Bölüm 1

Elyasın Müəllimlə Söhbəti

Elyas iti addımlarla müəllimi ilə görüşə tələsirdi. Onun müəllimi, hamının bildiyi kimi, məktəb müəllimi deyildi. Nə də ki, pul qazanmaq üçün yalandan universitetə gedib-gələn, günlərini boş-boşuna yola verən insanlara bənzəmirdi. Onu fərqli edən özünəməxsus təmkini, danışarkən avazından çıxan xırıltılı səsi və göstərdiyi əvəzolunmaz bədən və əl-qol jestləri idi.

Elyas yaxşı bilirdi ki, əsl müəllimlər təhsil sistemində çalışanlar deyil, ona bu vaxta qədər nələrisə öyrətməyə çalışan insanlardır. Ona görə öz müəllimlərini özü seçməyi üstün tutardı.

Onun gözündə Nicat bu müəllimlərin içində ən üstünü, ona ən dəyərli prinsipləri ötürmüş şəxs idi. Elyasın ayaqda durmasına, yaşamağa ruhlanmasına səbəb olan əsas prinsipləri o məhz Nicatdan öyrənmişdi.

Elyas görüş yerinə yeddi dəqiqə gecikmiş halda PUB-a daxil oldu. Bura Bakının ən yaxşı pivəxanalarından hesab olunurdu. İçəri insanlarla qaynayırdı. Ətrafa göz gəzdirərək Nicatı axtarmağa başladı. Həmişə olduğu kimi Nicat elə sıxılmış, sakitcə yerində oturmuşdu. İlk baxışda bu adam hər kəsdə maraq oyadırdı. Elyas onu görən kimi yaxınlaşdı. Nicat pivəxanalarda çox olsa da, pivə içməyi xoşlamırdı. Stolun üstündə bir stəkan buzlu viski vardı.

– Xoş gördük, – Elyas stolu çəkib əyləşdi.

– Hər vaxtın xeyir, əziz dostum, – Nicat sözə başladı. – Çoxdandır görüşə bilmirik səninlə.

– Üzrlü say, bu aralar başım qarışıq idi. Təcili səninlə danışmaq istədiyim məsələlər var. Yəqin ki, bundan sonra uzun müddət bir-birimizi görə bilməyəcəyik.

– Niyə belə danışırsan, nə olub? – Nicat təəccübləndi.

– Hərbi qulluğa yollanıram. Özüm də bilmirəm necə olacaq. Beynimdə çox suallar var.

– Hansı suallardır onlar? De gəlsin.

– Sualdan çox məsləhətə ehtiyacım var. Bir il hərbi qulluqda olacağam. Həmişəki azadlığım olmayacaq; istədiyim zaman istədiyim şeyi yeyə, istədiyim yerə gedə bilməyəcəyəm. Sanki bir qutunun içində hər gün eyni şeyləri etməyə məcbur qalacağam.

Nicat Elyasın qərarsız halını görüb dərindən nəfəs aldı və sözə başladı:

– Hər şey sənin həyata baxışından asılıdır. Özünü qutuya salınmış kimi hiss edə, orada robot kimi yaşadığını düşünə bilərsən. Çəkəcəyin çətinliklər, dözməli olduğun şeylər olacaq. Bəzən atdığın addımlara görə peşmanlıq da duyacaqsan. Amma bunu unutma ki, hər səhv sənə bir şey öyrədib təcrübə qazandıracaq. Bu sınağın əsl ləzzətini isə hər şey bitəndə anlayacaqsan.

– Heç şübhə etmirəm ki, belə olacaq, – Elyas başı ilə təsdiqləyib gülümsədi.

– Dediyim kimi düşün ki, hər şey yaxşı olacaq. Səhvləri səhv kimi deyil, dərs kimi qiymətləndir. Yalnız öz səhvlərindən deyil, başqalarının səhvlərindən də dərs götür. Belə bir deyim var: “Ağıllı adam öz səhvindən, daha ağıllı adam isə başqalarının səhvindən öyrənir.” Addım atmaqdan çəkinmə. Amma çalış, doğru olduğuna inandığın şeyləri edəsən. Əgər bir işin yanlış olduğunu bilirsənsə, onu etmək axmaqlıqdır.

– Düşünürəm ki, bunu edə bilərəm. Amma içimdə qəribə bir qorxu var, – Elyas pəncərədən bayıra baxaraq davam etdi. – Elə bil, bu qorxu məni addım atmağa qoymur.

– Qorxular insanı addım atmağa qoymaz. İstəsən belə, bu qorxu addımlarına yansıyıb səni zəiflədəcək.

– Sənin gözündə qorxu nədir? – Elyas soruşdu.

– Qorxu insanın yaşaması üçün vacib amillərdən biridir. Əgər qorxular olmasaydı, insan məhv olar və ya yaşaya bilməzdi.

– “Qorxular olmasaydı, insan yaşaya bilməzdi?” – Elyas təəccüblə təkrar etdi.

– İnsan qorxularını idarə etməyi bacarmalı, lazım gəlsə onların üzərinə getməlidir. Əgər vaxtilə insanlar canavarları əhilləşdirməsəydi, bu gün onların ən yaxın dostu itlər olmazdı. Atları ram etməsəydilər, bu gün onlardan çapar kimi istifadə edilməzdi.

– Bu aydın məsələdir, – Elyas təsdiqlədi.

– Ona görə lazım gəldikdə qorxularının üzərinə getməyi bacar.

– Ancaq görürəm ki, hər şey çətin olacaq. Bunu etmək üçün böyük səy göstərməli olacağam.

– Bir şeyin çətin, yoxsa rahat olması onu necə qəbul etməyindən asılıdır. Hər şey beynində başlayır. Görəcəyin işi rahat qəbul edəcəksənsə, o sənin üçün əyləncəli və maraqlı olacaq. Amma bir şeyi əziyyət kimi görsən, əsl işgəncə o zaman başlayır.

– Bütün bunların mənim üçün nə faydası olacaq?

– İlk növbədə, geri döndükdən sonra hər şey dəyişəcək. Xarakterini dəyişməsən belə, dünyagörüşün artacaq, həyata baxışın dəyişəcək.

– İnsanın dəyişməsi üçün dünyagörüşünün artması vacibdir.

– Tamamilə. Özünü dəyişmək istəyirsənsə, dünyaya baxış bucağını dəyişməlisən.

– Bəs xasiyyətimizi necə, onu da dəyişmək olar?

– Əlbəttə. Xasiyyət deyilən şey vərdişlərimizdən ibarətdir. Bir də daxili meyillər var.

– Necə yəni daxili meyillər?

– Məsələn, sən təbiətcə çılğın, tez özündən çıxan biri ola bilərsən. Bu, o demək deyil ki, özünü idarə edə bilməyəcəksən. Çətin olsa da, bacaracaqsan. Amma hər şeyi həyatın axarına buraxıb “qismət beləymiş” demək düzgün deyil.

– Qismət? – Elyas gülümsədi. – Yəni hər şeyi axarına buraxmamaq lazımdır?

– Diqqətlə qulaq as: başımıza gələn hadisələri biz seçməsək də, onlara necə reaksiya verəcəyimizi özümüz seçirik. Taleyimizi etdiyimiz seçimlər müəyyənləşdirir.

Bu sözlərdən sonra Elyasın üz cizgiləri dəyişdi. İçində nifrət dalğası hiss etdi. Bir qədər susub soruşdu:

– Səncə, Qarabağda baş verənlər, anamı itirməyim, atamın əlil qalması – bütün bunlar mənim seçimim idi?

– Yox, sən məni səhv anladın. Bunların hamısı sənin sınağındır. Hadisələrə qarşı hansı dözümlülük göstərəcəyin isə sənin əlindədir.

– Deməli, bütün bunlara rəğmən ayaqda qalmalı, mübarizə aparmalıyıq. Yadında saxla, “ancaq ölü balıqlar çayın axınına qoşulub gedər” (Mümin Sekman). Sən bu dünyaya boş-boşuna gəlməmisən.

– Bili­rəm, amma necə başlayacağımı bilmirəm, – Elyas mızıldandı.

– Dünyanı dəyişməyə yox, düzəltməyə çalış (Zəfər Aslan). Birinci özündən başla. Özünü idarə etməyi bacarmadan başqalarını idarə edə bilməzsən. Düşüncələrinə, hisslərinə və sözlərinə hakim ol. Yalnız bundan sonra hər şeyə nail ola biləcəksən.

– Sonra? – Elyas soruşdu.

– Özün kimi insanlar tapacaqsan. Onlarla bir araya gəlib böyük bir toplum yarada biləcəksən. “Böyük topluma təsir edən, həmişə kiçik kütlələrin birləşməsi olub.”

– Bu insanları necə tapacağam?

– Müxtəlif sınaqlardan keçdikcə. Nə axtardığını bilən insan gec-tez onu tapar.

Nicat saatına baxdı: artıq saat 00:45 idi. Təyin etdikləri bir saat çoxdan bitmişdi, amma söhbət o qədər maraqlı idi ki, zaman necə keçdiyini hiss etməmişdilər. Nicat bilirdi ki, Elyas öz həqiqətlərini özü tapmalı olacaq. Onu hələ çoxlu macəralar və sınaqlar gözləyirdi.