Albay Əfəndi (Abbas Babayev) - Qısa bioqrafiya

Albay Əfəndi (əsl adı: Abbas Zahid oğlu Babayev; 16 fevral 1986, Bakı) — azərbaycanlı repçi, yazar və səs rejissoru. O, Azərbaycan underground rep mədəniyyətinin formalaşmasında mühüm rol oynamış sənətçilərdən biridir.

Abbas Babayev 16 fevral 1986-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2003-cü ildə Vahid Əzizov adına 30 saylı orta məktəbi bitirmiş, elə həmin il Azərbaycan Kooperasiya Universitetinə daxil olmuşdur. 2007-ci ildə ali təhsilini başa vurmuş və bir il müddətində həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmətdən sonra yenidən Bakıya qayıtmışdır.

Ailədə üç övladın ən kiçiyidir. Atası Zahid Abbas oğlu Babayev hərbi hospitalda vərəm üzrə həkim-mütəxəssis kimi çalışmış, daha sonra Ədliyyə Nazirliyində fəaliyyət göstərmiş və mayor rütbəsi ilə təqaüdə çıxmışdır. Anası kimyaçı ixtisasına malik olmuş, uzun illər ibtidai sinif müəlliməsi kimi çalışmışdır.

Ədəbiyyata marağı uşaqlıq illərindən formalaşmışdır. Əzbərlədiyi ilk şeir Türkiyə Respublikasının dövlət himni — “İstiqlal marşı” olmuşdur. Musiqiyə isə 5-ci sinifdə oxuyarkən maraq göstərməyə başlamışdır. Tupak Şakurun rep klipi onun musiqi dünyagörüşündə dönüş nöqtəsi yaratmışdır. 6-cı sinifdə yazdığı “Rep musiqi nədir?” adlı məqalə “Kirpi” uşaq jurnalında dərc edilmişdir.

İlk şeiri “Dərdimizmi var, yoxsa dərdinizmi var” adlanır. Sonrakı illərdə Hüseyn Cavid, Mirzə Ələkbər Sabir, Nazim Hikmət, Mehmet Akif Ərsoy, Tofiq Fikrət kimi şairlərin yaradıcılığı onun ədəbi düşüncəsinə ciddi təsir göstərmişdir.

Musiqi fəaliyyətinə 2001-ci ildə RAPressia CLAN rep birliyində başlamışdır. Bundan əvvəl “Big Mafia Alliance”, “Məclis Clan” kimi birliklərin formalaşmasında iştirak etmişdir. 2003–2006-cı illərdə müxtəlif regionlarda konsertlər vermiş, “Qanunda Qanundan Kənar” adlı albom layihəsində yer almışdır. 2011-ci ildə birliyi tərk edərək solo fəaliyyətə başlamışdır.

2012-ci ildə ilk solo albomu “Anomalia” işıq üzü görmüşdür. Həmin il Türkiyədə yayımlanan “Kurşun Kalem” ədəbi dərgisində onun “Yeyilmiş Pozan” adlı şeiri türk dilinə tərcümə edilərək çap olunmuşdur.

Albay Əfəndi Elariz Məmmədoğlu, İlhamə Quliyeva, Vahid Qədim, Səfurə Əlizadə və digər sənətçilərlə əməkdaşlıq etmişdir. O, eyni zamanda peşəkar səs rejissoru kimi AzTV və İctimai Televiziyada müxtəlif veriliş və layihələrdə çalışmışdır. Heç bir siyasi və dini təşkilata mənsub deyil.

Diskoqrafiya

Anomalia (2012)

Anomalia albomundan mahnılar:

Ümidlər ölmür (intro)

Vaxt gedir… (feat. Aysel Sadıqova)

Vətənim bədənimdir

Bundan artıq

Baş hərfi “N”

Adı dilimdə

Gülməşəkər (feat. Qurd)

Səs sal

Bitmədi dərdim

Elə belə

Sözü at (feat. PRoMete & Monk Sommbra)

Xarab toxum

33 pillə

MetAl (feat. PRoMete)

Fərqi yox (feat. Ceza 22)