Bal verən sayt öz balını da izah etməlidir.
Uraqan.com müstəqil ədəbiyyat platformasıdır. Burada həm Uraqanın öz kitabları, həm də oxucuların yazıları dərc olunur. Yazını müəllif özü saytda yerləşdirir — redaksiyadan növbə gözləmir, kimsədən icazə istəmir.
Yazı yerləşdikdən sonra oxunur, qiymətləndirilir və bal alır. Bu səhifə həmin balın necə verildiyini izah edir.
İzahsız bal — şəxsi hökmdür. İzahlı bal — meyardır.
Bal boşluqda verilmir. Şkalanın yuxarısında konkret bir əsər durur. Bu o deməkdir ki, 9.0 almaq üçün mətn milli kanonun zirvəsinə yaxın olmalıdır. 8.0 “yaxşıdır” demək deyil — “güclüdür, amma tam deyil” deməkdir.
| 9.0 – 9.5 | Kanon səviyyəsi. Nadir hal. |
| 8.5 – 8.9 | Güclü mətn. Bir-iki struktur zəifliyi var. |
| 8.0 – 8.4 | Yaxşı mətn, icra qeyri-bərabər. |
| 7.0 – 7.9 | İdeya var, icra çatmır. Yenidən işlənə bilər. |
| 6.0 – 6.9 | Ciddi struktur və dil problemləri. |
| ≤ 5.9 | İlk qələm təcrübəsi. Yol buradan başlayır. |
Hər janrın tavanı var. Bloq yazısı nə qədər mükəmməl olsa da, romanın çatdığı yerə çatmır. Ona görə bal iki şeyi ayırır:
7.5 bal alan esse zəif olmaya bilər — sadəcə janrının tavanına dəyib. Bu, mətnin qüsuru deyil, ölçünün dürüstlüyüdür.
“27 Yaşıma Qədər” — mənim öz kitabım — bu saytda 7.1 bal alıb. Sistem müəllifə güzəşt etsəydi, sistem olmazdı.
Yazı əlavə edərkən “Mətn Rentgeni” alətindən istifadə edə bilərsən. O da bal verir — amma tamamilə başqa şeydir.
| Texniki bal | Rentgen alətinin verdiyi bal. Maşın hesablayır: cümlə uzunluğu, leksik müxtəliflik, təkrarlar, zəif sözlər. Bədii keyfiyyət deyil. Yalnız sənin özün üçün — saytda görünmür. |
| Ədəbi bal | Mətnin altında görünən bal. İnsan verir, beş meyara görə, “Ölülər” ankoruna nisbətdə. Bu səhifə bu balı izah edir. |
Rentgendə 9.4 almaq mümkündür — və eyni mətn ədəbi baldan 6.8 ala bilər. Maşın cümlənin uzunluğunu ölçür, sözünün ağırlığını yox. Bütün ballar bir onluq rəqəmlə yazılır: 8.0, 9.2.
“O çox kədərli idi” — bu, demədir. Personajın barmaqları stəkanı buraxmırsa — bu, göstərməkdir. Qiymətləndirmədə birinci baxdığımız budur.
Bir mətni bir cümlə ilə tam danışa bilirsənsə və heç nə itmirsə — o mətn zəifdir. Güclü mətn parafraza müqavimət göstərir: onu danışanda nəsə həmişə kənarda qalır.
Biz süni intellekti qadağan etmirik.
Gizlətməyi qadağan edirik.
“Şübhə yarandıqda rədd edirik” — sübut edilə bilməyən qaydadır. Sübutu, proseduru, apellyasiyası olmayan qayda meyar deyil, əhval-ruhiyyədir.
Mətni süni intellektə atıb “mənim üçün yaz” demək — istifadə deyil, təhvildir. Nəticəsi həmişə eynidir: hamar, təmiz, ölü. Klişe cümlələr, gözlənilən metaforalar, heç kimə aid olmayan bir səs. Belə mətnləri oxumağa dəyməz — çünki onları yazmaq üçün də heç kim oturmayıb.
Amma bu, süni intellektin qüsuru deyil. Bu, onunla işləyə bilməməkdir. Balta pis alət deyil — sadəcə onu tutmağı bilmək lazımdır.
Uraqan süni intellektdən istifadə edir — yazmaq üçün yox, mətni sındırmaq üçün. Fəsil bitəndə sual verilir: burada hansı səhnə izahat kimi işləyir? Hansı obraz vədini yerinə yetirmir? Bu final əvvəlki fəsillərin borcunu ödəyirmi?
Cavab tənqiddir. Yeni mətni müəllif yazır. Bu üsulun adı sadədir: diaqnoz qoy, mənim yerimə yazma.
Sual budur: “Onu nəyə işlətmisən?” Səni əvəz etməyə — yoxsa səni sıxışdırmağa? Birincisi mətni öldürür. İkincisi onu gücləndirir.
Ona görə bu sayt qadağan etmir, dəvət edir: alət əlinizdədir. Onunla yazınızı asanlaşdırmaq da olar, sərtləşdirmək də. Biz ikincisini oxumaq istəyirik.
Yazını yerləşdirərkən Qısa Xülasə xanasının sonuna bu etiketlərdən birini yaz:
| Y-1 | Müəllif bəyanatı: süni intellekt istifadə edilməyib. |
| Y-2 | Sİ yalnız korrektə və dil redaktəsində istifadə edilib. |
| Y-3 | Sİ struktur təhlili və diaqnostikada istifadə edilib; mətn müəllifindir. |
| Y-4 | Mətn müəllif və Sİ əməkdaşlığı ilə yazılıb. |
| Y-5 | Sİ istifadəsi əsərin konseptual hissəsidir. |
Bal Yaradılma qeydindən asılı deyil. Y-4 mətn Y-1 mətndən yüksək bal ala bilər. Meyar mətndir, alət deyil.
Qeydin doğruluğu müəllifin məsuliyyətidir.
Psevdonimlə yazmaq olar. Sabir “Hophop” idi. “Uraqan” da psevdonimdir. Ədəbiyyatda maska yeni deyil — o, janrın bir hissəsidir.
Şərt: profilin arxasında real bir insan dursun. Oxucu adını bilməyə bilər — sayt bilməlidir.
Bu sayt bal verir, qapı bağlamır. Aşağı bal mətnin silinəcəyi demək deyil — mətnin harada dayandığını göstərir.
Hər kəs kimisə təqlid edərək başlayır. Ustadın ritmini, obrazını, cümlə qurluşunu mənimsəmək — oğurluq deyil, məktəbdir. Şagird ustadın əlini izləyir; sonra öz əlini tapır. İlk mətnində başqasının səsi eşidilirsə, bu, qüsur yox, mərhələdir.
Fərq bir yerdədir və o yer dəqiqdir:
Birincisi öyrənməkdir və burada yeri var. İkincisi başqasının əməyini öz adınla imzalamaqdır və burada yeri yoxdur.
6.4 bal alan mətn də saytda qalır. Silinmir, gizlədilmir. Bal onun üstündə açıq durur — çünki bir ildən sonra eyni müəllif 8.0 alanda, yolun özü görünsün. Ədəbiyyat nəticə deyil, məsafədir.
Müəlliflə şəxsi münasibətim varsa, bu, balın altında açıq yazılır. Gizlədilmiş yaxınlıq balı etibarsız edir.
Balla razı deyilsənsə, əsaslandırılmış etirazını göndər. Etiraz haqlıdırsa — bal dəyişir və dəyişiklik açıq qeyd olunur. Haqlı deyilsə — etirazın özü dərc olunur. Susdurma yoxdur.
Dərc olunmuş mətndə səhv tapılarsa, mətn səssizcə dəyişdirilmir. Aşağıda tarixli düzəliş qeydi qoyulur.
Eyni müəllif bir mətndə 6.8, digərində 9.1 ala bilər. Bal reputasiya deyil, ölçüdür.
Redaktora məktub yazmırsan. Özün əlavə edirsən.
Yazı əlavə etmə səhifəsində sənin üçün hazır alətlər var — pulsuz, qeydiyyatsız, elə orada:
Mətn korrektə edilmiş halda yerləşdirilməlidir. Rentgen və Cilala düymələri bu işi 30 saniyəyə yığır — istifadə etməmək üçün səbəb yoxdur.
Bu meyarlar dəyişə bilər. Dəyişiklik olarsa, səhifənin altında tarixi ilə qeyd olunacaq.