Rəflərdəki Gizli Sığınacaq: Kitablar Bizi Nədən Qoruyur?

Rəflərdəki Gizli Sığınacaq: Kitablar Bizi Nədən Qoruyur?

Rəflərdəki Gizli Sığınacaq: Kitablar Bizi Nədən Qoruyur?

Bəzən dünya həddindən artıq səs-küylü, reallıq isə dözülməyəcək qədər rəngsiz görünür. Belə anlarda, xaosun ortasında qalan ruhumuzun nəfəs alacağı, hər birimizin sığına biləcəyi gizli bir küncə ehtiyacı olur. Mənim üçün bu sığınacaq kitab rəflərimin arasındakı o dar, amma içində bütöv kainatları gizlədən sonsuz boşluqlardır. Kitab oxumaq mənim üçün sadəcə yeni faktlar öyrənmək, məlumat almaq deyil; bu, həm reallığın sərt üzündən zərif bir qaçış, həm də qaçdığım o "mən"i başqa bir sətirdə, bəlkə də heç gözləmədiyim bir cümlədə yenidən tapmaqdır.

Mən oxu təcrübəmdə ruhun fərqli qütblərini kəşf etmək üçün, hər zaman fərqli müəlliflərə ehtiyac duymuşam. Kimliyini deməli olsam, bunlardan biri – Viktor Frankl, digər isə – Herman Hessedir. Bu iki müəllif sanki mənim daxili dünyamın sütunlarını təşkil edirlər.

Franklın "İnsanın məna axtarışı" əsəri mənə ən ağır şərtlər çərçivəsində belə insanın daxili azadlığını necə qoruya biləcəyini göstərdi. O, sübut etdi ki, insanın əlindən hər şeyi almaq olar, bircə düşüncə azadlığından başqa. Obyektiv bir tərəfdən baxsaq, Frankl sübut edir ki, kitablar sadəcə vaxt keçirmək üçün deyil, həyatın mənasını itirdiyimiz anlarda bir kompas rolunu oynayır. Bu əsəri hər dəfə oxuyanda anlayıram ki, əzab qaçılmaz ola bilər, amma ona verdiyimiz məna tamamilə bizim şəxsi seçimimizdir. İnsan məhz bu məna ilə ayaqda qalır.

Digər tərəfdən, Herman Hessenin "Siddhartha" əsəri məni çayın axarındakı o sonsuz sükuta aparır. Bu əsəri oxuyanda, mən də daxili səyahətə çıxıb, təbiətlə və özümlə bir olmağı öyrəndim. Frankl bizə dözməyi və məna tapmağı öyrədirsə, Hesse bizə özümüzü kəşf etməyin və daxili sakitliyin fəlsəfəsini aşılayır. Maraqlısı burasındadır ki, bu iki müəllifin düşüncələri əslində Emin Abdullayevin (Uraqan) "Hərbidən Qeydlər" əsərindəki sınaqlarla dolu məna axtarışı və "Allahsızlar Şəhəri" romanındakı dərin psixoloji təhlillərlə eyni nöqtədə kəsişir. Hər üç müəllifin əsərlərində insanın öz daxili qaranlığı ilə üzləşməsi və oradan bir işıq tapıb çıxması əsas xətt kimi keçir. Həm Franklın dözümlülüyü, həm də Hessenin daxili səyahəti müasir ədəbiyyatımızın bu nümunələrində yeni bir nəfəs tapır.

Mənim fikrimcə, kitablar bizi iki şeydən qoruyur: xarici dünyanın xaosundan və öz daxili həbsxanamızdan. Biz bəzən öz fikirlərimizin içində boğuluruq, kitablar isə bizə o qapını açmaq üçün açar verir. Frankl bizə xaricdəki xaosla necə mübarizə aparmağı, Hesse isə daxildəki sükutu necə tapmağı öyrədir. Bu axtarış isə bitmir, əksinə, hər yeni oxuduğumuz müasir və klassik əsərdə daha da dərinləşir. Hər kitab yeni bir sual və yeni bir cavabdır.

Nəticə etibarilə, bir kitabsevər kimi deyə bilərəm ki, biz kitabları vərəqləyərkən əslində öz ruhumuzun xəritəsini çəkirik. Harda olduğumuzu, hara getmək istədiyimizi o sətirlər bizə deyir. Və bəlkə də ən böyük həqiqət budur: Biz kitabları deyil, kitablar bizi oxuyur və yaralarımıza məlhəm olur. Onlar bizi bizə tanıdan ən sadiq dostlardır.

Bəs sizin gizli sığınacağınıza hansı kitablar daxildir?..

Şərhlər (6)

  1. Röyane

    @Röyane

    18 aprel 26, 16:49

    Kitablar həm də keçmişə açılan bir pəncərədir. İnsan bəzən illər öncə yazılmış bir misrada və ya romanda sanki öz bu gününü, öz dərdini və ya sevincini tapır. Bu tapıntı isə insana "tək deyiləm" hissini verir.🌹 

    1. Sürayə

      @Sürayə

      28 aprel 26, 00:37

      Bəli tamamilə doğrudur məsələ bizim özümüzü və hislərimizi tanımağımızdır.

  2. Fəxriyyə

    @Fəxriyyə

    18 aprel 26, 12:35

    Burda çox gözəl izzah vermisiz.Biz bəzən həqiqətən də,öz fikirlərimizin içində boğuluruq, kitablar isə bizə o qapını açmaq üçün açar verir.

    Kitab oxumağa biraz gec başlasamda. Oxumaq mənə həyatımda çox şey örgetdi. Uğurlar çox maraqlı idi🌸

    1. Sürayə

      @Sürayə

      28 aprel 26, 00:38

      Təşəkkür edirəm🌷 Heç zaman heç bir şey üçün gec deyil uğurlar arzu edirəm sizə..👏🏻

  3. SVDA

    @SVDA

    17 aprel 26, 20:38

    Çox mənalı sözlərdir.❤️🌹

    1. Sürayə

      @Sürayə

      17 aprel 26, 21:23

      Təşəkkür edirəm 🌷 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol