Uğur qapıdan qovursa pəncərədən girməlisən.
Henry Ford
Bölüm On iki
Aralarında ən birinci işə qəbul olan mən idim. Şəmil Sadiq məni daha yaxından tanımaq üçün digər filiallara deyil, öz yanına işə götürdü. Biləndə ki, Hədəf liseyinin 5-ci mərtəbəsində interaktiv elm muzeyi yerləşir, Şəmil Sadiqə yaxınlaşaraq xahiş etmişdim ki, mənim muzeylərə qarşı çox böyük marağım var, boş zamanlarımda bura gələ bilərəmmi? Bu istəyimin qarşılığında mənə o muzeyin baş laborantı təyin etmişdi. Beləliklə, liseyə gələn şəxsləri ilk öncə 5-ci mərtəbəyə qaldırırdıq. Orada onları mən qarşılayırdım və eksponatları mən təqdim edirdim. Lakin elm adamları və ya alimlər gələndə, işi həqiqətən öz mütəxəssislərinə buraxaraq arxa planda qalırdım. Ona görə ki, hansısa sözü səhv desəm, onların yanında biyabr ola bilərdim. Təbii ki, gələn qonaqların içərisində ən çox uşaqların diqqətini çəkə bilirdim. Bununla yanaşı Hədəf kurslarının futbol çempionatı da mənə tapşırılmışdı ki, həm təşkilatçılıq, həm də hakimlik edim. Özüm də başa düşürdüm ki, bu qədər zəhmətin qarşılığında bir şeylər istəməliyəm. Amma nə, pul? - xeyr, pul deyildi ağlımda olan, amma pulsuzluq da qabağımı çox kəsirdi. Hədəf nəşriyyatı sayəsində öz kitabımı çap etdirmək istəyirdim.
Günlərdən bir gün Şəmil Sadiqin otağına qalxdım və içəri keçmək üçün icazə aldım. Məni görüb çox təəccübləndi. Dedim ki, əsgərlik vaxtı bir kitab yazmışdım, istərdim ki, onu çap edim. Əgər sizin də dəstəyiniz olarsa çox istərdim bu kitab çap olunsun.
Həvəsimi qırmamaq üçün dedi ki, hələ gəncsən, inşallah bir gün çap etdirərsən deyib məni qapıya kimi yola saldı.
Özüm də yaxşı bilirdim ki, uğur səni qapıdan qovursa, pəncərədən girməlisən.
Mən də belə etdim. "Hərbidən qeydlər" kitabındakı ən gözəl yazılarımı toplayıb bir neçə gün sonra təkrar yanına çıxdım. Dedim ki, "gəlin bu kitabı çap edək, satılmasa sizin yanınızda qalıb 3 ay pulsuz işləyəcəyəm". Özüm də bilirdim ki, satılacaq.
Güldü və dedi ki: "Ə Emin, sənin pulun mənim nəyimə lazımdır, onsuz da maaşını mən verirəm. Bunun əvəzində dedi ki, mən nəşriyyata zəng vuracam, sadəcə kitabın səhifə qiymətinə çap etdirərik. Pulu da hissə-hissə ödəyərsən."
Beləcə, kitabı çap etdirmək üçün razılığını almışdım. İndi isə sırada mənidaha çətin bir mərhələ gözləyirdi...
Şərhlər (1)