş və "Evakuasiya" romanı maraqla qarşılanmışdır. Həmin ilin noyabr ayında trilogiyasının birinci hissəsi olan "Birinci addım: Beş anonim milyonçu"nu təqdim etmişdir. 2014-cü ildə "İkinci addım", 2016-cı ildə isə "Üçüncü addım" kitablarını çap etdirərək trilogiyanı tamamlamışdır. 2019-cu ilin aprel ayında "Art və Xaos" kitabı oxuculara təqdim olunmuşdur.
2023-cü ilin sentyabr ayında "Söz" adlı treki ilə musiqi karyerasına yenidən başlamışdır. Bu günə qədər 4 albom çıxarmışdır.
Qaraqan - Elxan Zeynallı kimdir?

Şərhlər (12)