ABD Mali Kələntərli- kimdir? Həyatı, yaradıcılığı,fəaliyyəti
Həyatı
Malik Kələntərli 27 yanvar 1978-ci ildə Bakı şəhərində anadan olub. Atası Xəyyam Kələntərli Məlik oğlu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında quruluşçu rejissor vəzifəsində çalışıb. Anası Səidə Cavadova İmanqulu qızı Azərbaycan Memarlıq və İnşaat Universitetində fəlsəfə və tarix fənləri üzrə müəllim olub. Ailənin tək övladıdır.
Təhsili
Orta təhsilini Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbdə alıb. Məktəb illərində diskotekalarda və müxtəlif tədbirlərdə DJ və aparıcı kimi fəaliyyət göstərib. 1995-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat İqtisadiyyatı fakültəsinə daxil olub. Universitetdə təhsil alarkən Miri Yusiflə eyni qrupda oxuyub və onunla yaxın dostluq münasibətləri qurub. Həmin dövrdə gələcək Dəyirman qrupunun digər üzvləri ilə də tanış olub.
Fəaliyyəti
1999–2002-ci illərdə ANS Şirkətlər Qrupuna daxil olan VVS şirkətində səs rejissoru kimi çalışıb. 2001-ci ildə universiteti magistr dərəcəsi ilə bitirsə də, ixtisası üzrə fəaliyyət göstərməyib. Elə həmin il hərbi xidmətə yollanıb. 2003-cü ildən etibarən reklam agentliklərindən birində yaradıcı direktor vəzifəsində çalışır. Ailəlidir, iki övladı var.
Karyerası
Malik Kələntərli musiqi karyerasına 1996-cı ildə Dəyirman rep qrupunun tərkibində başlayıb. Qrup bir-birini əvvəldən tanıyan yaxın dostlar tərəfindən yaradılmış və Azərbaycanda fəaliyyət göstərən ilk rep qruplarından biri hesab olunur. Qrup ilkin olaraq GGG-ailəsi adlansa da, sonradan Dəyirman adını alıb.
Ən populyar vaxtı
Dəyirman qrupunun geniş populyarlıq qazanması müğənni Leyla ilə birlikdə ifa etdikləri “Sarı gəlin” xalq mahnısına çəkilmiş klipdən sonra baş verib. Qrup Azərbaycan xalq və uşaq mahnılarını rep üslubunda remiks edərək fərqli musiqi xətti formalaşdırıb. Dəyirmanın ən təsirli və yadda qalan əsərlərindən biri Qarabağ müharibəsinə həsr olunmuş “Ya Qarabağ, ya Ölüm” mahnısıdır.
2007-ci ildən sonra ABD Malik solo karyerasına başlayaraq musiqi üslubunu əsasən R&B və Soul janrlarına yönəldib. Bu dəyişiklik həmin dövrdə bu musiqi üslublarının Azərbaycanda tanınmağa və sevilməyə başlaması ilə əlaqələndirilir.
Qrup tərkibində:
Az@rimeyk
Qurd
Gözümüz sözdür
Corc Buş haralıdır?
Atmosfer
Bərk sürən
Çata bilim

Şərhlər (0)