Bölüm Altı

Bölüm Altı

"Həqiqət gün işığı kimidir, onu gizlətmək olmaz."
- Arthur Conan Doyle

Bölüm Altı

2016-cı il idi. Qaraqan ölkədən çıxıb getmişdi, mən isə şəhərdən uzaqlaşıb hərbi xidmətə yollanmışdım. Əsgərliyə könüllü getmiş kimi görünürdüm, amma içimdəki səbəb bir az fərqli idi. Düzünü desəm, buradan, bu mühitdən bezmişdim. Başımı götürüb harasa qaçmaq, nəfəs almaq istəyirdim. Düşünürdüm, bəlkə orada - bu xaosdan uzaqda - bir kitab yaza bilərəm. Hətta adını da düşünmüşdüm: *Həbirən Qeydlər.*

Hərbidə ikən yazmaq, mənim üçün artıq tək hobbi deyildi - bu, sağ qalmaq instinkti kimi bir şeyə çevrilmişdi. Əsgərlikdə olduğum müddətdə yazdıqlarımı təhlükəsiz saxlamaq üçün eyni mətnin bir neçə nüsxəsini hazırlayırdım. Yazdıqlarımı kağız bloknotlara qeyd edir, fürsət düşən kimi evə göndərirdim.

Günlərin birində yazılarımı tutdular. Bloknotu tapıb qarşıma qoydular. "Məşhur yazıçıyam, kitabım da var", - dedim, amma inandırıcı gəlmədi onlara. Komandir bloknotu götürüb rəfinə qoydu və dedi:
"Kitabını gətir, sübut et. Sonra qaytararıq."

"Kitab burdadır," - dedim. Əvvəlcədən evə göndərdiyim "Qaralama" adlı kitabımı gətirib göstərdim. Bu kitab kollec vaxtı yazdığım mətnlərin birləşməsindən ibarət idi. Amma bloknotu yenə də qaytarmadılar. Komandir onu öz rəfində saxladı, sanki yadigar saxlayırmış kimi. Qaytaracaqlarına inanmırdım. Məzuniyyətə çıxanda gizlincə komandirin otağına girib öz bloknotumu... "geri aldım." Kimisi buna oğurluq deyə bilər, mənə görə isə bu, haqqımı qaytarmaq idi.

Daha sonrakı prosesdə hərbi hissədən çıxartmaq üçün türkün məsəli o bloknotu soxmadığım yer qalmadı. Gah buşlatın cibinə, gah şalvarın, gah da ayaqqabımın içinə qədər gizlədirdim ki, birdən yoxlanış olsa altını vurmayım.

Kimisi başqalarının pulunu, kimisi də haqqını oğurlayır. Belə bir dünyada mən fikir oğrusuydum. Hərbi xidmətdə ikən qətiyyən başıma gələnləri yazmırdım. Düşüncələr və insan hisslərini qələmə alırdım. Məzuniyyətə gələrkən bloknotumu gizlincə götürüb gəldiyim üçün indi özümü daha rahat hiss edirdim və yazdıqlarımı bir neçə nüsxə olmaqla yazıb artırırdım. Hər yazını fərqli fərqli yerlərə gizləyirdim ki, biri tapılsa digəri xilas ola bilsin.

Bir gün yeməkxana rəisi olan gizir mənə yaxınlaşıb soruşdu:
- Məndən də yazacaqsanmı?

- Yox rəis, yazmaram, - dedim.

O isə bir az şübhə ilə baxıb, kinayə ilə güldü. Yanında dayanan çavuşa mızıldanaraq dedi:
- Qələt eləyir... Yazacaq. İndi olmasa da, 20 ildən sonra boş bekar qalanda oturub hər şeyi bir-bir yazacaq...

Şərhlər (6)

Fikir Bildir