Hava günəşliydi.O qədər aydın idi ki, insanın içi təmizlənərdi bu işıqda , amma mənim içimdə nəsə çirkli, səssiz və görünməz bir ləkə kimi qalmışdı.Binaların kölgəsi belə kölgə deyildi , sanki özü də nur idi, amma saxta. Elə bir nur ki, özündən daha çox gizlətmək üçün yanırdı.

Ətrafdakı hər kəs eyni şeyi deyirdi, eyni tonda, eyni ritmlə, sanki öyrədilmiş kimi:

"Nə gözəl gündüzdü bu gün!"

Mən isə…bir az narahat idim.Narahatlıq dediyim adi bir sıxıntı deyildi , sanki içimdə bir yerə qapanmış bir yuxu ayılmaq istəyirdi, amma gözlərini aça bilmirdi.Əllərim üşüyürdü .Qızmar havada, barmaqlarımın içindən soyuq bir yel axırdı.Gözlərim durmurdu , sanki nəyisə görmək istəyirdi, amma o nəyinsə harada olduğunu unudurdu.Sanki nəyisə tanıyacaqmışam kimi baxırdım — tanımadığım, amma çoxdan unudulmuş birini.

İçimdə qəribə bir səssizlik vardı.Bu səssizlik sükut deyildi, bu – hər şeyin səsini udan bir boşluq idi.Elə bil bir qapı açılmışdı və içindən heç nə çıxmırdı… yalnızca soyuq, sonsuz və mənasız bir boşluq.Nəfəslərim məna daşımırdı. Addımlarım ritmsiz idi. Amma yenə də yol gedirdim.

Gedirdim... hara olduğunu bilmədən.Səbəb yox idi.

Amma biz insanlar hər şeyə izah tapmağa məcburuq, elə deyilmi?

Ona görə düşündüm: “bəlkə yorğunam.”

Bəzən insan sadəcə yorğun deyil, köhnəlir sanki. Bəzən ruh bədəni daşımaqdan imtina edir.Yorğunluqla bədən sakitləşir. Bu isə... başqa cür yorğunluq idi.Sanki mən bu şəhərin çölündəydim.Amma öz bədənimin içində də deyildim.Sakin addımlarla yeriyirdim.Çiyinlərim dik, baxışlarım təmiz, amma baxdığım hər şey bulanıq idi – təkcə gözlə deyil, ruhi bir dumanla örtülmüşdü hər tərəf.Marketlər açıq, uşaqlar oynayır, kimsə bir stəkan çay içirdi.Amma hər kadrda qəribə bir donmuşluq vardı – sanki həyat sadəcə rol idi.

Mən isə... kamerası görünməyən bir səhnənin içindəymişəm.

Və qəfildən...

bir adam qarşımı kəsdi.

Sakit, ciddi, tanımadığım, amma sanki illərlə mənim içimdə yaşamış bir kölgə kimi.

Heç bir söz demədi.

Sual vermədi.

Sadəcə cibindən bir kağız çıxarıb mənə uzatdı.

Əlini çəkəndə barmaqları əsmirdi , amma mənimkilər dərhal üşüdü.

Kağızda sadəcə bir cümlə vardı:

“Sən 43-cü adamsan.”

İlk baxışda mənasız görünürdü.

Amma sətirə baxdıqca, o sözlər böyüməyə başladı.

Sanki cümlə kağızdan çıxıb beynimə keçir, divarları dırmaşır, səs kimi içimdə dolaşırdı.

Duruxdum.

O an bütün şəhər dayanmış kimi hiss etdim , yalnız kağızdakı sətir nəfəs alırdı.

Nə demək idi bu?

Sual vermək istədim. Ətrafa baxdım.

Adam yox idi.

Yoxluğu belə sıradan bir yoxluq deyildi – iz buraxmayan, toxunulmamış bir yoxluq idi.

Sanki o, heç gəlməmişdi.

Sanki kağız özü mənim cibimdə yaranmışdı.

Kağızı qatladım.

Addımladım.

Amma içimdə bir buzlaq çatladı.

Sözlər beynimdə dönürdü:

“Sən 43-cü adamsan.”

Bəs digərləri? Onlar hanı? Onlar niyə danışmadı? Onlar niyə yox oldu?

Mənim növbəm hardan başlamışdı?

İnsanlar yenə gülürdü .Gah tək, gah bir-birinə baxmadan.Gülüşlərin içi boş idi.Sanki bu insanlar gülüşlərini çoxdan itirmiş, indi isə sadəcə gülüşün səsini təqlid edirdilər.

Mən isə içimdə qaranlıq bir sual daşıyırdım :

Mən bu şəhərə nə vaxt gəlmişdim? Mən bura necə düşmüşdüm?

Əgər mən 43-cü idimsə, deməli burda məndən öncə 42 nəfər yoxa çıxmışdı.

Ertəsi gün eyni küçədən keçdim.

Həmin saatda.

Həmin işıqda.

Bu dəfə bir qadın qarşımı kəsdi.

Əli boş idi, amma baxışlarında mənə məlum olmayan bir həqiqət vardı.

Qarşıma keçib, öz adını demədən, yalnız bunu söylədi:

 “Səni artıq görə bilirsənsə… gec deyil.”

Bu sözlər içimdə qapılar açdı.

Mən indi görürdüm — hər şeyin arxasındakı görünməyən qatları.

İşığın içində gizlənən kölgələri.

Qadın bir addım yaxınlaşdı, və pıçıldadı:

“Sən 43-cü idin. 44-cü indi doğulur.”

Sözlər bitdi.

Qadın getdi.

Hava dəyişmədi.

Günəş ordaydı.

Amma içimdə qaranlıq çökdü.

Güzgüyə baxmaq istədim.

Qorxaraq.

Çünki bilirdim: orda ya mən olmayacam, ya da mən yalnız olmayacam.

Səhəri gün güzgünün səthində tək bir cümlə yazılmışdı:

“Sən artıq yoxsan.”

"43-cü adam həmişə sən idin – sadəcə bu dəfə, o bunu bilməyə başladı.”


Əziz oxucular, əgər son sətirə qədər oxuyub zehninizdə sual işarələri ilə rastlaşdınızsa, bunun özü bir işarədir. Bu hekayənin dedektiv məzmunda bir seriyaya çevrilməsini istəyirsinizsə və ya başqa təklifləriniz varsa, şərhlərdə bildirə bilərsiniz. Kim bilə bilər bəlkə də ,43-cü adam ruhunuzun dərinliklərində kəşf edilməyi gözləyir. 

Öncəki bölüm Növbəti bölüm