Bölüm Doqquz

Bölüm Doqquz

"Ən böyük ağaclar, ən güclü fırtınalardan sonra böyüyür."

- Anonymous

Bölüm Doqquz

Əsgərliyin qəribə bir qanunu var: "Birimiz hamımız üçün."
Amma nə qəribədir ki, bu ifadə ən çox cəza zamanı xatırlanırdı. Bir əsgərin səhvinə görə bütün bölük əziyyət çəkərdi. Amma bir əsgər təltif alsa, bu prinsip unudulardı. Nə "birimiz hamımız üçün" deyilərdi, nə də digər əsgərlərə təşəkkür düşərdi. Birinə əlavə məzuniyyət verilsə, başqa heç bir əsgərə də buraxılış verilməzdi. Sanki bu cür deyimlər zəif insanları idarə etmək üçün qurulan, şüuraltı manipulyasiya üsulları idi.

Günlərdən birində əsgərlərdən biri zastava rəisinə cavab qaytardığı üçünrəisin beyni çöndü və nə qədər dəftər-kitab varsa hamısını yandırdı. Gözlərimin qarşısında - alışıb-yanan kağızlar arasında - mənim Qəfəsdəki Məhbuslar kitabını yazdığım dəftər də vardı. Yazarkən zarafatla demişdim: "Bu kitab Netflix-ə çıxacaq." İndi isə, o xəyalım - gözümdə yüz min dollarlıq ssenariyə çevrilmiş kitabım - tüstü olub göyə qalxırdı. Mən isə susurdum. Çünki orada etiraz səsi yalnız kağızın alışan xışıltısında boğulurdu.

Yandırılan əşyalardan sonra sonra günahkar əsgər üzr istədi, sıra dağıldı. Mən isə yanan vərəqlərin qarşısında durub baxdım. Üzərinə xəyal qurduğum o vərəqlər, indi külə çevrilirdi.
Bəs nə etdim? Təslim oldummu?
Xeyr. Təslim olmadım.

Oturub yenidən yazmağa başladım. Qəfəsdəki Məhbuslar və onun davamı olan dörd kitabın qısa süjet xəttini bir-bir yaddaşımdan kağıza tökdüm. Özümə söz vermişdim: yenə yandırsalar, yenə oğurlasalar, yenə yazacaqdım. Mən bu mübarizəni yarımçıq qoymaq üçün başlamamışdım.

Bu gün kitablarımın hamısını oxuyan oxucular bilir: mənim ən dəyərli, ən içdən yazdığım və uğrunda ən çox mübarizə apardığım əsər - məhz budur. Bu kitab. Çünki mən çox yaxşı bilirəm: nə yolla olur-olsun, bu kitab bir gün Netflix ekranında olacaq.

Gecələr yatmazdan əvvəl bir xəyal qururdum:
Oxucularım olacaq. Həftəlik, gündəlik mənim yazdıqlarımı gözləyəcəklər. Hər bölüm bitəndə növbətini səbirsizliklə gözləyəcəklər.

Və bu gün, siz buradasınızsa - bilin ki, bu təsadüf deyil. Siz, 19 yaşlı bir əsgərin qurduğu xəyalın gerçəyə çevrilmiş parçasısınız. Özünüzlə qürur duya bilərsiniz. Çünki mən sizinlə qürur duyuram.

Öz arzuma sadiq qalaraq əlimdən gəldiyimin ən gözəlini səmimi bir formada sizlərə təqdim etməkdən dəyərli nə ola bilər?

Şərhlər (2)

Fikir Bildir