(Hər sətir – susmuş bir həqiqətin izidir)

“45-ci iz tamamlandı. Amma hələ başlanğıcındasan.”

Güzgünün içində bu sözlər alışdı.

Oxunmadı – mənə yazıldı.

Sanki illərdir içimdə susan, adı olmayan cümlələr bir partlayışla yerə töküldü.

Ətraf qaranlıq deyildi.Amma heç bir işıq da yox idi.

Bura nə dünəndi, nə sabah…öz-özümün qarşısında titrədiyim bir an idi.Masanın üzərindəki güzgü yox olmuşdu.Əvəzində ağzı açıq, içindən sükut sızan bir taxta qutu dayanmışdı.

Üzərində bir söz:

“Səni oxuyan... səni yazacaq.”

Əlimi uzatdım.Toxunmadım  amma qapaq özü açıldı.

İçindən işıq yox, sarsıdıcı bir yaddaş çıxdı.

Qutudan çıxan kağızların hər biri bir xatirə idi.

Cırılmış, suya düşmüş, yanmış, üstündən keçilmiş…

Amma ən qorxuncu hələ yazılmamışı idi.

Kağızda bir cümlə bəlli oldu:

“Sən indi yazılmağa başlanırsan.”

O anda divarlardan səs gəldi.Sanki otaq nəfəs alırdı.Pilləkanlar yarıldı, bir qapı açıldı, içindən kölgə kimi nəfəs alan bir versiyam çıxdı.

 “Əgər yazmazsan... səni yazacaqlar.Əgər yazılmaqdan qorxursansa,onda sənin yerinə danışacaq kimsə onsuz da var.”

Masanın üstündə ağ kağız.Əlim qələmi tutmamışdan əvvəl barmaqlarımdan qan axdı.Çünki bu  sadə yazı yox, özünü başdan yaratmaq idi.

Birinci cümlə titrəyə-titrəyə yazıldı:

 “Məni yazmağa başlamadığın hər gün, bir az daha yox olursan.”

Güzgü yenidən göründü.

Bu dəfə üz yox idi sadəcə bir cüt göz baxırdı.

Sənə baxmırdı.

Səni içindən izləyirdi.

Divar açıldı.

İçəridə bir ekran yanırdı.

Bir sual:

“Adını seç: _____”

Yazdım: "Yazar", "Oxucu", "Nömrə", "Səs"...

Heç biri qəbul olunmadı.

Ekranda cavab çıxdı:

 “Adın yoxdur.

Çünki hələ başlamamısan.”

Səssiz bir partlayış oldu.

Bütün divarlar dağıldı.

İçimdə min səs çırpındı.

Və bu söz qapının üstünə yazıldı:

 “Sən bu cümləni oxudunsa,

deməli artıq yazılırsan.Amma bu dəfə bir fərq var…

Qələmi sən tutursan.Və o qələmdə sətirləri tamamlayan —sənin itirdiyin adındır.”


🪶 Növbəti Bölümdən qısa məlumat: Adını İtirən Adam

Səni yazmağa çalışan biriylə sənin kimliyini silən biri eyni cümlədə görüşəndə nə baş verər?

Bölüm 5 yoldadır...


Öncəki bölüm Növbəti bölüm