"Yalnız risk edənlər, nə qədər uzağa gedə biləcəklərini kəşf edərlər."
- T.S. Eliot
Bölüm On Üç
Kitabı çapa verməzdən əvvəl bir neçə vacib qərar verməli idim. Onlardan biri də kitabın qiyməti ilə bağlı idi. Yazıçılığı pula görə etmirdim, əsas məqsədim oxunmaq idi. Hər zaman özümə bu sualı verirdim: "Oxucular nəyə görə məhz məni oxumalıdırlar?"
Ona görə də qərara gəldim ki, kitabımın qiymətini minimumda saxlayım. 3.50 AZN. Beləliklə, hər kəs asanlıqla əldə edib oxuya bilərdi. Lakin bilmirdim ki, gələcəkdə bu qərarım əleyhimə işləyəcək. Bəziləri "3 manatlıq kitab nə olacaq ki?" - deyərək, qiymətə baxıb yazının dəyərini ölçəcəklər. Bu da mənim gələcəkdə çap etdiyim bütün kitablar üçün qiymət siyasətimi dəyişdirməyimə səbəb oldu. Anladım ki, əgər bir kitab baha satılırsa, bu, o kitabın daha dəyərli olması demək deyil. Amma oxucu düşünür ki, baha kitab - yaxşı kitabdır. Və mən də buna uyğun hər yeni kitabda daha da güclü yazmalı olduğumu hiss etdim.
Yazar dostlarım bu qərarıma qarşı çıxmışdılar. "Kitab bazarını pozacaqsan," - deyirdilər. Onlara görə bazarda müəyyən bir qiymət standartı vardı və ondan kənara çıxmaq düzgün sayılmırdı. Amma mən standartlara çox da alışqan biri deyildim. Hər zaman fərqli yollar axtarmışam, yeni şeylər sınamaqdan qorxmamışam.
Dedim: Əgər bu bazar mənim qoyduğum qiymətlə çökəcəksə, elə yaxşısı budur çökə.
Risk etdim. Və... yanıldım.
İkinci məsələ isə "Qəfəsdəki Məhbuslar"la bağlı idi. Hərbi xidmətdə ikən yandırılan və sonradan yenidən yazmağa başladığım bu kitabı çap etməyə hələ hazır deyildim. Qorxurdum - birdən biri çıxar, bu kitabı məndən əvvəl çap etdirər. Ona görə də ağıllı bir qərar verdim: kitabın ilk 35 səhifəsini "Hərbidən Qeydlər"in sonuna əlavə etdim. Beləcə, oxuyan hər kəs növbəti kitabı səbirsizliklə gözləyəcəkdi. Və bu, baş verdi.
Üstündən beş ildən çox vaxt keçməsinə baxmayaraq, bu gün də Qəfəsdəki Məhbuslar haqqında yazanlar, soruşanlar var. Hər dəfə eyni sual:
- Nə vaxt çıxacaq?..
Mən isə səbir edirəm. Çünki bəzən bir kitabın yazılmasından daha vacib olan şey - onun doğru zamanda dünyaya gəlməsidir.
Şərhlər (1)