Adını İtirən Adam

(Adını unutduğun an səni oxuyan bir nəfəs səni xatırlamağa başlayar…)

Divarlar yox olmuşdu.Lakin yoxluqları belə yerində iz buraxırdı.Sanki bir zamanlar məni qoruyan bu dörd divar,indi yaddaşımın içində küncə çəkilmiş,susqun şahidlərə çevrilmişdi.Qaranlıq hələ də mənimlə idi,amma bu dəfə məni qorxutmaq üçün yox,öz daxili dünyama aparmaq üçün.İçimdə bir titrəmə vardı amma bu qorxudan yox,yanılmaqdan, itirməkdən, unutmaqdan yaranan titrəmə idi.Sanki nə baş verirsə  mənimlə yox,mənim içimdə baş verirdi.

Kağızlar…daha danışmırdılar.Nə bir səs, nə bir pıçıltı.Amma onların susqunluğu belə qulaq batırıcı idi.

Hər səhifə, bir dəfə yazılıb cırılmış,

bir dəfə sevilib sonra unudulmuş,

bir dəfə oxunub sonra yox sayılmış hisslərdən ibarət idi.

Amma ən qorxuncu hələ heç yazılmamış olanlardı.Kağızlar danışmadı,amma mən onları anlamağa çalışdım.Sanki onlar məndən incimişdi.

"Niyə bizi yazmadın?" deyirdilər.

"Niyə bu qədər uzun susdun?"

Və mən cavab tapa bilmirdim.

Çünki o cümlələri heç vaxt özümə belə deməyə cəsarət etməmişdim.Və özünə demədiyin heç bir cümlə  səni sağaltmaz.

Otağın ortasında nə güzgü vardı, nə də kölgə.Amma hava o qədər şəffaf idi ki,öz baxışımı belə havanın içindən oxuya bilirdim.Sanki zaman yox olmuşdu,məkan isə təkcə bir nəfəs qədər yaxın idi.Nə saat vardı, nə də səssizlik hər şey yalnız bir nəfəsə çevrilmişdi.

Divarda asılmış çərçivə bomboş idi.Amma həmin boşluq  heç də mənasız deyildi.O boşluq içindəki sirri açmağa çalışan bir nəfər vardı.O boşluq  mən idim.

Hələ boyanmamış bir rəsim,

hələ ad qoyulmamış bir uşaq,

hələ başlanmamış bir roman…

Və mən anladım:

Bəzən varlığını sübut etmək üçün bir çərçivəyə deyil,

öz içində dirçəlişə ehtiyac var.

Masanın üzərindəki ekran yandı.

Sadə, parlaq, soyuq bir yazı:

 “Adını yaz.”

O cümlə bu qədər sadə olmamalıydı,amma içindəki yük  bütün həyatım qədər ağır idi.Barmaqlarımda gəzən əsəb  qorxu yox,məsuliyyət idi.Çünki bu dəfə yazacağım ad məni bir daha susdurmayacaq.Əksinə,məni yaşadacaq.

Əvvəl "S",sonra "ə","n",və "s"...

Qələm yox idi,amma hər toxunuş sanki bir damla qana çevrilirdi.

“Sənsiz” sözü ortaya çıxırdı…amma tamamlanmadı.

Ekran söndü.

Ardınca bu cümlə peyda oldu:

“Sənsiz deyə bir ad yoxdu. Sən olan yerdə ad yazılar.”

O an başa düşdüm…

Sənsizlik ad yoxluğu deyil, mənliksizlikdir.Mən yazmağa başladığım an adımın ilk hecası ortaya çıxdı.Qaranlığın içindən səda gəldi.Səssiz bir sükut idi bu.Səsi eşitmədim, sadəcə duydum.

Əgər adını sən yazmasan,

o ad bir gün səhv oxunacaq.

Səni sən etməyən birisi,

səni kiminləsə səhv salacaq.”

Bu sətirlər qəlbimdəki susqunluğu sarsıtdı.Məni unutmaq qorxulu deyildi.Məni kimsənin yanlış tanıması  o idi əsl faciəünki insanın adını bir dəfə başqası yazarsa,onun kimliyi qələmdə yox,gözlərdə ölür.

Qapı səssizcə açıldı.Səs yox idi,amma bütün otaq nəfəs aldı.Məndə sanki yenidən xəyala daldım.Qapının arxasından açılan yol yad deyildi mənə.Mən bu yolu bir dəfə yuxumda görmüşdüm.Və indi onu ayaqla keçmək mənə qismət idi.

Yolun sonunda bir daşın üstündə əl yazısı ilə cızılmış cümlə vardı:

 “Adını yazdın – bəs kim olmaq istəyirsən?”

Əllərim titrədi.Əgər bu sual verilirsə,demək ki, mən hələ bu yola çıxmağa hazır deyiləm.Adım var,amma kimliyim  hələ bəlli olmayıb. 

“Əgər adın yoxdursa, səni unutmazlar –səni heç tanımazlar.Amma bir ad yazsan —o ad bir gün bir sətirdə səni yad edəcək.Həmin sətir isə…sənin öz dilində yazılmış qurtuluş olacaq.”


🔖 Davamı gəlir: Bölüm 6 – Yaddaşa Yazılan

Hər ad yazılır,amma bəziləri kitabda yox,ürəkdə qalır.Silinməyənlər  yalnız ürəklə yazılanlardır.


Öncəki bölüm Növbəti bölüm