O gecə güzgüdəki cümlə silinmədi.
“Sən artıq yoxsan.”
Sadə, soyuq, kəsici… sanki təkcə yazılmamışdı, həm də ürəyimə mıxlanmışdı.
Əlimi uzatdım, silmək istədim… barmaqlarım şüşəyə toxundu, amma şüşə toxunmadı.Əlim ordaydı, amma toxunuş yox idi.Sanki şüşə artıq maddə deyildi, sanki yaddaşın şəklini almışdı və heç nə onu keçə bilməzdi.
Sanki buz idi, amma yanmırdı.
Sanki boşluq idi, amma düşmürdüm.
Sanki güzgü artıq məni əks etdirmirdi.
Məni unudurdu. Və ya… artıq tanımırdı.
O sadəcə baxırdı.
Nəfəs almadan. Göz qırpmadan.
Tamaşaçını içində udan səssiz bir səhnə kimi.
Mən gözümü çəkmədim.O da çəkmədi.
Əslində, bu güzgü deyildi – bu bir göz idi.
Yalnız baxmaq üçün yaradılmış bir göz.
Və baxdığı hər şeyin içini görmək üçün.
Kimin gözüdür, deyə düşünəndə bir pıçıltı gəldi:
Əvvəl sanki qulağımın dibindən keçdi, sonra içimdən.
Sonra isə… mənim öz səsimə bənzədi.
“44-cü qapı açılıb.”
Qapı?
Harada?
Mən artıq evdə deyildim.
Divar yox idi. Tavan yox idi. Zaman yox idi.
Məkan yoxa çıxmışdı. Amma şüur buradaydı.
Zamanın dayandığı, məkanın donduğu bir yerdə, yalnız varlığın qırıntısı kimi mövcud idim.
O qaranlıq bir yoxluq deyildi.Əksinə, hər şeyin içində olduğu, amma heç bir şeyin görünmədiyi dolu bir boşluq idi.Qaranlığın içindən nəfəs almaq çətin idi.Çünki hava yox idi. Amma nəfəs vardı.
Ətrafda heç nə yox idi ,amma heçlik bu qədər mənalı görünməmişdi.
Qorxu burada işləmirdi.Bu yer qorxunu udacaq qədər qədim idi.
Sadəcə... səssizlik vardı.
Amma o səssizlik… sükut deyildi.
Bu səssizlik əvvəldən bəri susanların səssizliyi idi.
İçində əsrlərin, həyatların, ömürlərin qışqırıqla susduğu bir səssizlik.
Səssizliklə tikilmiş bir yerdi bura.
Sanki bu yerin memarı… keçmiş idi.
Qarşıda bir işıq yandı.
İşıq dedimsə, tam aydınlıq yox.Elə bil bir köhnə lampanın son nəfəsiydi, ölməyə çəkinən, sönməkdən utanmış bir parıltı.
O işıq altında bir qapı vardı.
Adi bir qapı.
Heç bir iz, heç bir nömrə, heç bir ad yox idi.
Əvvəldən bəri var olan, gözləyən, dinməz duran bir qapı.Amma içimdəki səs özünü yavaş-yavaş büruzə verirdi.Birmənalı, tərəddüdsüz, əmr kimi, sanki özüm özümə deyirdim:
“Bu, 44-cü qapıdır.”
Qapıya yaxınlaşdım.
Addımlarım sanki yerə yox, zamana dəymişdi.
Əlimi qapıya uzatdım.
Barmaqlarım titrəmirdi.
Amma qapı... məni hiss edirdi.
Taxtadan deyildi bu.
Bu qapı mənim unutduğum hisslərdən düzəldilmişdi.
Yenə də tanış idi – elə bil uşaqlıq qorxularımın arxasında həmişə bu qapı dayanırmış.
Əllərim toxundu, amma sanki mən qapıya deyil, özümə toxunmuş oldum.
“Sən içəri girəndə, səndən çıxanı tanımayacaqsan.”
bunu içimdəki nəsə dedi.
Bu, qorxu deyildi.
Bu, təslimiyyət idi.
Bu, “mən artıq əvvəlki deyiləm” demək qədər sakit, dərin və ağır bir gerçəklik idi.
Sanki içimdəki bütün “mən”lər bir-bir geri çəkilir, yeni bir “mən”ə yer açırdı.
Və mən qapını açdım.
İçəridə otaq yox idi.
Tavan, divar, döşəmə – heç biri yox idi.
Sadəcə... səs vardı.
O da mənim öz səsim idi.
Uşaq vaxtı dediyim cümlələr, ağladığım anlar, pıçıltılar, susduğum günlər...
İçimdə gömülü qalan, səssizcə yığılıb illərlə qucağımda yatmış bütün səslər bir-birinə qarışmışdı.
İçimdən çıxıb mənimlə üz-üzə dayanmışdılar.
Onların gözündə məni görürdüm ,amma mən öz gözlərimdə artıq özümü tapa bilmirdim.
Bu yer bir xatirə otağı deyildi.
Bu – səsin özünün canlandığı bir məkanı idi.
Bəzən insan içindəki səsləri eşitmək istəmir.
Bəzən isə... o səslər artıq susmaq istəmir.
Və ortada bir masa göründü.
Masada 43 kağız.
Hər biri nəfəs alırdı.
Bəli, kağızlar nəfəs alırdı.
Onlar canlı idi.
Onlar... mənə bənzəyirdi.
Hər kağızda bir üz, bir həyat, bir yoxluq vardı.
Və bir boş yer.
44-cü.
Kağızlar fısıldayırdı.
Sanki kainatın içində unudulmuş dualar idilər.
Sakitcə, amma sarsıdıcı bir əmr tək:
“Biz keçmişik. İndi sən.”
Mən masaya yaxınlaşdım.
Əlimi uzatdım.
Kağızlar məni tanıyırdı.
Onlar məni daha əvvəl də görmüşdülər – bəlkə də mən hələ doğulmamışdan.
Əlim bir kağıza toxundu…və kağız məni uddu.
Sadəcə çəkmədi.Məni mənim içimə atdı.
Sanki bu dünya mənim içimdə imiş, və mən sadəcə gecikmiş bir qonaq olmuşam.
Birdən…
Gözlərimi açdım.
Evdəyəm.
Əşyalar yerində.
Divarlar, saat, qoxular, səssizlik – hər şey eyni.
Amma mən yerimdə deyildim.
Bədənim bura məxsus idi… ruhum isə artıq o masadakı kağızlardan biri olmuşdu.
Güzgü qarşısındayam.
Amma artıq güzgüdə mən yoxam.
Orda başqa bir adam var.Mənə baxır.
Tanımıram. Amma o... məni tanıyır.
Tanımaqdan da dərin – içimdən doğulub, yerimi almışdı.
Və güzgünün üstündə yeni bir cümlə:
“44-cü doğuldu. 45-ci hazırlaşır.”
“Sən hekayənin oxucusu deyilsən sən növbə gözləyən nömrəsən.
Çünki bu hekayə səni bir gün oxuyacaq. Səni seçəcək. Səni yazacaq.”
Öncəki bölüm | Növbəti bölüm |
Şərhlər (3)